Düşünürəm, “partiya mədəniyyəti” bir anlayış və siyasi təzahür kimi Azərbaycanın siyasi təcrübə və nəzəriyyəsində ən az istifadə olunan söz birləşməsidir desək, heç də yanılmarıq. Milli politoloji təcrübə və lüğətimizdə nadir hallarda rastlaşdığımız bu ifadəni siyasətçilərimizin ritorikasında ümumiyyətlə eşitmək mümkün deyil. Sanki sözügedən anlayış və təzahür ümumiyyətlə yoxdur. Xatırlaya da bilmirəm nə zaman sonuncu dəfə bu məsələyə həsr olunmuş televiziya reportajı görmüşəm, açıq diskussiya və ya mətbuatımızda müvafiq yazılar ilə rastlaşmışam. Əslində bir o qədər də yaxşı olmayan mövcud təkzibolunmaz həqiqət bir çox vacib məsələlərə işarə edir. İlk növbədə ölkəmizdə olan partiyaların keyfiyyəti və onların təsis olunma niyyətlərini xarakterizə edən sözügedən vəziyyətin mövcudluğu cəmiyyətimizin fəal üzvləri, habelə siyasi proseslərə cavabdehlik daşıyan iqtidar nümayəndələrini düşündürməlidir.

Məqalədə “partiya mədəniyyəti” və ya “partiya mədəniyyətsizliyi” ilə bağlı cəmi bir neçə məqama toxunmaq istərdik. Mövzuya ölkəmizdə olduqca məhdud şəkildə diqqətin ayrılması artıq özü-özlüyündə ondan xəbər verir ki, mövcud siyasi təzahür heç bir zaman partiyalarımızın diqqətində olmayıb. Məsələyə əsas etibarilə üç kontekstdə yanaşmaq olar: siyasi plüralizmi təmin edən konkret ölkənin partiya sistemi, partiyalararası münasibətləri xarakterizə edən xüsusiyyətlər və partiya daxilində onun üzvləri arasındakı münasibətlər.

Siyasi təcrübəmizə, konstitusiyamıza və dövlət quruluşumuza istinadən əminliklə deyə bilərik ki, siyasi plüralizm müstəqil Azərbaycanın bütün dövrlərində təmin olunmuşdur. Bu mənada “partiya mədəniyyəti”nin formalaşması üçün hər zaman lazımi şərait olub və bu gün də mövcuddur. “Partiya mədəniyyəti”nin formalaşmasına dolayısilə şərait yaradan amillərdən biri də tariximizdir. ADR-in tarixçəsi buna açıq sübutdur.

Milli Məclisimizin son çağırışında müxalifət nümayəndələri ümumiyyətlə parlamentin rəhbərliyində təmsil olunur. Partiyalar haqqında qanunun mövcudluğu və onun açıq ictimai müzakirələrin predmeti olması, partiyaların dövlət tərəfindən maliyyələşməsi məsələlərinin şəffaflığı, onların fəaliyyəti üçün yaradılan şərait, televiziya və internet vasitəsilə öz elektoratı ilə açıq təmasın aparılması üçün mövcud imkanlar, partiyaların açıq fəaliyyəti üçün ölkəmizdəki demokratik mühit və digər sadalamadığımız amillər ona dəlalət edir ki, respublikada “partiya mədəniyəti”nin formalaşmasına lazımi şərait yaradılmışdır. Beləliklə, göstərilənlərə istinadən müzakirə olunan təzahürün geniş şəkildə inkişaf olunmadığının və ya ona müraciət olmamasının əsas səbəbləri sırasından siyasi plüralizmi təmin edən ölkənin partiya sisteminin xüsusiyyətlərini istisna etmək mümkündür. Odur ki, səbəbləri digər istiqamətdə axtarmaq lazımdır.

“Partiya mədəniyyəti”nin geniş şəkildə inkişaf etmədiyinin digər səbəblər qrupuna müraciət edək. Bunlar ölkəmizdə mövcud partiyalararası münasibətləri xarakterizə edən xüsusiyyətlərdir. Sözügedən kontekstdə ölkəmizdə müxalifət adlanan partiyalarla bağlı cəmi bir amilin qeyd olunması kifayətdir ki, biz onlar arasında olan münasibətləri xarakterizə edə bilək. Şəxsi ambisiyalar, etinasızlıq və irrasionallıq uzun illər ərzində müxalifət partiyaları arasında koalisiyanın yaradılmasına maneə olumuşdur. Seçkilər, seçici iradəsi, daha güclü siyasi qüvvə olma ehtimalı, rasional düşüncə, tarixin dərsləri, iqtidarın çağırışları və bir sıra digər amillərin heç biri müxalifət partiyaların birləşməsinə səbəb ola bilməmişdir.

Müxalif siyasi qüvvələr arasında dialoqun olmaması da bilavasitə “partiya mədəniyyəti”nin inkişafı hələ də ibtidai mərhələdə olduğundan xəbər verir. Müxalifət sıralarında yaşanan “partiya mədəniyyəti”nin səviyyəsini qoyaq bir kənara, onların koalisiya şəklində siyasi mübarizənin aparılmasına maneə törədən əsas amillərdən biri də koalisiyanın bir çox partiyalar üçün siyasi alverin aparılmasına imkan verməməsidir. Deməli, “bazarın itirilməsi” qorxusu da real səbəblərdəndir. Halbuki, partiya mədəniyyətinin yaşadılması və nümayişi onlara daha çox siyasi divident qazandıra bilər.

Bu partiyalar nəinki inkişaf etmirlər, onlar üzv olduqları partiyaların gözəl ənənələrin itirilməsinin də səbəbkarlarıdırlar.

Müraciət edək müxalifətin “partiya mədəniyyəti”ni xarakterizə edən sonuncu qrup göstəricilərinə, yəni partiya daxilində onun üzvləri arasında münasibətlərin xüsusiyyətlərinə. Qarşılıqlı təhqirlər, şəxsi ambisiyalar, əsassız iddialar, dəyişməz ritorika, nihilist düşüncə tərzi, peşəkarlıqdan çox uzaq olan demaqogiya, şəxsi uğursuzluq, habelə siyasi fəaliyyəti tamamilə təhqir, şantaj, inkar və radikal çağırışlar üzərində qurmuş müxalifətin liderləri sayılan fərdlər – bu gün müxalifətimizin partiya mədəniyyətini səciyyələndirən əsas xüsusiyyətlərdir.

Digər, öz əhəmiyyətinə görə heç də geridə qalmayan xüsusiyyət dialoqa açıqlıq dərəcəsidir. Dialoqa açıqlıq dərəcəsi siyasi mədəniyyətin əsas göstəricilərdəndir. Azərbaycanda dialoqdan partiya olaraq qaçan qüvvə müxalifətdir və bu inkar olunmaz siyasi həqiqətdir. Bəli, onlar müxtəlif bəhanələri səsləndirirlər, ancaq həqiqət dəyişməz olaraq qalır: ölkəmizdə dialoqu şərtləndirərək dialoqdan qaçan tərəf mövcuddur və illər ərzində sağlam dialoqa çağıran iqtidar tərəf var. Artıq anlamaq lazımdır ki, dialoq müasir siyasi mübarizənin əsas sivil vasitəsidir. Dialoqu siyasi fəaliyyətin əsas vasitəsi kimi qəbul etməyən qüvvələr sırasında onları birləşdirə biləcək partiya mədəniyyətindən danışmaq bələ mümkünsüzdür.

Asif Usubəliyev - siyasi elmlər üzrə fəlsəfə doktoru

Bütün xəbərlər Facebook səhifəmizdə