Sumqayıt Dövlət Dram Teatrı Yeni ilə hazırlaşır

Sumqayıt Dövlət Dram Teatrı yeni ilə hazırlaşır. 2019-cu il sona çatmaq üzrədir. Kiçikdən böyüyə hər kəs yeni il ab-havasına köklənibdir. Bu il doğma Sumqayıtımız üçün xüsusi ilə əlamətdar olub.

Teatrdan SİA-ya verilən xəbərə görə, şəhərimizin 70 illiyi çərçivəsində biri birindən maraqlı, çeşidli, yüksək məzmun və məna yükünə malik tədbirlər silsiləsi gerçəkləşib. Nəhayət, dövlət başçısı Cənab İlham Əliyev şəhərimizə gəldi, yeni mədəniyyət müəssisələrinin açılış mərasimində iştirak etdi. Şəhərin sosial-iqtisad, mədəni inkişafına töhfə vermiş bir qrup şəxs mükafatlandırıldı. Qürur duyuruq ki, Prezident İlham Əliyevin şəhər ictimaiyyəti ilə görüşü məhz bizim binada - Sumqayıt Dövlət Dram Teatrında baş tutdu.

Həmçinin əməkdaşlarımızdan bir neçəsi təltif olundu. Əlbəttə, bütün bunlar yaradıcılıq keyfiyyətinə stimul verir.

Sumqayıt Dövlət Dram Teatrı kollektivi məhz bu əzm və sevgi ilə fəaliyyətini davam etdirməkdədir. Dekabr ayında repertuarımız yenə də zəngindir. Ay ərzində Əli Əmirli “20 ildən sonra”, M.F.Axundzadə “Müsyö Jordan və dərviş Məstəli şah”, “Hacı Qara”, Elçin “Qatil” axşam tamaşaları oynanılacaqdır. Cari repertaurda eyni zamanda uşaq tamaşaları da yer alır. Bunlar Abdulla Şaiq “Qaraca qız” və ərəb xalq nağılı əsasında səhnələşdirilən “Əlibaba və 40 quldur” tamaşalarıdır.

Təbii ki, yaradıcı heyətimiz məktəblilərin qış tətilini də yaddan çıxarmayıb. Odur ki, dekabrın 29-dən 3 yanvara qədər səhnəmizi “İlin şahı” adlı Yeni il tamaşası bəzəyəcək. İnanırıq ki, peşəkarlıqla ərsəyə gələn yeni il tamaşamız balacaların yaddaşında silinməz iz buraxacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...