“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti fəaliyyətini genişləndirir FOTOLAR

Xalçaçılığın vətəni olan Azərbaycanda bu sahəyə göstərilən qayğı öz bəhrəsini verir. Xalçaçılıq xalqımızın milli dəyəri kimi bu gün ölkəmizdə ciddi diqqət yetirilən sahələrdən birinə çevrilib. Azərbaycan xalçaçılığının inkişafı istiqamətində 2019-cu ildə də mühüm tədbirlər həyata keçirilib.

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətindən SİA-ya bildirilib ki, Prezident İlham Əliyevin 28 fevral 2018-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın qəbul olunması xalçaçılıq sənətinin yaşadılmasını, ölkəmizdə ənənəvi xalq üsulu ilə kütləvi xalça istehsalını, onun qeyri-neft sektorunun aparıcı sahəsinə çevrilməsini təmin edir. “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti 2019-cu ildə fəaliyyətini, əsasən, Dövlət Proqramında qarşıya qoyulan tapşırıqların icrası istiqamətində qurub.

Ölkə rəhbərinin tapşırıqlarına uyğun olaraq, respublikada xalçaçılıq şəbəkəsinin genişləndirilməsi istiqamətində görülən işlər 2019-cu ildə də davam etdirilib. Ötən il Prezident İlham Əliyevin iştirakı ilə Səhmdar Cəmiyyətin Qobustan və Qəbələ filiallarının, Qobustan regional yun və boyaq bitkilərinin tədarükü məntəqəsinin açılışı olub. Qobustandakı filialın və tədarük məntəqəsinin açılışında birinci xanın Mehriban Əliyeva da iştirak edib.

2019-cu ildə Səhmdar Cəmiyyətin daha bir filialı – İsmayıllı şəhərində ikinci xalça istehsalı emalatxanası fəaliyyətə başlayıb. Bu filialın fəaliyyətinin təmin olunması məqsədilə tədris-hazırlıq kursu təşkil edilib, 100-ə yaxın toxucu kadr hazırlanıb.

2019-cu il ərzində “Azərxalça”nın 21 filialında 2 min 555 ədəd, 8 min 836 kvadratmetr xalça toxunub. Cəmiyyətin filialları arasında ən məhsuldarı Lənkəran şəhərindəki xalça istehsalı emalatxanasıdır. Belə ki, 2019-cu ildə Lənkəran filialında 900 kvadratmetr xalça istehsal olunub.

“Azərxalça”nın fəaliyyəti dövründə, ümumilikdə, 4 min 292 ədəd, 14 min 770 kvadratmetr xalça toxunub. Həmin xalçaların 4 min 559 kvadratmetri satışa hazırlanıb ki, onun da 1919 kvadratmetri satılıb.

Xalça fabriklərinin xammalla təmin edilməsi məqsədilə görülən işlər də davam etdirilib. Sumqayıt Kimya Sənaye Parkında inşa edilən Yunəyrici-Boyaq Fabrikində tikinti işləri başa çatdırılıb. Hazırda fabrikdə Türkiyə, Almaniya, Fransa, Çin, İsveçrə və İtaliya istehsalı olan avadanlıqlar quraşdırılır. Bu müəssisədə ildə 1500 ton yun emal ediləcək. Fabrikin iplik istehsalı gücü birnövbəli iş rejimində ildə 250 tondur. Fabrikdə istehsal olunacaq iplik nəinki daxili tələbatı ödəyəcək, eyni zamanda ixrac imkanı da yaradacaq. Burada istehsal ediləcək təmiz yun isə xammal kimi satışa çıxarılacaq. Bu istiqamətdə araşdırmalar aparılıb, hansı ölkələrdə belə xammala tələbatın olduğu müəyyənləşdirilib.

Fabrikin xammalla təmin olunması məqsədilə isə Naxçıvan şəhərində, Qobustan, Şabran, Bərdə və Sabirabad rayonlarında yaradılan regional yun və boyaq bitkilərinin tədarükü məntəqələrində ötən ilin may ayından yun qəbuluna başlanılıb. İndiyədək 298 ton yun tədarük olunub.

Bu il boyaq bitkilərinin də tədarükünə başlanılacaq. Ona görə də ötən il bölgələrdə əhali ilə görüşlər keçirilib, boyaq bitkilərinin təbiətə zərər vurmadan necə toplanması əyani şəkildə əhaliyə izah edilib.

Azərbaycan xalçasının dünya bazarında öz yerini tuta bilməsi və möhkəmlənməsi üçün müvafiq tədbirlər həyata keçirilir. 2019-cu ildə “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti ilə Amerika Birləşmiş Ştatları-Azərbaycan Ticarət Palatası arasında imzalanan niyyət protokoluna uyğun olaraq, ABŞ-da Azərbaycan xalçalarına həsr edilmiş tədbirlərin keçirilməsinə başlanılıb. Məqsəd ABŞ-da Azərbaycan xalçalarının təbliğ edilməsi, “Azərxalça”nın məhsullarının satış imkanlarının genişləndirilməsidir. Ötən ilin dekabr ayında Palatanın Vaşinqtonda yerləşən inzibati binasında Azərbaycan xalçalarından ibarət sərgi açılıb.

Xalça istehsalı emalatxanalarının yaradılması istiqamətində görülən işlər 2020-ci ildə də davam etdiriləcək. Prezident İlham Əliyevin 5 noyabr 2019-cu il tarixli Sərəncamına uyğun olaraq, bu il Goranboy rayonunun Yuxarı Ağcakənd qəsəbəsində Xocalı filialı üçün xalça istehsalı emalatxanası tikiləcək.

Bu il əsas diqqət yetiriləcək məsələlərdən biri də istehsal olunan məhsulun daha geniş səviyyədə xarici bazarlara çıxarılmasıdır. 2019-cu ildə potensial xalça alıcısı olan ölkələrin bu sahə üzrə ixtisaslaşmış şirkətləri ilə əlaqələr yaradılıb, danışıqlar aparılıb.

Dövlət başçısının böyük qayğısı sayəsində yaradılan xalça fabriklərində toxunan xalçalar artıq “Azərbaycan brendi” kimi dünyaya ixrac olunur. İndi ölkəmizdə istehsal olunan xalçalar dünyanın müxtəlif ölkələrində satışa çıxarılır. Odur ki, “Azərxalça” keyfiyyətli məhsul istehsalına ciddi diqqət yetirir.

Səhmdar Cəmiyyətin fəaliyyətinin, xalça istehsalının genişləndirilməsi, kadr hazırlığı işinin təkmilləşdirilməsi, xalçaçılığın rəqabət qabiliyyətinin, ixrac potensialının artırılması istiqamətində görülən işlər uğurla davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə