Şuşa Azərbaycanın, Qarabağın gözüdür - DEPUTAT ŞƏRH ETDİ

"Bildiyimiz kimi, Şuşa 28 ildən çox düşmən tapdağı altında qalıb. Amma öz əzəmətini və vüqarını itirmədi. Şuşa təkcə Azərbaycanın deyil, Cənubi Qafqazın da mədəniyyət beşiyi olub, oranın konservatoriyası olub". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva bildirib.

Onun sözlərinə görə, Şuşa Ulu Öndər Heydər Əliyevin Azərbaycana ilk hakimiyyəti dövründə də bərpa edilib, Azərbaycanın görkəmli şairi Molla Pənah Vafiqin məqbərəsi tikilib: "Ermənilər işğal dövründə Şuşadakı demək olar ki, bütün dini-tarixi abidələrimizi dağıtdılar, hətta Şuşanın adını belə dəyişmək istədilər. Lakin Şuşanın ruhunu sındıra bilmədilər. Müzəffər ordumuzun əsgərləri Şuşanı azad etdi, onu əsl sahiblərinə qaytardı. Ümumiyyətlə, Azərbaycanı Şuşasız təsəvvür etmək olmaz. İşğaldan azad edildikdən sonra ölkə başçısı mütəmadi olaraq Şuşada həyata keçirilən quruculuq işləri ilə yaxından maraqlanır, bir çox tikililərin açılışında iştirak edir, tarixi abidələrimizi ziyarət edir, məktəblərin, xəstəxanaların, yaşayış binalarının təməl daşını qoyur. Şuşa quruculuq-bərpa işlərindən sonra təkcə regionda deyil, bütün dünyada ən gözəl şəhərlərdən birinə çevriləcək. Azərbaycan Prezidenti müharibə bitdikdən sonra Şuşanı mədəniyyət paytaxtı elan edib. 2022-ci il Şuşa ili elan edildi. Şuşada müxtəlif tədbirlərin, festivalların keçirilməsi nəzərdə tutulub. Şuşanın 270 illiyi böyük təntənə ilə keçiriləcək. “Xarıbülbül” musiqi festivalı keçirilir. Burada xarici ölkənin yarışmaçıları da iştirak edəcəklər. Festivala xariçi qonaqların gəlməsi də gözlənilir. Bu festival dünyaya bir daha onu göstərəcək ki, bu ecaskar və müqəddəs şəhərin əsl sahibləri azərbaycanlılardır. Onlar da bu gözəlliklərin şahidi olurlar. Onlar da anlayırlar ki, Şuşa Azərbaycanın, Qarabağın gözüdür".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə