“Humay” mükafatının qalibləri məlum olub

“Bakılı” Beynəlxalq Mədəniyyət Cəmiyyəti və “Humay” Milli Mükafatı Akademiyası tərəfindən təsis olunan “Humay” milli mükafatının qalibləri məlum olub. SİA-nın məlumatına görə, mükafat “Humay” Milli Mükafatı Akademiyasının üzvləri tərəfindən hər il cəmiyyətin müxtəlif sahələrində fərqlənən şəxslərə verilir.

Bu dəfə mükafata Azərbaycan milli xoreoqrafiya sənətinə verdiyi töhfəyə görə Əməkdar artist Nigar İbrahimova və Tahir Eynullayev, milli muğam ifaçılığı sənətində əldə etdiyi uğur və nailiyyətinə görə müğənni, Əməkdar artist Arzu Əliyeva və Aytən Məhərrəmova, mədəniyyətimizi uğurla təbliğ etdiyinə, dövri nəşrlər arasında öz dəsti-xətti ilə seçildiyinə görə “Medeniyyet /Culture” jurnalı (Baş redaktor, Əməkdar mədəniyyət işçisi Zöhrə Əliyeva) və “Mir Literaturı” qəzeti (Baş redaktor Elmar Şeyxzadə) layiq görülüblər.

Mükafatın kitab nəşri nominasiyasında “Əhsən sənə, Əhsən” kitabına görə yazıçı-publisist Rafiq Hacıyev, “Gənclərə dəstək” musiqi layihəsinin Azərbaycanda və xarici ölkələrdəki uğurlu təşkilatçılığı və təbliği nominasiyasında musiqişünas, layihənin koordinatoru Ayla Kərimova-Zəkəriyyə, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin Beynəlxalq Festival və Müsabiqələrdə uğurlu çıxışları nominasiyasında orkestrin direktoru, Əməkdar artisti Nərgiz Əliyeva, “Şirvanşahlar” irsi dünya muzeylərində” və “Kəlağayı sənəti” kitabları nominasiyasında isə Əməkdar mədəniyyət işçisi, “İçərişəhər” Muzey Mərkəzinin direktoru Əminə Məlikova “Humay” mükafatı qazanıblar.

Müstəqil Azərbaycanın ilk milli mükafatının bu ilki, 28-ci təqdimatı xalqımız üçün olduqca əlamətdar bir dövrə təsadüf edir. Belə ki, bu günlər bütün xalqımız doğma Qarabağımızın işğaldan azad edilməsinin sevincini yaşayır. Zəfər tariximizin yazıldığı bu günlərdə təəssürat və düşüncələrini bölüşən mükafatın təsisçisi Fikrət Zərbəliyev edib: “Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qanı, canı bahasına biz nəhayət ki, ərazi bütövlüyümüzü bərpa etdik. “Humay” mükafatının rəmzi olan Humay ilahəsi, ana obrazı da mədəniyyətimizi və bütün xalqımızı hifz edən qüvvə, öz qanadları altına alan müqəddəs varlıq kimi anlaşılır. Mükafatımızın laureatları Möhtərəmlər Şurasının qərarı ilə seçilir. “Humay” Milli Mükafatı Akademiyasının üzvlərini hər bir ziyalı və sadə azərbaycanlı, həmçinin digər ölkələrin vətəndaşları da yaxşı tanıyır. Bunlar görkəmli yazıçılar Anar, Çingiz Abdullayev, kino xadimləri Oqtay Mirqasımov, Rasim Balayev, musiqi xadimlərindən Səyavuş Kərimi, Faiq Sücəddinov, rəssamlıq sahəsindən Çingiz Fərzəliyev və bir çox digər yaradıcı şəxslər akademiyamızın üzvləridir. Laureatların seçimi onların fikrindən, rəyindən asılıdır. Hər bir qalibimizə yeni-yeni uğurlar arzulayırıq”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...