“Gözüm aydın“ qəzəli gənc bəstəkar Hakim Məmmədlinin yaradıcılığında

Gənc bəstəkar Hakim Məmmədlinin “Gözüm aydın” adlı romansı Azərbaycan Bəstəkarlar İttifaqında, dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş “Gənc bəstəkarların kamera-vokal əsərlərindən ibarət “Nizami və musiqi” adlı konsert proqramında səslənib. Romansı konsertmeyster Rəhimə Qubanovanın pianoda müşayiəti ilə, ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikası Babək rayon Zeynəddin kənd uşaq musiqi məktəbinin müdiri, tenor səsli İlkin Abdullayev ifa edib.

Proqram çərçivəsində, konsert tədbirini giriş sözü ilə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti, professor Firəngiz Əlizadə açaraq Prezident İlham Əliyevin sərəncamı ilə 2021-ci ilin Azərbaycan Respublikasında Nizami Gəncəvi ili elan olunduğu haqqında məruzə etdi. O, il ərzində bu mövzu ilə bağlı, konsert salonunda dəfələrlə müxtəlif səpkidə tədbirlərin - elmi konfrans çərçivəsində maraqlı məruzələrin dinlənildiyini söyləyərək, gənc bəstəkarların da bu mövzuda Nizami dühasından qidalanaraq yeni əsərlərin yaradılması üçün şərait yaradıldığını qeyd edib.

Tədbirdə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutnun “Nizamişünaslıq” şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Təhminə Bədəlova çıxış edərək Nizami Gəncəvi yaradıcılığının bəşəriyyət üçün xəzinə olduğunu, Azərbaycan torpağının geniş zəkalı fərdlər yetişdirib dünyaya tövhələr ve\rtdiyini dəlil sübutları ilə təsdiqləyib. Nizamişünas alim dünyanın hər bir guşəsində Nizami poeziyasına sevgi, varislik borcunun doğurduğu müqəddəs hiss ilə yeni əsərlərin yaradılmasından, Nizami poeziyasına geniş kütlə sevgisinin təzahüründən danışıb.

Tədbir qarşılıqlı diskussiya formatında davam edərək növbəti estafeti gənc bəstəkarların ifasında Nizami qəzəllərinin düzgün ifadəli təqdiminə və onların musiqili əsər formasında icrasına yönəldib.

Mətnli musiqili əsərlər ardıcıllığında 7-ci sırada duran Hakim Məmmədlinin “Gözüm aydın” adlı tenor və piano üçün ərsəyə gətirdiyi romansında, bəstəkar qəzəlin mətn mövzusuna uyğun melodik qurumlar yaradıb, onları tamamilə düzgün sintez edib, qəzəl misralarındakı sözləri dəqiq vurğularla ifadə edərək musiqiyə köçürüb. Vokal ifaçı İlkin Abdullayev isə gözəl lirik tenor səsi ilə oxu qanunlarına riayət edərək əsəri dinləyicilərə çatdırıb.

Gənc bəstəkar Hakim Məmmədli bəstəkarlıq fəaliyyəti zamanı özünün ömür sirdaşı Azərbaycan milli musiqi aləti tarın pərdələrindən süzülüb ətrafa nur ələyən muğamların daxili quruluşunun nəzəri cəhətlərini gözəl bildiyindən digər janrlarda yazdığı əsərlərlə yanaşı hazırda geniş tamaşaçı kütləsinə ərməğan etdiyi “Gözüm aydın” adlı Nizami Gəncəvi qəzəlinə həsr etdiyi romansında “Bayatı-Şiraz” muğam səs düzümü fonunda Müxalif pərdəsinə kulminasiya hissəsində müraciət edərək əsərin verilmiş söz mətninin ruhuna uyğun izdihamlı səslənməyə nail olur.

Bildiyimiz kimi ezoterik dini və fəlsəfi cərəyan olan təsəvvüf elminə uyğun sufi şairlər sirasında duran Nizami Gəncəvi təsəvvüf ədəbiyyatı sahəsində ölməz əsərlər yaradıb. O, öz şeirlərində tarixə, müqəddəs dinə, hikmətə, riyaziyyata, astronomiyaya dair geniş məlumata sahib olub, musiqi elmi sahəsində də geniş bilik qazanıb. Bu baxımdan onun qəzəlləri düşündürən, duyğusal və musiqilidir.

Hər bir mövcud bəstəkar əsərlərinin dinləyici kütləsi tərəfindən rəğbətlə qarşılanması və sevilərək dünya durduqca hafizələrdə yaşaması üçün, müğənni-xanəndə-vokal ifaçının rolu böyükdür. Və hər bir mətnli əsər, onun ilk müğənni ifaçısının səs tembrinin əsasında təqdim edilərək yaddaşlara həkk olunur. Bu baxımdan tenor səsli İlkin Abdullayev romansın söz mətninin düzgün tələffüzü ilə tədbir sezənlərin diqqətini çəkib.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutnun “Nizamişünaslıq” şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Təhminə Bədəlova konsertin sonunda sözün vurğu komponentlərinin bilicisi olaraq bəstəkar Hakim Məmmədlinin ərsəyə gətirdiyi romansın söz mətninin musiqidə düzgün tələffüzü haqqında müsbət qeydlərini edib. Bəstəkara uğurlar diləyirik.

Kəmaləxanım Əsədullayeva,

Sənətşünaslıq üzrə fəlsəfə doktoru,
Azərbaycan Bəstəkarlar İttifaqının üzvü

Bütün xəbərlər Facebook səhifəmizdə