Milli Arxiv İdarəsində müşavirə keçirilib FOTO

Milli Arxiv İdarəsində Azərbaycanda arxiv quruculuğunun 100 illiyinə həsr olunmuş müşavirə keçirilib. SİA-nın məlumatına görə, müşavirədə İdarənin rəhbərliyi, idarə aparatının şöbə müdirləri, Respublika Dövlət arxivlərinin rəhbərləri iştirak ediblər.

Müşavirədə bu günlərin ölkəmiz üçün əlamətdar hadisələrlə zənginliyinə diqqət çəkilərək bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz 30 ilə yaxın bir müddətdə işğal altında qalan doğma torpaqlarımızı işğaldan azad edib. Müzəffər Ordumuzun qələbəsinin nəticəsində imzalanmış üçtərəfli Bəyanata əsasən isə Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunub. Qələbənin qazanılmasında misilsiz xidmət göstərərək şəhid olan hərbçilərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Müşavirə çərçivəsində dövlətimizin başçısının imzaladığı müvafiq Sərəncama əsasən təltif olunmuş Milli Arxiv İdarəsinin əməkdaşlarına “Dövlət qulluğunda fərqlənməyə görə” medalları və vəsiqələri təqdim olunub.

Daha sonra Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020–2025-ci illər üçün Dövlət Proqramı”nın icrası və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.

Sonda Azərbaycanda arxiv quruculuğunun 100 illiyinə həsr olunmuş və Milli Arxiv İdarəsi tərəfindən nəşr edilmiş “Azərbaycanda arxiv işi” və “İzahlı arxiv terminləri lüğəti” kitabının təqdimatı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə