"Unudulmayanlar" layihəsinin növbəti mühazirəsi xanəndə Hacıbaba Hüseynov

BMM-nin foyesində büstləri qoyulan muğam korifeylərimiz haqqında "Unudulmayanlar" layihəsinin çərçivəsində növbəti mühazirə Azərbaycanın Xalq Artisti, unudulmaz xanəndə Hacıbaba Hüseynova həsr olunub. Musiqişünas, professor Nailə Rəhimbəyli sənətkar haqqında geniş məlumatı izləyicilərə təqdim edib. SİA-nın məlumatına görə, Azərbaycan muğam məktəbinin təbliği və inkişafında Xalq artisti Hacıbaba Hüseynəli oğlu Hüseynovun özünəməxsus yeri vardır.

Hacıbaba Hüseynov 1919-cu il martın 15-də Bakı şəhərində anadan olmuşdur. Gənc yaşlarında tanınmış xanəndə Zülfü Adıgözəlovun qramvalını əldə edən Hacıbaba Hüseynov, onun oxuduqlarını təkrar edərək muğamın incəliklərini öyrənmişdir. O, 1945-ci ildə görkəmli tarzən və pedaqoq Əhməd Bakıxanovun ansamblında fəaliyyət göstərməyə başlamışdır.

Güclü hafizəsi sayəsində eşitdiyi musiqi nümunələrini, muğamları dərindən mənimsəmiş, əruz vəzninin qanunlarına əsasən qəzəllər yazmağa başlayıb. Onun səs diapazonu o qədər geniş olmasa da, öz tembrinə görə təsirli və məlahətli olub. Xanəndənin zəhmətsevərliyi və sənət axtarışları nəticəsində əldə etdiyi ifaçılıq texnikası, poeziya və muğamı yüksək bədii zövqlə uzlaşdırma qabiliyyəti muğam biliciləri və musiqisevərlər tərəfindən yüksək dəyərləndirilib.

Səhnə fəaliyyəti ilə yanaşı, həm də Asəf Zeynallı adına Musiqi Texnikumunda (indiki Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci) müəllim olaraq çalışan Hacıbaba Hüseynov Azərbaycan xanəndələrinin böyük bir nəslini yetişdirib.

Milli musiqi mədəniyyəti sahəsindəki xidmətlərinə görə o, 1989-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 1990-cı ildə isə Xalq artisti fəxri adına layiq görülüb. Xanəndənin 100 illik yubileyi Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2019-cu il tarixli Sərəncamına əsasən qeyd edilib.

Qeyd edək ki, layihənin məqsədi insanları incəsənətə, muğam irsimizə bir addım daha yaxın etmək və milli musiqi alətlərimiz, muğam korifeylərimizi böyük auditoriyaya tanıtmaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə