Sumqayıt Dövlət Dram Teatrının rəhbərliyi də dəstək aksiyasına qoşulub

Bütün dünyanı bürümüş koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizədə Azərbaycan hökuməti də ciddi səylər göstərir, gərəkən zəruri tədbirləri yubanmadan həyata keçirir. Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargah tərəfindən ölkədəki vəziyyətə ciddi nəzarət olunur. İnfeksiyanın yayılmasının qarşısının alınması məqsədi ilə xüsusi rejimin tətbiq edilməsi barədə qərar qəbul edilib.

Prezident İlham Əliyev Sosial Həmrəylik nümayiş etdirməyin vacibliyini vurğulayıb, bu barədə tövsiyələrini xalqa çatdırıb. Daha sonra bir ilik əmək haqqını mübarizə tədbirlərinin gücləndirilməsi üçün təşkil edilmiş Fonda köçürüb. I Vitse-prezident Mehriban xanım Əliyeva da eyni qaydada bu təşəbbüsü dəstəkləyib.

SİA-nın məlumatına görə, Sumqayıt Dövlət Dram Teatrının rəhbərliyi də nəcib əmələ qoşulub. Belə ki, tetarın direktoru, Əməkdar artist Mübariz Həmidov və baş rejissor, Xalq artisti Firudin Məhərrəmov bir aylıq əmək haqqlarını "Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında" müvafiq Fərmana əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüblər.

Koronavirus sağlamlığımıza qarşı yönəlsə də, insanları təşvişə salsa da, sosial həmrəyliyin, birliyin və gigiyenik qaydaların qarşısında tab gətirə bilməz.

Qaydaları bilək, xəstəliyə güc gələk!

Bütün xəbərlər Facebook səhifəmizdə