7 saylı Uşaq Musiqi Məktəbi Sarabskinin yubileyini qeyd edib - FOTOLAR

7 saylı Uşaq Musiqi Məktəbi Sarabskinin yubileyini qeyd edib - FOTOLAR

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nəsimi rayonu H.Sarabski adına 7 saylı Uşaq Musiqi Məktəbinin şagirdlərinin M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının kamera və orqan musiqi zalında Azərbaycan opera müğənnisi (lirik tenor), aktyor, rejissor, pedaqoq, teatr xadimi, Azərbaycanın xalq artisti, Azərbaycan peşəkar musiqi teatrının banilərindən biri Hüseynqulu Sarabskinin anadan olmasının 140 illiyinə həsr edilmiş tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Mədəniyyət Nazirliyinin Regional siyasət şöbəsinin məsləhətçisi Əlisoltan Sadıxov, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin sektor müdiri Bətulə Məmmədəliyeva, mütəxəssis Mehriban Qurbanova, Musiqi Məktəbinin direktoru Mehriban Rüstəmova, Sarabskinin nəvələri Maisa və Leynufər Sarabskayalar, 26 saylı Uşaq Musiqi Məktəbinin direktoru Gülşən Quliyeva, 35 saylı Uşaq Musiqi Məktəbinin direktoru, əməkdar müəllim Yusif Vəliyev, 25 saylı Uşaq Musiqi Məktəbinin direktoru Əmirhüseyn Hüseynov, F.B.Köçərli adına Mərkəzi Kitabxananın direktoru Şəhla Qəmbərova, 20 saylı Uşaq Musiqi Məktəbinin direktoru Sevda Məmmədova, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.

Tədbiri Musiqi Məktəbinin şagirdləri Ayan Əsgərova, Zəhra Hüseynzadə açıq elan edərək dahi opera müğınnisinin həyat və yaradıcılığından söhbət açıblar. Məlumat verilib ki, Hüseynqulu Sarabski 1879-cu ildə Bakıda kasıb bir ailədə anadan olmuşdur. Uşaqlıqdan musiqiyə böyük həvəsi və yaxşı səsi ilə seçilirdi. Özünün xatirələrində yazdığı kimi "Məhərrəmlik vaxtında dini havalar oxuyar, mərsiyə deyər, münacat çəkər, eyni zamanda el şənliklərində, toyda-bayramda muğamlara, mahnılara qulaq asar, öyrənərdi". O, 12 yaşı olarkən ilk dəfə teatr tamaşasına baxır: bu həvəskarların ifasında "Xan Sarabi" adı ilə qoyulmuş Mirzə Fətəli Axundovun "Sərgüzəşti-Vəziri-Xani-Lənkəran" komediyası idi. Əsl soyadı Rzayev olan Hüseynqulunun sonralar götürdüyü səhnə təxəllüsü - Sarabski də bu güclü təəssüratın əks-sədası oldu. Azərbaycanda milli dramaturgiyanın əsasını qoymuş Mirzə Fətəli Axundovun əsəri Azərbaycanın ilk opera artistinin taleyində rəmzi bir məna alaraq, onu əbədiləşdirən ada təkan verdi.

Hüseynqulu Sarabskinin teatra gəlməsində, aktyorluq sənətini seçməsində, püxtələşməsində teatr xadimlərindən, tanınmış ziyalılardan Nəriman Nərimanovun, Əbdürrəhim bəy Haqverdiyevin, Rəhim bəy Məlikovun, həmkarları – Hüseyn Ərəblinskinin, Cahangir Zeynalovun və başqalarının böyük rolu olmuşdur. İlk dəfə 1902-ci ildə Nəriman Nərimanovun "Dilin bəlası" pyesində Rəsul roluna çıxan Hüseynqulu sonralar teatr səhnəsində Mirzə Fətəli Axundovun, Nəcəf bəy Vəzirovun, Əbdürrəhim bəy Haqverdiyevin dram əsərlərində bir sıra müxtəlif xarakterli rollar oynayır. O, yalnız milli repertuarda deyil, Azərbaycan dilinə tərcümədə Uilyam Şekspirin, Heynenin, Şillerin, Qoqolun əsərlərində də çıxış edirdi. Məhz Henrix Heynenin "Əlmənsur" pyesində ərəb səyyahının rolunda çıxış edərkən oxuduğu təsiredici "Hicaz" muğamı onun Azərbaycan mədəniyyətinin yeni bir aləminə – musiqili-teatra, operaya gətirdi. Bu tamaşa zamanı Sarabski o zamanlar Azərbaycanın və Şərqin ilk operası olan "Leyli və Məcnun" üzərində işləyən Üzeyir Hacıbəyovun diqqətini cəlb etdi. Üzeyir Hacıbəyov məlahətli səsə malik, muğamlara bələd olan aktyor kimi də təbii və canlı Hüseynqulu Sarabskinin opera artisti kimi potensialını hiss edərək onu öz operasında baş rola – Məcnun roluna dəvət etdi. Bu rol Hüseynqulu Sarabskiyə sözün əsl mənasında ümumxalq məhəbbəti və şöhrət gətirdi. Bu rol bəlkə də aktyorluq sənətinə hələ də "oyunbazlıq" kimi baxanların teatra münasibətini kökündən dəyişdirən təkan nöqtəsi oldu. Aktyorun özünün yazdığı kimi "vaxtı ilə onu barmaqla göstərən, ona tənə ilə baxanlar indi onu Məcnun deyə çağıraraq alqışlayır, hörmətlə qarşılayırdılar". Səhnədə yaşadığı 30 ildən artıq bir müddətdə o 400 dəfə bu rolu oynamış,[1] Azərbaycan səhnəsinin təkrarolunmaz Məcnunu kimi ad qoymuşdur.

Hüseynqulu Sarabski milli opera tarixində Üzeyir Hacıbəyovun opera və operettalarında – Kərəm ("Əsli və Kərəm"), Şeyx Sənan ("Şeyx Sənan"), Şah Abbas ("Şah Abbas və Xurşidbanu"), Söhrab ("Rüstəm və Söhrab"), Sərvər ("O olmasın, bu olsun"), Mərcan bəy ("Ər və arvad"), Əsgər ("Arşın mal alan"), Müslüm Maqomayevin "Şah İsmayıl"ında Şah İsmayıl, Zülfüqar Hacıbəyovun "Aşıq Qərib"ində Aşıq Qərib rollarının ilk ifaçısı kimi ad qoydu.

Sonra məktəbin şagirdləri Sübhan Rüstəmzadə (müəllimi Arzu Əzizova), Yasəmən Umudova (Sevil Qasımova), Əsgərli İqan Ümid (Kəmalə Mirbabayeva), Fərəh Əliyeva (Sevil Qasımova), Ayan Hacıyeva (Rəna Əkbərova), Camal Əliyev (Sevil Qasımova), Nilay Hüseynli (Kəmalə Mirbabayeva) konsert proqramı ilə çıxış ediblər.

Daha sonra Əlisultan Sadıxov çıxış edərək Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi olan yubilyarın həyatından və yaradıcılığından, Prezident İlham Əliyevin dahi opera müğənnisi H.Sarabskinin anadan olmasının 140 illiyinin keçirilməsi barədə imzaladığı Sərəncamın əhəmiyyətindən danışıb.

Tədbirin sonunda 7 saylı Uşaq Musiqi Məktəbinin direktoru, Respublikanın Əməkdar müəllimi Mehriban Rüstəmova çıxışında tədbirdə iştirak edənlərə minnətdarlığını bildirib və qeyd edib ki, dahi opera müğənnisi Hüseynqulu Sarabskinin adını daşıyan məktəbdə fəaliyət göstərmək rəhbərlik etdiyi kollektivə əlavə məsuliyyət və stimul verir.

Bütün xəbərlər Facebook səhifəmizdə