Sənətə bağışlanan ömür- (Səməndər Rzayevin 75 illik yubileyinə həsr edilib)

Sənətə bağışlanan ömür- (Səməndər Rzayevin 75 illik yubileyinə həsr edilib)

Yazımı ilk olaraq illərin əfsanələrindən ölməzlik mücəssəməsi kimi tanıdığımız Səməndər quşuna aid bir bir rəvayətlə başlamaq istəyirəm. Deyilənlərə görə Qaf dağında yaşayan Səməndər quşunun 360-a yaxın dəliyi olan kəkili var umiş və hər rüzgar əsəndə bu dəliklərdən əsrarəngiz bir musiqi sədaları ətrafa yayılarmış. Qanadlarını açıb çırpanda ətrafa qığılcım saçar, yanıb kül olar, külündən yeni bir Səməndər quşu doğular, bununla da ölməzliyə qovuşarmış.

İfa etdiyi rolları ilə ürəklərdə özünə yer almış gözəl sənətkarımız Səməndər Rzayev də Səməndər quşu kimi yanaraq yaşadı, yanaraq əbədiyyətə qovuşdu. Səhnəyə, öz sənətinə, öz obrazlarına yanaraq...

1945-ci ilin yanvar ayında dünyaya göz açan sənətkar təəssüf ki, çox tez, ömrünün 41-ci baharında onu sevənləri tərk etdi. Əslində tərk etdi demək də doğru deyil. Sənəti üçün özünü əbədi odlara atmış sənətkar öz qığılcımları ilə hər birimizin ürəyində bir şam yandırıb getdi, bu şamın şöləsi isə sönməzdir.

Uşaqlıq illəri Böyük Vətən Müharibəsinin sonuna düşsə də, çətinliklər, ehtiyaclar onun da ailəsindən uzaq düşmədi. Anası onu həmişə Səməni-deyib çağırardı. Öz uşaq hissiyatı ilə ailəyə kömək olaraq istedadına, bacarığına uyğun işlər tapar, ailə üçün kiçik miqdarda da olsa qazanc gətirərdi.

Yağışlı bir gündə balaca Səməndər uşaqlarla oynayarkən körpüdən sürüşüb möhkəm əzilir. Dizindən ağır zədə aldığından uzun müddət xəstəxana, sonra isə ev şəraitində müalicə alan, hər gün radio tamaşaları, verilişləri dinləməkdən başqa əlacı

olmayan uşaq tezliklə bu sənətin sehrinə düşür. Ən çox sevərək dinlədiyi “Arxib baba və Lyonka” radio-tamaşasındakı Arxib baba rolunu ifa edən Ələsgər Ələkbərovun səsi sanki onu ovsunlayır və Səməndəri aktyor olmaq üçün qərar verməyə tələsdirir.

Məktəb illərindən hələ “aktyor” ləqəbi qazanan Səməndər Rzayev orta məktəbi bitirib Azərbaycan Dövlət Teatr İnstitutunun (indiki ADMİU) aktyorluq fakültəsinə daxil olur. Tələbəlik illərində Rza Təhmasib, Mehdi Məmmədov, Adil İsgəndərov kimi tanınmış sənətşünas-rejissorlardan dərs alan Səməndər elə o vaxtlardan sənət adamlarının diqqətini çəkir. Hələ tələbəykən televiziyadakı çıxışları ilə qiraət ustası kimi sevilir. O zamanlar hər kəsin sevə-sevə dinlədiyi radio verilişlərindən olan “Bulaq” folklor toplusunda öz ecazkar səsi ilə hər kəsi bu səsin sehrinə salmağı bacarır.

1967-ci ildən Milli Dram Teatrında çalışmağa başlayan sənətkar teatr səhnəsində saysız-hesabsız obrazlar yaradır. Tofiq Kazımovun rejissorluğu ilə çəkilən Şeksprin “Hamlet” tamaşasında ifa etdiyi Horatsio rolu onun istedadını bir daha üzə çıxarır. Səməndər Rzayevin ilk kino debütü 23 yaşında baş tutur. Teatr səhnələrindən özünə rəğbət qazanmış aktyor, kinoda ilk dəfə “Uşaqlığın son gecəsi” filmində, ardınca “Tütək səsi” filmində ani bir kadra çəkilir, 1973-cü ildə Həsən Seyidbəylinin rejissorluğu ilə lentə alınmış “Nəsimi” filmində ilk böyük rolunu-Şirvanşah İbrahimi böyük ustalıqla ifa edir. Yaratdığı obrazın hər cümləsini, baxışını, hərəkətini qəlbən yaşayan aktyor ekrana səhnədən gəlməsinə baxmayaraq canlı kino estetikasında ilk böyük uğura nail olur. Şirvanşah İbrahim obrazını Səməndər elə özününküləşdirmişdi ki, filmi izləyərkən sanki qarşında aktyor deyil tarixi şəxsiyyət olan İbrahim şahın dayandığına inanırsan.

Rejissorlardan ən çox Tofiq Tağızadə, Arif Babayev, Həsən Seyidbəyli, Tofiq İsmayılov, Vaqif Mustafayev Səməndəri sevə-sevə öz filmlərinə dəvət

edirdilər. Səməndər Rzayevi isə ən çox teatr, televiziya filmləri, tamaşalar özünə çəkirdi. Bir də bulaq suyu kimi təmiz, şəffaf səsi ilə aparıcılıq etdiyi "Bulaq" verilişi. Bu da sənətkarın böyüklüyündən, istedadından xəbər veriridi. Teatr səhnələrində tamaşaçı ilə birbaşa ünsiyyət, anidən alınan səhnələr, emosiyalrın kontaktı bütün bunlar sənətkar üçün çöx önəm daşıyırdı.

Səhnələşdirilən əsər o vaxt uğurlu olur ki, obrazları canlandıran aktyor peşəkar olsun, obraza nəfəs verməyi bacarsın. Bu baxımdan demək olar ki, Səməndərin ifa etdiyi rolların hamısı uğurlu olub. "777 nömrəli iş", "Ad günü", "Alma almaya bənzər", "Arxadan vurulan zərbə", "Babamızın babasının babası", "Babək", "Bağ mövsümü", "Bakıda küləklər əsir", "Bəyin oğurlanması", "Birisigün gecəyarısı...", "Bizim küçənin oğlanları", "Çarvadarların izi ilə", "De ki, məni sevirsən!", "Dədə Qorqud", "Dəli Kür", "Evlənmək istəyirəm", "Evləri köndələn yar", "Ən vacib müsahibə", "Əzablı yollar", "İstintaq", "Qara gölün cəngavərləri", "Qatır Məmməd", "Qərib cinlər diyarında", "Qız qalası əfsanəsi", "Nəsimi", "Nizami", "O qızı tapın", "Ömrün səhifələri" (Kinoalmanax) və s.kimi filmlərdə, “Evləri köndələn yar”, “Yollar görüşəndə”, “Sarıköynəklə Valehin nağılı” və s. televiziya film və tamaşalarında, S.Vurğunun “Vaqif”, “İnsan”, C.Məmmədquluzadənin “Dəli yığıncağı”, C.Cabbarlının “Aydın” və s. pyeslərin tamaşalarında müxtəlif xarakterli, yaddaqalan, maraqlı obrazlar yaratmışdır. Tamaşaçılar son dəfə olaraq Səməndər Rzayevi 28 iyun 1986-cı ildə Tofiq İsmayılovun “Xüsusi vəziyyət” filmində gördülər.

Teatr, kino, radio və televiziyanın birləşdiyi çoxşaxəli yaradıcılıq yolunda Səməndər bu sənətin əlçatmaz zirvəsinə çata bildi. Simfoniyaya bənzəyən səsinin qüdrəti, ecazkarlığı, dəyərlərin qabardılmasına köklənmiş xüsusi avazı onu tamaşaçıya daha da yaxından bağlayırdı. Kiçik epizodik rollarla səhnəyə daxil olaraq əsərin baş qəhrəmanlarını belə kölgədə qoyan Səməndər, öz dili ilə desək, kiçik açarla böyük qapılar açmağı bacardı.

Ümumiyyətlə aktyorluq elə bir sənərdir ki, aktyorun öz daxili “mən”ini, öz xarakterini gizlətməsi həmişə mümkün olmur. Hansısa məqamlarda istər-istəməz özündəki çılğınlıq, temperament, psixoloji məqamlar üzə çıxır. Elə onun sənətdə bu cür uğur qazanmasının ən başlıca səbəbi də o idi ki, onun qəhrəmanları səmimi insanlar idi və aktyor özü də daxilən səmimi, təmiz ruhlu insan olduğu üçün yaratdığı rollara da bu səmimiliyi, təmizliyi hopdura bilirdi.

İfa etdiyi rollarda obrazların dili ilə səsləndirdiyi saysız-hesabsız ifadələr isə dillərdə əzbər olub. “Bəyin oğurlanması” filmində “Ayə, niyə oynamırsınız?”, “ bu kino ki var...”, “Mənəm ey, Hidayət müəllim” kimi ifadələri eşidəndə istər-istəməz üzlərdə təbəssüm yaranır.

O, ifadəli baxışları ilə, üzünün özünəməxsus mimikası ilə, nitqin ahəngi, səsinin tembri, emosional çalarları ilə, gah sakit, gah kükrəyən, gah bulaq kimi daşan ağayana səsi ilə obrazı elə o andaca səhnədə yenidən yaradırdı, səhnədə baş berə biləcək hər hansı gözlənilməz vəziyyətdə yüksək peşəkarlıqla improvizə edirdi. Səməndər Rzayev həmçinin səhnədə özgələşmə prinsipini də çox ustalıqla həyata keçirə bilirdi. Xırda bir detaldan, adi bir geyim tərzindən güclü xarakter yarada bilirdi. Sənətkar ancaq müəyyən bir məqama yüksələrkən yarada bilir. Səməndər Rzayev də bu yüksək məqamı fəth edə bildi və və hər kəsin xatirəsində bir yüksəklik mücəssəməsi olaraq da qaldı.

Səməndərin sənətdə qazandığı bu uğurun bir səbəbi də məhz onun əzəmətli səs tembrinə malik olması idi. Filmlərin çoxunda bəzi aktyorların obrazları onun səsi ilə səsləndirilirdi. Səməndər Rzayevin təkcə səsi deyil, müdrik, ağayanə görkəmi də sanki elə səhnə üçün biçilmişdir. Yaşından çox-çox irəli gedən bir görkəmə, davranış tərzinə görə idi ki, onun çəkildiyi rollar da samballı, ağır təbiətli rollar olurdu.

Deyilənlərə görə Səməndərin çox gözəl rəssamlıq və şeir yazmaq həvəsi də var imiş. Öz aktyor yoldaşlarına şerlər yazar, bu şerlər onların dilində əzbərə çevrilər, xoş bir gülüşlə qarşılanarmış.

Səməndər Rzayev 20-dən çox kinofilmə, 30-dan çox televiziya tamaşasına çəkilərək yaddaşlarda iz salmış obrazlara imza atır.

Uzun müddət amansız xəstəliklə mübarizə aparan aktyor həm sənətə verdiyi misilsiz dəyər sayəsində, həm də pərəstişkarlarını nigaran qoymamaq üçün xəstə bir vəziyyətdə görkəmli rejissor Mehdi Məmmədovun “Həyatın dibində” tamaşasında son rolunu çətin və ağır olsa da, uğurla ifa edir.

1974-cü ildə “Əməkdar artist” fəxri adına layiq görülən sənətkar 1986-cı il mart ayının 27-də 41 yaşında Beynəlxalq Teatr Günündə Bakıda vəfat edir.

Cəmi 41 il ömür yaşamış Səməndər teatr səhnələrində saysız-hesabsız rolları ilə qısa zaman ərzində tamaşaçıların sevgisini qazanmağı bacarır. Bəli, qısa zaman çərçivəsində...

Deməli, insanın özünü həyatda təsdiq etməyi üçün qısa bir zaman kəsiyi də kifayət edərmiş. Elm adamlarının yüksəlişi pillə-pillə olur, sənət adamlarının inkişafı isə birdən-birə baş verir. Azərbaycanın səhnə tarixinə gəlişi ilə parlamaq demək Səməndərin də qismətində var imiş. Həmişə nuraqənşər bir yolun əbədi yolçuları olan belə insanlar hər gün yenidən doğulur və beləcə ölməzliyə qovuşurlar.

Elmira Məmmədli,

Mədəniyyət üzrə Elmi-Metodiki və

İxtisasartırma Mərkəzinin sektor müdiri

Bütün xəbərlər Facebook səhifəmizdə