"Öz adanı kəşf et” adlı sərgi layihəsinin açılışı olub

“YARAT” Müasir İncəsənət Məkanında “Öz adanı kəşf et” adlı sərgi layihəsinin açılışı olub.

SİA-nın məlumatına görə, XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində həm şəxsi, həm də ictimai kolleksiyalardan təşkil olunmuş bu sərgi, keçən əsrin 80-ci illərin sonları, 90-cı illərin birinci yarısında müxtəlif nəsillərin nümayəndələri olan 21 Azərbaycan rəssamı tərəfindən yaradılmış əsərlərdən ibarətdir.

Əsərlərin bir çoxu geniş ictimaiyyətə ilk dəfə olaraq təqdim olunub.

Sərginin kuratoru, Əməkdar rəssam Sabina Şıxlinskaya bildirib ki, sərgilənən əsərlər 1988-1996-cı illəri əhatə edir: “Bu dövr nəinki Azərbaycan tarixində, hətta dünya üçün əhəmiyyətli bir dövr sayılır. Bu dövrdə vacib tarixi hadisələr baş verib. Sovetlər birliyi dağılıb, Berlin divarı uçurulub, Şərqi və Qərbi Avropa birləşib. Bununla bərabər Azərbaycanda da faciəvi günlər yaşanıb. Rəssamlar həmin illərdə baş verən bütün hadisələrə reaksiya göstərirdilər. Onlar 20 Yanvar faciəsinə, Qarabağ müharibəsində məcburi köçkün həyatını yaşayan 1 milyon insanın düşdüyü vəziyyətə reaksiya göstərirdilər. Xalqımıza qarşı edilən təcavüzə qarşı rəssamlarla yanaşı, mədəniyyətin digər nümayəndələri də münasibətini bildirirdilər. Zaman o qədər mürəkkəb idi ki, onlar baş verənlərdən kənarda qala bilməzdilər”.
Sərgidə, həmçinin Birinci Qarabağ müharibəsində Azərbaycan Fotoqraflar Birliyi tərəfindən çəkilmiş sənədli fotoxronikadan ibarət videoçarx nümayiş olunur. Videoçarx Azərbaycanın tanınmış bəstəkarı və pianoçusu, 1994-cü ildə terror aktı nəticəsində dünyasını dəyişən Rafiq Babayevin bəstəsilə müşayiət olunub.
Bildirilib ki, sərginin adı şair Aydın Əfəndinin “Öz adanı kəşf et” şeirindən götürülüb. “Bu bir poemadır. Öz adını kəşf et, özünü yarat və tənhalıqda möhkəmlən. Çünki çətin zamanlarda insan sağ qalmaq üçün öz dünyasına qapılır. Mənə elə gəlir ki, bu sərgi həmin dövrün bədii sənədidir, ötən əsrin 80-ci illərin axırı 90-cı illərin əvvəllərində bizim hansı problemlərlə üzləşdiyimizi sübuta yetirir”, - deyə Sabina Şıxlinskaya vurğulayıb.
Sərgidə nümayiş olunan mövzulardan biri də “qaçqın palatkalarının pəncərələri” silsilə fotolarıdır ki, Sabirabad rayonunda məcburi köçkünlərin düşdüyü vəziyyəti əks etdirir. Yəni rəsm əsəri sadəcə nəyinsə təsviri deyil, həm də dövrün mühüm hadisələrini sübuta yetirir. Bu sərgi kədər, tənhalıq, ümid sərgisidir və bir neçə hissələrdən ibarətdir. Birinci hissə Sumqayıt hadisələri kimi fəlakətin qabaqcadan hiss edilməsi bölməsindən ibarətdir. Fəlakətin baş verdiyi 90-cı illər və sonrakı dövr...”

44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində qəhrəman ordumuzun torpaqlarımızı işğaldan azad etdiyini deyən Sabina Şıxlinskaya bildirib ki, yaxın zamanlarda Qələbə sevincimizi əks etdirən əsərləri ortaya qoyacaq.

Qeyd edək ki, mayın 30-dək ziyarətçilər üçün açıq qalacaq sərgi, eyni zamanda, pandemiya ilə əlaqədar olaraq dekabrın 15-dən onlayn da nümayiş olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...