ATMU-da Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov Ümummilli Liderin müdrik siyasətindən, tarixi uzaqgörənliyindən, Azərbaycan dövlətinin qurulub inkişaf etdirilməsindəki xidmətlərindən danışıb. Ulu Öndərin elm, təhsil, mədəniyyət sahələrinin inkişafına göstərdiyi əvəzolunmaz rolundan danışan rektor bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.

Ümummilli Lider Heydər Əliyevin hər zaman gənclərə qayğı ilə yanaşdığını, onların problemlərini həll etməyə çalışdığını faktlarla əsaslandıran İ.Mədətov gənclərin ictimai-siyasi həyatda fəallığını artırmaq üçün həyata keçirilən “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nın səmərəli tətbiqini, idarəetmə orqanlarında gənc mütəxəssislərə üstünlük verilməsini məhz Ulu Öndər tərəfindən müəyyənləşdirilmiş gənclər siyasətinin uğurlu nəticəsi kimi dəyərləndirib. Heydər Əliyevin siyasi obrazının Azərbaycan xalqının dövlətçilik şüurunun, tarixin sınağından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbinin, müasir ictimai-siyasi fikrin ən davamlı keyfiyyətlərinin canlı təşəssümü olduğunu bildirib.

Ümummilli Lider Heydər Əliyevin xalqı və dövləti üçün gördüyü işlərdən, ölkəmizin beynəlxalq aləmdə söz sahibinə çevrilməsindəki xidmətlərindən danışan ATMU-nun “Heydər Əliyev” lektoriyasının rəhbəri, tarix üzrə elmlər doktoru Məhərrəm Zülfüqarlı müasir müstəqil Azərbaycanı Ulu Öndərin şah əsəri adlandırıb.

Geniş fikir mübadiləsi şəraitində davam edən tədbirdə Ümummilli Liderə həsr olunan videoçarx göstərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə