Rəqəmsal mühitdə yeni mədəni xidmətlər

Yaşadığımız qlobal proseslər təbii təhdidləri yaratmaqla yanaşı, sahələrin qarşısında yeni fəaliyyət formatlarının müəyyən etməsini də tələb edir. Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi də öz vəzifə funksiyalarının icrasını yeni formatda davam etdirməkdədir.

Ölkəmizdə koronavirus (COVID-19) infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə hökumət tərəfindən məqsədyönlü tədbirlər görülməkdədir. Hazırda müxtəlif sahələr üzrə ixtisaslaşmış müəssisələrin fəaliyyətində fasilələrin yaranmaması və lazımi işgüzar mühitin dəstəklənməsi məqsədilə vəzifə xidmətlərinin yerinə yetirilməsində yeni təhlükəsiz formatların axtarışı aktuallıq kəsb edir.

Mərkəzdən SİA-ya bildirilib ki, yaranmış mürəkkəb vəziyyəti nəzərə alaraq, həmçinin Mədəniyyət Nazirliyin mədəniyyət müəssisələrinin fəaliyyətinin səmərəli təşkili haqqında müvafiq əmrin icrası məqsədilə Mərkəz öz metodiki vəzifələrinin icrası çərçivəsində Nazirliyin və Mərkəzin rəsmi internet resurslar üzərində "Elektron Mədəni Konsaltinq xidmətləri" (EMK) adlı yeni layihəsini təqdim edir. EMK xidmətlər çərçivəsində Mərkəz məsafəli iş rejimində müxtəlif səpkili onlayn layihələri reallaşdırmaq niyyətindədir.

Artıq bir neçə təşəbbüs, o cümlədən "Metodiki tövsiyələrin elektron təqdimatı", mədəniyyət təzahürlərin açıq müzakirəsi və s. layihələr reallaşdırılıb. Eyni zamanda mərkəzin əməkdaşları "Evdə qal! Evdə Yarat!" kimi sosial çağırışlara həsr olunmuş müxtəlif televiziya kanallarının verilişlərində çıxış edib.

Bundan sonra da mərkəz tərəfindən onlayn rejimində müxtəlif profilli mədəniyyət müəssisələrin fəaliyyətinə dair metodiki məsləhətləşmələr, konkret mövzulara həsr olunmuş mühazirələr, o cümlədən tanınmış alimlərin mühazirələri, mədəni konsaltinq, ixtisasartırma mühazirələri, gənc mədəniyyət işçiləri ilə açıq müzakirələr, böhran vəziyyətlərində mədəniyyət müəssisələrinin idarə olunması üzrə məsləhətlərin təqdim edilməsi də nəzərdə tutulur.

Belə ki, muzey, mədəniyyət evləri, kitabxana, rəsm qalereyaları və digər mövzularını əhatə edərək, Mərkəzin əməkdaşları konkret vəzifələrin icrası, kreativ təfəkkür, səriştə və yanaşmalarla bağlı elektron layihəyə fəal qoşularaq öz bilik və bacarıqlarını büruzə vermək imkanı qazanacaqlar.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Biz birlikdə güclüyük" sözlərini şüar edərək, mərkəz öncədən təqdim olunacaq cədvələ uyğun olaraq müəssisənin rəsmi internet saytı, "Facebook", "Instagram" səhifələri, "Twitter", "Telegram" və "YouTube" kanalları vasitəsilə istifadəçilərə sözügedən layihələri təqdim edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə