Murad Hüseynov UNESCO-nun Baş katibi Odri Azuleyə müraciət ünvanlayıb

Azərbaycan Respublikasının Xalq artisti, Beynəlxalq Muğam Mərkəzinin direktoru, Beynəlxalq müsabiqələr laureatı, Fransa və Macarıstan dövlət mükafatları kavaleri, professor Murad Hüseynov UNESCO-nun Baş katibi Odri Azuleyə müraciət ünvanlayıb.

SİA müraciəti təqdim edir:

“Möhtərəm Azule xanım!
Sizə, hörmət və ehtiramımı bildirərək, xoş duyğularla müraciət edirəm.
Bu yaxınlarda bəzi KİV-lərdə Fransanın bir qrup tanınmış mədəniyyət xadimlərinin müraciəti yayılmışdır. Onlar tarixi kobubcasına təhrif edərək Azərbaycanın bütün dünya tərəfindən tanınmış ərazisi Dağlıq Qarabağda erməni separatçılığını dəstəkləyiblər.

Qeyd etməyi lazım bilirəm ki, tarixi dəqiq və müfəssəl öyrənmədən və obyektiv araşdırma aparmadan baş verənlər haqqında bu cür bəyanatlar vermək mədəniyyət xadimlərinə yaraşmaz.

Mənim fikrimcə, bu cür ciddi hadisələrə yanaşma meyarlarının əsasında qərəzsizlik, tarixi situasiyanın obyektiv analizi və əlbəttə ki beynəlxalq qanunların hüquqi cəhətdən dəqiq gözlənilməsi durmalıdır.
İcazənizlə, bir neçə danılmaz tarixi faktı xatırladım: 1805-ci ildə Qarabağ xanlığının Rusiya imperiyasının tabeliyinə keçməsi barədə bağlanan Kürəkçay müqaviləsində, bundan bir neçə il sonra bağlanmış Gülüstan və Türkmənçay müqavilələrində və azərbaycanlılar tərəfindən deyil, digər dövlətlərin nümayəndələri tərəfindən tərtib olunan sənədlərdə də erməni əhalisi barədə bir söz belə yoxdur.

SSRİ dönəmində, 1978-ci ildə ermənilər könüllü olaraq Qarabağa köç etmələrinin 150 illiyi münasibətilə abidə ucaltmışdılar, lakin 1988-ci ildə baş vermiş Qarabağ hadisələri zamanı elə özləri də onu, Azərbaycan ərazisinə yerləşdirildikləri dövrün bu dilsiz şahidini məhv etdilər. Bütün bu məlumatlar internetdə açıq mənbələrdə mövcuddur.
Qarabağ qədim Azərbaycan torpağıdır, olub və həmişə də olacaq!

Qarabağ – Azərbaycan mədəniyyətinin beşiyi, Azərbaycan peşəkar musiqi məktəbinin banisi Üzeyir Hacıbəylinin, tanınmış şair və dövlət xadimi Molla Pənah Vaqifin, Qarabağ muğam məktəbinin bütün dünyada məşhur olan görkəmli ifaçılarının vətənidir.

Qarabağ – xalçaçılıq sənətinin, bir çox Azərbaycan bəstəkarı və musiqiçisinin, yazıçı və aliminin vətənidir.

Qarabağın ürəyi, hər bir azərbaycanlı üçün əziz şəhər – Şuşa məşhur xanəndələr Cabbar Qaryağdı, Seyid Şuşinski və Şuşanın banisi, onun birinci hökmdarı Pənah Əli xan nəslinin davamçısı Xan Şuşinskinin şəhəridir. Şuşa həm də müasir tarın yaradıcısı Sadıqcanın vətənidir.

Mənim də ulu babam, 1828-ci ildə Qarabağın tarixinə həsr olunmuş və ermənilərin mövcudluğu barədə heç bir məlumat olmayan məşhur “Qarabağnamə” elmi əsərini yazan görkəmli tarixçi Mirzə Adıgözəl bəy də Şuşada anadan olmuşdur. Məhz buna görə, erməni işğalçılarının bu torpağa basqınından sonra baş verənlər biz azərbaycanlıların ürəyində böyük bir ağrı ilə əks olunur. 30 illik işğal zamanı erməni hərbi qüvvələri tərəfindən Qarabağda Azərbaycan tarixi sistematik olaraq təhrif olunur, silinir və mənimsənilirdi, Azərbaycan xalqının qədim mədəniyyəti və memarlığı məhv edilirdi.
Elə bu yaxınlarda, yeni başa çatan İkinci Qarabağ müharibəsində döyüş bölgəsindən kifayət qədər uzaqda yerləşən şəhərlərin kütləvi bombardmanı nəticəsində qoca, qadın və uşaqlar da olmaqla Gəncə və Bərdənin 100-ə yaxın günahsız dinc sakini həlak oldu. Tamamilə dağıldığına və yer üzündən faktiki olaraq tam silindiyinə görə Ağdam Azərbaycanın “Hiroşima”sı, Tərtərin dağıntıları isə “Stalinqrad” adlandırıldı.
30 il əvvəl bizim bir milyona yaxın həmvətənimiz öz torpaqlarında qaçqına çevrildi, erməni işğalçıları tərəfindən yurdlarından qovuldu. Bəs insanlıq çərçivələrinə sığmayan bu faktları hörmətli mədəniyyət xadimləri niyə öz bəyanatlarında qeyd etmirlər?

1992-ci ildə erməni işğalçıları tərəfindən Xocalı şəhərinin dinc sakinlərinə qarşı soyqırım həyata keçirildi, lakin demokratik ölkənin mədəniyyət xadimlərinin heç biri səsini çıxartmadı və Ermənistanın faşist əməllərini mühakimə etmədi. Yalnız Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət !” beynəlxalq kampaniyası sayəsində bir çox ölkələrin parlamentləri və beynəlxalq təşkilatlar Xocalı soyqırımını qəti şəkildə pislədilər və insanlığa qarşı cinayət kimi tanıdılar.

Bütün bu illər ərzində Azərbaycanda otuz minə yaxın erməni yaşayıb və yaşamaqdadır. Bakının mərkəzindəki Erməni kilsəsi dövlət tərəfindən bərpa olunub və onun kitabxanasında 5000-ə yaxın erməni əlyazması və kitabı hifz olunur!!!
Bu, bizim xalqın və dövlətin təkrarolunmaz tolerantlığı və humanizminin açıq-aydın təzahürü deyilmi?!

Uzun müddətli işğal zamanı Ermənistanın faşist siyasətinin nəticəsində yaşayış evləri ilə yanaşı yüzlərlə mədəniyyət ocağı, o cümlədən 4,6 milyonluq kitab fondu olan 927 kitabxana, 808 mədəniyyət evi, klub və mədəniyyət sarayı, 85 musiqi və rəssamlıq məktəbi, 22 muzey, 4 şəkil qalereyası, 4 teatr, 2 konsert salonu, 8 mədəniyyət və əyləncə parkı, 2000-dən artıq tarixi-mədəni abidə vəhşiliyin qurbanı olmuşdur. Bu siyahıya Xan qızı Xurşudbanu Natəvanın ev-muzeyi də daxildir. Qafqaza səfəri zamanı Aleksandr Düma-ata bu evdə onunla şahmat oynamış, uduzmuş və ehtiram əlaməti olaraq şahmatını ona bağışlamışdır. Həmin şahmat indi də Ədəbiyyat muzeyində qorunub saxlanılır.

Xüsusi əhəmiyyətə malik unikal tarixi abidələrə barbar münasibət dünya mədəni irsinə təhdid kimi qiymətləndirilir. Otuz ilə yaxın erməni silahlı qüvvələri tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarında davam etmiş bu cinayətləri qınamaq və bundan hiddətlənmək əvəzinə erməni lobbiçilərinin yalanları əsasında münaqişənin mahiyyəti haqqında məlumatsızlıqdan xəbər verən və işğalçını açıq şəkildə müdafiə edən bəyanatlar yayılır. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrinə görə onlar Azərbaycan torpaqlarını hələ 30 il bundan əvvəl tərk etməli idilər! Bəs niyə onlardan heç kimi maraqlandırmadı ki, erməni hərbi qüvvələri digər ölkənin ərazisində nə edirlər, niyə milyona yaxın azərbaycanlı öz tarixi torpaqlarından didərgin salınıb və 30 ildə onlar harada və hansı şəraitdə yaşayıblar?!
Qarabağın mədəni irsinin məhv edilməsi – yerli faciə deyil, Ermənistanın ərazi iddialarına və bütün cinayətlərinə qarşı susan dünya ictimaiyyəti üçün biabırçılıqdır. Məlum olduğu kimi, Azərbaycan muğamı, tar və kamança alətləri, aşıq sənəti, Novruz bayramı, xalçaçılıq, kəlağayı sənəti, lavaş hazırlanması və təqdimatı və Azərbaycan mədəniyyətinin digər nümunələri UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmişdir.

Heydər Əliyev Fondunun təmsilçiliyi ilə bizim dövlətin Fransa, İtaliya, Vatikan, Rusiya, Pakistan və digər ölkələrdə dini ziyarətgahların qorunub saxlanmasına və bərpasına yönəlmiş çoxşaxəli fəaliyyəti bütün dünyaya bəllidir.

Uzun illər bu istiqamətdəki səmərəli fəaliyyətinə görə Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva dərin hörmət və minnətdarlıq əlaməti olaraq bu ölkələrin medalları və ordenləri ilə təltif edilmişdir. Onun nəcib təşəbbüsləri sayəsində Fransanın bir çox bölgələrində kilsə və muzeylər, Vatikanda katakombalar, Həştərxanda Müqəddəs knyaz Vladimirin abidəsi bərpa olunaraq dünyaya qaytarılıb və bir çox digər xeyirxah, humanist və tarixdə iz salan işlər görülüb.

Sizin sadiq bəndəniz mən isə, beynəlxalq müsabiqələrin qalibi, Paris Ali Musiqi Akademiyasının məzunu olaraq F. Pulenk beynəlxalq müsabiqəsinin qalibi olmuş və Fransa hökumətinin dövlət təqaüdünə – Senatın İncəsənət və ədəbiyyat medalına layiq görülmüşəm. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru olaraq, geniş konsert fəaliyyəti ilə məşğul olmuşam, Parisin ən yaxşı konsert salonlarında (Pleyel, Cortot, Theatre des Chams-Elisee və s.) çıxış etmişəm. Hiroşima (Yaponiya) qastrollarında və Kabildə (Əfqanıstan) Fransız Kinematoqrafiyası günlərində klassik Azərbaycan musiqisi ilə yanaşı böyük məmnuniyyətlə tamaşaçılara Ravel, Debüssi və Pulenkin əsərlərini də təqdim etmişəm.

Bütün bu faktlar və dünya mətbuatında özünün geniş ifadəsini tapmış tolerantlıq, demokratiklik və multikulturalizm haqqında digər məlumatlar nəyə görəsə həmin şəxslər tərəfindən nəzərə alınmamış, erməni tərəfinin yanlış məlumatları əsas kimi götürülmüş və həqiqətə uyğun olmayan absurd bəyanat imzalanmışdır.

Sizə bir daha xatırlatmaq istərdim ki, müasir Azərbaycan – multikulturalizm qanunları ilə yaşayan çoxmillətli və çoxkonfessiyalı dövlətdir. Xristian, müsəlman, yəhudi və dünya mədəni irsinin qorunması dünyəvi Azərbaycanın dövlət siyasətinin prioritetlərindən biridir.

Sonda, ümid etmək istərdim ki, sadaladığım məlumatlar gerçək faktlara və beynəlxalq hüquqa söykənən ədalətli mövqenin yaranması üçün faydalı olacaqdır.
Şübhə etmirəm ki, hörmətli mədəniyyət və incəsənət xadimləri əvvəllər də olduğu kimi bizi öz yaradıcılıqları ilə sevindirəcək, tarixdə və minnətdar tamaşaçıların yaddaşında öz ədalətsizliyi ilə bütöv bir xalqın müqəddəs hisslərini təhqir edən yanlış müraciət və bəyanatların altında qoyduqları şübhəli imzaları ilə deyil, yaratdıqları nurlu obrazlarla qalacaqlar".

Bütün xəbərlər Facebook səhifəmizdə