“Azərbaycan klassik muğam ifaçılığı və pandemiya: COVID-19” mövzusunda seminar keçirilib

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və akustika“ elmi tədqiqat laboratoriyasında “Azərbaycan klassik muğam ifaçılığı və pandemiya: COVID-19” mövzusunda aparıcı elmi-işçi, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Arif Əsədullayevin onlayn qaydada seminarı keçirilib.

BMA-dan SİA-ya bildirilib ki, məruzəçi pandemiya dövründə ölkəmizdə tətbiq olunmuş sərt karantin rejiminin qaydalarına tam riayət olunmaqla müəyyən elmi tədqiqatların aparıldığını, müxtəlif elmi problemlərin daha da dərindən öyrənilməsinin davam etdirildiyini, müxtəlif onlayn seminarlar və onlayn elmi konfransların keçirildiyini, habelə bu işlərin də bir çox hallarda müasir informasiya texnologiyaları və innovatik texniki vasitələrin tətbiqi ilə aparıldığını qeyd edib.

Bildirilib ki, hazırda laboratoriyada musiqi elminin müxtəlif istiqamətlərində, o cümlədən də Azərbaycanın milli xalq çalğı aləti kamançanın səs dalğasının ən mühüm akustik xarakteristikalarından biri olan amplitud–tezlik xarakteristikalarının müəyyənləşdirilməsi və bununla da onun tembr xüsusiyyətlərini yaradan ən əsas səbəblərdən biri olan harmoniklərin elmi baxımdan təyin olunması istiqamətində də elmi araşdırmalar aparılır. Bu elmi-tədqiqat işləri Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyi münasibətilə, onun kollektivi və elmi-laboratoriyasının əməkdaşları tərəfindən xalqımızın musiqi mədəniyyətinə verdiyi daha bir töhfədir. Lakin bu dövrdə Azərbaycan milli–etnik instrumental ifaçılıq sənətində müəyyən geriləmələr və deqradasiyalar da baş verib. Belə ki, muğam ifaçılığında bir çox hallarda sərbəst gəzişmə və improvizasiya adı altında az qala caz improvizasiyaları və ağlagəlməz, habelə mənşəyi bəzən heç bilinməyən musiqi parçaları ifa olunur. Doğrudur, bu gün instrumentalistlərin ifaçılıq texnikası və alətdən istifadə etmə bacarıqları yüksək səviyyədədir. Lakin onların bu bacarıqlardan gözəl və yüksək zövqlə istifadə edə bilməmələri təəssüf doğurur. Öz texniki imkanlarını göstərmək üçün musiqilərimizi olduqca biabırçı şəklə salırlar. Sanki onlar unutmuşlar ki, ifaçının ifaçılıq texnikası elə musiqini daha da dolğun, sanballı, təravətli və cazibədar forma və məzmunda ifa etməyə yönəlməlidir. Bizdə isə bir çox hallarda əksinə olur.

Məruzəçi daha sonra qeyd edib ki, muğamlarımızın bu günə qədərki vəziyyəti haqqında gələcək nəsillər mütləq müəyyən bilgilər əldə etməlidirlər. Odur ki, muğamlarımızın bugünkü vəziyyətini, bugünkü formasında nota yazıb çap etdirməkdə də əsas məqsədlərimdən biri bu olub. Çünki hər muğam ifaçısı öz istədiyi kimi ifa edir. Bu səbəbdən də zaman keçdikcə muğamlarımızda yeni-yeni dəyişikliklər və deqradasiyalar yaranır.

Seminarın sonunda elmi tədqiqat laboratoriyasının müdiri sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə məruzəçinin çıxışını yüksək qiymətləndirərək, mövzu ətrafında dəyərli fikirlərini bildirmişdir. Müzakirələrdə sənətşünaslıq üzrə fəlsəfə doktoru İmina Əliyeva, Xalq artisti, dosent Zümrüd Məmmədova, sənətşünaslıq üzrə fəlsəfə doktoru Mehparə Rzayeva, bəstəkar Rüfət Ramazanov, böyük elmi işçi Zeynal İsayev, elmi işçi Nigar Bayramova, elmi işçi Ayxan Əfəndiyev və digər əməkdaşlar seminar ilə bağlı fikir mübadiləsi aparıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə