Xocalı faciəsinin 28-ci ildönümü münasibətilə tədbir keçirilib FOTOLAR

Üzeyir Hacıbəylinin ev-muzeyində Xocalı faciəsinin 28-ci ildönümü münasibətilə tədbir keçirilib. Tədbirdə Yasamal rayonunda yerləşən N.Tusi adına gimnaziyanın müəllim və şagirdləri, “Aytam” Uşaqların Mədəni Maarifləndirilməsi İctimai Birliyinin üzvləri iştirak ediblər. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə muzeyin şöbə müdiri Gülnarə Ələsgərova açıb.

O, Azərbaycanın faciələrinin gənc nəslin yaddaşından silinməməsi üçün belə tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıb. N.Tusi adına məktəbin tarix müəllimi Vaqif Qazıyev tədbir iştirakçılarına Xocalı faciəsinin dəhşətlərindən danışıb. Belə faciələrin təkrar olunmaması üçün Azərbaycan gənclərini əlbir olmağa, ayıq olmağa səsləyib. “Aytam” Uşaqların Mədəni Maarifləndirilməsi İctimai Birliyinin şagirdləri İsmayılova Fatimə, Əliyev Mətləbxan, Qasımlı Nurəli, Mikayıllı Esmira və başqaları Azərbaycan şairlərinin vətənpərvər şeirlərini söyləyiblər.

Sonra Şuşa məktəbinin şagirdi Temirova Fəridə royalda Azərbaycanın himnini ifa edib.

Tədbirdən sonra iştirakçılar muzeyin ekspozisiya zalları ilə tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə