Beynəlxalq Muğam Mərkəzinin təşkilatı dəstəyi ilə “Söz” ədəbi layihəsi çərçivəsində Xocalı soyqırımının 28-ci ildönümü münasibətilə “Unutmadıq!” adlı bədii proqram təqdim olunub. SİA-nın məlumatına görə,
“Xocalıya ədalət!”, “Xalqın gücü birliyində və yaddaşındadır!” şüarları ilə gerçəkləşən gecə monitorda Xocalıda şəhid olan insanların siyahısı və zalda Dövlət Sərhəd Xidmətinin “Sərhədçi” rəqs ansamblının - xoreoqraf Nailə Məmmədzadənin qurduğu kompozisiya ilə başlanıb. Kompozisiya gənc xanəndə Kənan Bayramovun “Bayatı Şiraz” muğamının ifası ilə tamamlanıb. Tədbir Xocalı faciəsində həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə davam edib. Layihənin rəhbəri Nigar Həsənzadə səhnəyə çıxaraq Xocalı faciəsinin iyirminci əsrdə törədilmiş insanlığa sığmayan ən dəhşətli faciələrdən biri olduğunu diqqətə çatdırıb. Erməni daşnaqlarının ötən əsrin əvvəllərində də azərbaycanlılara qarşı kütləvi qırğınlar törətdiklərini xatırladan N.Həsənzadə Xocalı soyqırımının bir xalqı, milləti məhv etmək məqsədi daşıdığını vurğulayaraq bu faciənin tanıdılması üçün müasir vasitələrdən istifadə edilməli və hər bir azərbaycanlı bu işdə həmrəylik nümayiş etdirməsini diqqətə çatdırıb: "Bu dəhşətli faciəni xatırlayaraq soyqırımda iştirak edənlərin hamısının cəzalandırılmasını tələb edirik. 28 ildir ki, gözləyirik və ümid edirik ki, bu işi həyata keçirən erməni vəhşiləri ən yüksək məhkəmə qarşısında cavab verəcəklər. Ədalətin zəfər çalmasına inanırıq. Bu gecə sizinlə birlikdə Xocalıda həyatını itirənlər üçün birgə dua edək”.

Daha sonra layihə rəhbəri tədbirin iştirakçılarına və qonaqlara minnətdarlığını bildirib.

Tədbirdə “Söz” ədəbi layihəsinin qalibləri şairlər Mehman Rəsulov, Fərid Hüseyn və Şəhriyar Del Gerani, Saleh Sabat, Aytac Babayeva, Firdovsi Rəsul şəhidlərə həsr edilən şeirləri ilə çıxış ediblər. Həmçinin rejissor Natiq Muxtarovun Xocalıya həsr edilən qısa filmi nümayiş olunub. Gecədə ilk dəfə olaraq Xocalı faciəsi zamanı bütün ailəsini itirərək sağ qalan bacılar Kərimova Gülnar və Xəlilova Həmayıl səhnəyə çıxaraq həmin dəhşətli gecədən yaddaşlarında qalanları nəql ediblər. Onların ata və anası həmçinin bacıları bu faciənin qurbanı olub. Onların bacılarının ölmüş cəsədini monitorda nümayiş olunan Çingiz Mustafayevin lentə aldığı kadrlarda görürük.

Gecə Bakı Musiqi Akademiyasının “Detaşe” violin ansamblı (rəhbər Xalq artisti Zəhra Quliyeva), Azərbaycan Dövlət Simfonik Orkestrinin solisti Emin Qaliyevin ifaları və xalq musiqilərindən parçalarla davam edib.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşan, gənc istedadlı şairlərin ortaya çıxarılması, cəmiyyətə tanıdılması məqsədi ilə həyata keçirilən layihənin rəhbəri, şair Nigar Həsənzadədir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...