Əbülfəs Qarayev Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat nazirini qəbul edib

Əbülfəs Qarayev Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat nazirini qəbul edib

Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat naziri, Azərbaycan Respublikası və BƏƏ Birgə Hökümətlərarası Komissiyanın həmsədri Sultan Bin Səid Mansouri ilə görüş keçirib.

SİA-nın xəbərinə görə, Ə. Qarayev 7-9 aprel Bakıda keçirilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda BƏƏ-nin Mədəniyyət və Gənclər Naziri cənab Əbdul Rəhman Məhəmməd Nasir El Ovaysın yüksək səviyyəli iştirakına görə BƏƏ hökumətinə dərin təşəkkürünü bildirib.

Daha sonra Azərbaycan ilə BƏƏ arasında ikitərəfli əməkdaşlığın, siyasi və iqtisadi münasibətlərin hazırkı vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılmış, ikitərəfli mədəni dialoqun fəallaşmasının, ticarət və iqtisadi təmasların artırılmasının, Azərbaycan - BƏƏ əlaqələrində böyük potensialın olduğunu və ondan geniş istifadə olunmasının zəruriliyi vurğulanıb. Görüş zamanı xüsusən turizm sahəsinin perspektiv inkişaf istiqamətləri, Azərbaycan haqda info-turların keçirilməsi kimi məsələlər ön plana çəkilib.

Sultan Bin Səid Mansouri turizm sahəsinə investisiyaların qoyulmasının mümkünlüyünü bildirmiş, nazir Ə.Qarayev isə öz növbəsində, bu yaxınlarda BƏƏ-nin məhşur Atlantis şirkəti ilə turizm sahəsində əməkdaşlıq müqaviləsini xatırladaraq bu sahədə ilkin addımların atıldığını qonağın nəzərinə çatdırıb.

Həmçinin, Ə.Qarayev BƏƏ-nin Ticarət Palatasında Azərbaycanın zəngin turizm potensialının təqdimatını keçirmək təklifini irəli sürdü və təklif qarşı tərəfdən böyük məmnunluq hissi ilə qarşılanıb.

Görüşün sonunda ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyini bildirən Sultan Bin Səid Mansouri nazir Ə.Qarayevə səmimi qəbula görə öz təşəkkürünü bildirmiş və hər iki dövlətin müvafiq qurumları arasında əməkdaşlıq əlaqələrinin genişlənməsi üçün birgə səylər göstərilməsinin zəruriliyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə