Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin 135 illiyi ərəfəsində

18 sentyabr 2020-ci ildə musiqişünas-bəstəkar, elm xadimi, Azərbaycan bəstəkarlıq məktəbinin banisi və yaradıcısı Üzeyir Hacıbəylinin 135 illiyi qeyd edilir. Üzeyir Hacıbəyli haqqında material və məlumatlar yetərincədir. Onun yaradıcılıq külliyyatının musiqişünaslar və filoloqlar tərəfindən geniş təhlili aparılıb. Kiçikdən böyüyə qədər hamı - məktəbəqədər uşaqlar, şagirdlər, ali təhsil ocaqlarında təhsil alan tələbələr, ahıllar bir sözlə ölkənin bütün xalq və mllətləri onun müəllifi olduğu Azərbaycan Dövlət himnini çox gözəl bilir.

Yaratdığı 7 operadan “Leyli və Məcnun” ,”Koroğlu” ,”Arşın mal alan”, “ O olmasın bu olsun” operettalarının, “Sənsiz”, “Sevgili canan” romanslarının hər bir söz mətnli melodiyaları xalqımızın hafizəsində yaşayır.
Dahi şəxsiyyətin yaradıcılığı ilə maraqlanan əcnəbi alimlər və yerli mütəxəssislər, ixtisasçılar, əsərlərini mənimsəyərək təhlil edir, hər dəfə yeni elmi fikirlər üzə çıxarırlar. Üzeyir bəy Avropa klassik musiqisinin janr və formalarını milli zəminə gətirərək, tətbiq etmiş, beynəlxalq aləmdə tanınmaqdadır. Bu baxımdan o, milli musiqiyə dünya şöhrəti gətirib.

30 iyun 1934-cü ildən Üzeyir bəyin təşkilatçılığı ilə ərsəyə gələn Bəstəkarlar İttifaqının hazırkı rəhbərliyi - Azərbaycanın görkəmli bəstəkarı, UNESCO-nun Sülh artisti, Azərbaycan Respublikasının Xalq artisti, professor, AMEA-nın müxbir üzvü, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi himayəçilik Şurasının üzvü Firəngiz Əlizadə, sədrlik etdiyi bu qurumda Heydər Əliyev Fondu və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi xətti ilə digər tədbirlərlə yanaşı hər il Üzeyir Hacıbəyli günləri adı altında festivallar daxilində konfranslar təşkil edir.Dahi şəxsiyyətə həsr edilən tədbirlər Azərbaycanın hər bir ümum təhsil və Ali ocaqlarında keçirilsə də Bəstəkarlar İttifaqı nəzdində hazırlanan proqramların quruluşu xüsusilə diqqəti cəlb edir.

Əldə etdiyimiz materiallardan - Üzeyir Hacıbəyli adına Beynəlxalq musiqi festivalları çərçivəsində elmi konfransların proqramlarından bəzilərini təqdim edirik:

19 noyabr 2010-cu ildə Azərbaycan Bəstəkarlar İttifaqının konfrans zalında keçirilən Üzeyir Hacıbəylinin 125 illiyinə həsr olunmuş “Üzeyir Hacıbəyli:”Şərqin muğam-məqam sistemləri müqayisəli təhlildə” adlı elmi konfransını Xalq artisti, professor Firəngiz Əlizadə ön sözlə açır. Elmi konfransda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllimləri – sənətşünaslıq namizədi, professor Cəmilə Həsənova, dosent Elmira Pənahova, baş müəllim Ariz Abduləliyev, AMEA-nın Muğamşünaslıq şöbəsinin müdiri Sevil Fərhadova, sənətşünaslıq namizədi dosent Sürəyya Ağayeva çıxış edib.

“Azərbaycan musiqisində ladların qarşılıqlı əlaqələrinin tədqiqi məsələləri”,”Şifahi ənənəli professional musiqidə millilik və universallıq (Azərbaycan və Hindistan musiqisi nümunəsində”), “Üzeyir Hacıbəyli və Azərbaycan muğamlarının səs sistemi məsələsi”, “Yaxın və Orta Şərqin musiqi sistemlərində lad strukturlarının qarşılıqlı müqayisəsi”, “Şərq xalqlarının musiqisində Bayatı məqamı, tarixi mifologiyası və parallel strukturları” adlı məruzələr edilib. Üzeyir bəyin anım günü olan elmi konfranslarda həm Üzeyir yaradıcılığına həm də Şərq musiqi sistemlərinə müraciət tədbiri daha da rövnəqləndirir, dinləyicilərin maraq dairəsini artırır.

11 noyabr 2010-cu ildə Üzeyir bəyin yaşıdı olan Azərbaycan klassik bəstəkarları sayılan Müslüm Maqomayevin 125 illiyinə həsr olunmuş elmi konfransda Əməkdar incəsənət xadimi, sənətşünaslıq namizədi professor Zemfira Qafarova, sənətşünaslıq namizədi Səadət Səfərova, sənətşünaslıq namizədi Ülkər Talıbzadə çıxış edərək Müslüm Maqomayev yaradıcılığını müxtəlif aspektlərdən işıqlandırıb. “Müslüm Maqomayevin musiqi-ictimai fəaliyyəti haqqında”, “Müslüm Maqomayevin yaradıcılıq irsi tarixi sənədlərdə və arxiv materiallarında “,”Müslüm Maqomayevin vokal yaradıcılığında musiqi ilə poeziyanın obraz uyğunluğu” adlı məruzələr maraqla dinlənilib.

16 sentyabr 2011-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına Konsert salonunda dahi bəstəkarın anadan olmasının 126-cı il dönümünə həsr olunan konfrans - konsertdə musiqişünas, sənətşünaslıq namizədi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova “Üzeyir Hacıbəyli” irsi Azərbaycan musiqişünaslığında”, bəstəkar Əməkdar incəsənət xadimi Sərdar Fərəcov “Üzeyir Hacıbəylinin naməlum əsərləri haqqında”, musiqişünas, sənətşünaslıq namizədi dosent Kamilə Dadaşzadə “Üzeyir dünyası” layihəsi çərçivəsində yeni musiqişünaslıq tədqiqatlarına bir nəzər” adlı məruzələr etmişlər. Elmi konfransda Üzeyir bəyin əsərlərindən ibarət konsert təşkil edilmiş, beynəlxalq müsabiqələr laureatı Fərid Əliyev, Nərgiz Kərimova, ifaçı qismində, “Koroğlu operası”ndan Koroğlunun ariyasını, “Arşın mal alan “ operettasından Gülçöhrənin ariyasını təqdim etmişlər. Tədbirdə adı çəkilən vokalçılar Züleyxa Bayramova tərəfindən müşayiət edilib.

Üzeyir Hcıbəyli adına VIII Beynəlxalq Musiqi festivalı 2016-cı il sentyabrın 18-dən-27-ə qədər keçirilib. 10 gün ərzində davam edən festival Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Kamera və Orqan musiqi zalında, Azərbaycan Dövlət Akademik Opera və Balet teatrında, Azərbaycan Bəstəkarlar İttifaqında, Bakı Musiqi Akademiyasında keçirilib. Konsert Üzeyir Hacıbəyli və digər Azərbaycan klassik bəstəkarlarının əsərləri üzərində qurulmuş, xarici və yerli musiqiçilər tərəfindən təqdim olunub.

2017-ci il 19 sentyabrda Azərbaycan Bəstəkarlar İttifaqı konsert salonunda “Müasir dövrdə Üzeyir Hacıbəylinin səhnə əsərlərinin geniş coğrafiyası “ mövzusunda Üzeyir Hacıbəyli IX beynəlxalq musiqi festivalı çərçivəsində elmi konfrans keçirilmiş, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Xalq artisti, professor Firəngiz Əlizadə çıxış edərək Üzeyir dühasından fikirlər söyləmiş, Əməkdar incəsənət xadimi professor Həcər Babayeva, ADAOBT-nın baş rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyev, sənətşünaslıq elmləri doktoru, professor Cəmilə Həsənova, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Güllü İsmayılova , Əməkdar incəsənət xadimi Nərgiz Şəfiyeva, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Bakı Musiqi Akademiyasının professoru Könül Nəsirova məruzələri ilə çıxışlar etmiş, Üzeyir bəyin yaradıcılığına müxtəlif rakurslardan ekskursiya etmişlər. “Leyli və Məcnun” operasıBilkənd səhnəsində”, “Arşın mal alan” operettası xarici teatrların səhnəsində”, “Əsli və Kərəm” operasının səhnə taleyi”, “Koroğlu operasının Türksoy xətti ilə səhnəyə qoyulması”, “Arşın mal alan” filmi:yaranma tarixi və ekran həyatı”, “ Üzeyir Hacıbəylinin Arşın mal alan operettasının Vyana musiqili teatrındakı tamaşasına daha bir nəzər”, “Leyli və Məcnun operasının Amerika səhnəsində balet təcəssümü” adlı çıxışları dinləyicilər tərəfindən maraqla dinlənilib.

25 sentyabr 2018-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqı nəzdində “Üzeyir Hacıbəyli və Azərbaycan Xalq Cümhuriyyəti” mövzusunda, Üzeyir Hacıbəyli X beynəlxalq musiqi festivalı çərçivəsində elmi konfrans zalında keçirilən tədbiri, giriş sözü ilə AMEA-nın müxbir üzvü, Xalq artisti, professor, təşkilatın sədri - Firəngiz Əlizadə açmişdır. Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova, Əməkdar incəsənət xadimi –bəstəkar Sərdar Fərəcov, Əməkdar incəsənət xadimi Nərgiz Şəfiyeva, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Leyla Zöhrabova, Raya Abbasova, Səadət Qarabağlı Üzeyir bəy yaradıcılığı və Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı maraqlı mövzuları işıqlandırıblar.

Bildiyimiz kimi 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın həyatına böyük əlamətdar hadisə kimi əbədi daxil olmuşdur. Bu tarix Respublika günü kimi hər il təntənə ilə qeyd edilir. O dövrdə, Mayın 28-də Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycan Milli Şurasının tarixi icmalı keçirilmiş, iclasda iştirak edən Mustafa Mahmudov, Fətəli Xan Xoyski, Nəsir bəy Yusifbəyli, Mir Hidayət Seyidov, Nəriman Nərimanov, Heybət Qulu Məmmədbəyov, Mehdi Hacınski, Rəhim Vəkilov, Firudin Köçərlinski və digərləri İstiqlal Bəyannaməsini qəbul etmişlər.

İstiqlal Bəyannaməsi bütün türk-müsəlman dünyasında Şərqdə ilk dəfə olaraq Azərbaycanda ən demokratik respublika idarə üsulu –parlamentli respublikanın yaradılacağından xəbər verirdi. Azərbaycan Milli Şurasının İstiqlal Bəyannaməsində deyilirdi:”Bu gündən Azərbaycan xalqı, hakimiyyət haqqına malik olduğu kimi, Cənub Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan tam hüquqlu müstəqil bir dövlətdir. Məhz Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ildə yaradılması gününün 100 ildən sonra Azərbaycan Bəstəkarlar İttifaqı nəzdində elmi konfrans hüdudunda təşkili və onun Üzeyir Hacıbəyli yaradıcılığı ilə bağlılığı tarixi hadisələrdən irəli gəlir. Elmi konfransda “Azərbaycan bəstəkarlarının opera yaradıcılığında “Koroğlu” operasının ənənələri, “Üzeyir Hacıbəylinin əsərlərinə edilən təcavüzlər”, “Üzeyir Hacıbəylinin təhsil dövründə Cümhuriyyət ideyalarının təşəkkülü”, “Üzeyir Hacıbəyli və Azərbaycan Xalq Cümhuriyyəti”, “Leyli və Məcnun” operası Bakı Marionet teatrının quruluşunda, “Üzeyir Hacıbəylinin “Azərbaycan xalq musiqisinin əsasları” elmi işinin milli musiqişünaslığın inkişafında rolu” adlı məruzələr edilib.

2019-cu il 18-30 sentyabr tarixində Üzeyir Hcıbəyliyə həsr olunan XI Beynəlxalq Musiqi Festivalına start verilir. Bu festivalda Rusiya, Çin, Türkiyə, İtaliya, ABŞ, Özbəkistan, Belorusiya, Bolqarıstan, Ukrayna, Gürcüstandan musiqiçi və kollektivlər çıxış üçün təşrif buyurur. Azərbaycan sənətçilərindən Rauf Abdullayev, Ülviyyə Hacıbəyova, Yeganə Axundova, Fəxrəddin Kərimov, Murad Adıgözəlzadə, Murad Hüseynov, Əyyub Quliyev, Mustafa Mehmandar kimi ifaçıların iştirakı ilə 40-a yaxın tədbir keçirilir. Qeyd edək ki, bu illər ərzində Üzeyir bəy Avropa musiqi qayda qanunlarını Şərq ənənələri ilə əlaqələndirərək musiqi mədəniyyəti tarixində yeni səhifə açır. Üzeyir bəy yaradıcılığından onun dühasından qaynaqlanan Azərbaycan bəstəkarlıq məktəbi estafedi yeni nəsilə- Qara Qarayev, Fikrət Əmirov, Cövdət Hacıyev,Niyazi, Səid Rüstəmov, Arif Məlikov, Vasif Adıgözəlov, Səid Rüstəmov, Firəngiz Əlizadə kimi dünya miqyaslı Azərbaycanın dahi bəstəkarlarına ötürdü.
Hazırda sevilib seçilən bəstəkarlardan olan Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz xanım Əlizadə sələflərindən gələn yaradıcılıq yolunu davam etdirərək bu məktəbin yaradıcısı və qurucusu Üzeyir Hacıbəylinin və digər bəstəkarların xatirəsini yad edərək, gələcək nəsil bəstəkar, musiqişünas, ifaçı kadrlara dəstək olaraq onlara yol açır və öz ətrafında birləşdirir. Bu mənada Firəngiz xanıma təşəkkür edir, bu şərəfli yolda ona yaradıcılıq uğurları, can sağlığı diləyirik.

Kəmaləxanım Əsədullayeva,

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...