Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində 21 fevral-Beynəlxalq Ana Dili Günü münasibətilə “Dilin özü, sözün izi” adlı tədbir keçirilib. SİA-nın məlumatına görə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin Teatr Muzeyi ilə birgə hazırladığı tədbir dövlət himninin səslənməsi ilə başlayıb.

Bütün qonaqları salamlayan Teatr Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova rəhbərlik etdiyi mədəniyyət ocağının teatr tariximizin öyrənilməsi, gələcək nəsillərə çatdırılması istiqamətində gördüyü işlərdən danışıb. Bildirib ki, bütün zamanlarda teatr Azərbaycan dilinin saflığının qorunması yolunda böyük mücadilə aparan əsas məbədlərdən biri olub.

Sonra dilimizin inkişaf tarixindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin dekanı Mahirə Hüseynova və universitetin Azərbaycan dili və onu tədrisi texnologiyası kafedrasının müəllimi İlkin Həsənli mövzu ilə bağlı geniş çıxış ediblər.
Bildirilib ki, hər il fevralın 21-i dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib. Beynəlxalq Ana Dili Günü 1952-ci il fevralın 21-də Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan 4 tələbənin öldürülməsi hadisəsini bir daha insanların xatirəsində canlandırır. Belə ki, 1952-ci il fevralın 21-22-də Pakistanda benqal dilinin qadağan edilməsinə etiraz olaraq keçirilən aksiyada polis və silahlı qüvvələrin müdaxiləsi nəticəsində 4 nəfər şəhid olmuşdu. Banqladeş nümayəndələri fevralın 21-ni məhz həmin şəhidlərin xatirəsinə ehtiram əlaməti kimi ana dili günü adlandırılması haqqında müraciət ediblər. UNESCO-nun baş konfransında 21 fevral - Beynəlxalq Ana Dili Günü elan olunub və üzv ölkələrə bildirilib ki, həmin gün məktəblərdə, universitetlərdə ana dilinin əhəmiyyəti ilə bağlı tədbirlər, konfranslar, seminarlar keçirilsin.

Qeyd edilib ki, ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması dilimizin gözəl bilicisi, mahir natiq ulu öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir.

Vurğulanıb ki, 2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addım olub. Bu sənəd ümummilli lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir. Hazırda bu ənənələri Prezident İlham Əliyev uğurla davam etdirməkdədir. Dövlətimizin başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında”, “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamları, “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı və bu istiqamətdə görülən işlər dilimizin inkişafına böyük qayğının təzahürüdür.

Tədbir çərçivəsində tələbələr milli-mənəvi dəyərimiz olan ana dilinin zənginliyindən bəhs edən mühazirələr oxuyub, həmçinin Azərbaycan, rus, alman, ingilis və fransız dillərində şeirlər söyləyiblər.

Eləcə də tələblər Ceyhun Osmansoy və Nəzrin Məlikovanın ifasında saz havaları dinlənilib.

Sonda sözləri filologiya elmləri doktoru, professor Mahirə Hüseynovaya məxsus “Gələcək” mahnısı səsləndirilib.

© Materiallardan istifadə edərkə

Bütün xəbərlər Facebook səhifəmizdə