Elmi Metodiki və İxtisasartırma Mərkəzinin nümayəndələri Bursada olublar FOTOLAR

Türkiyə Cümhuriyyəti Bursa şəhərinin Osmanqazi Bələdiyyəsinin dəvəti ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi Metodiki və İxtisasartırma Mərkəzinin nümayəndələri əməkdaşlıq əlaqələrinin müzakirəsi məqsədilə Bursa şəhərində səfərdə olublar.

Mərkəzdən SİA-ya bildirilib ki, səfər çərçivəsində Bursa Osmanqazi Bələdiyyəsinin tabeliyində fəaliyyət göstərən müxtəlif profilli mədəniyyət müəssisələrinə baxış keçirilib. Baxış Bələdiyyənin Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən biçmə tikmə, marketinq, dil, özünü düzgün ifadə etmə, rəsm, satış, ebru, çini və sair dərnəklərə keçirilib.

Görüşdə mədəniyyət idarəsinin işçilərinə mərkəzin direktoru Asif Usubəliyev tərəfindən Azərbaycanda reallaşan mədəniyyət siyasəti haqqında geniş məlumat verilib. Daha sonra dərnəklərin cəmiyyətdə populyarlaşdırılması istiqamətində ölkələr tərəfindən işlər barəsində fikir mübadiləsi aparılıb. Bursa Osmanqazi Bələdiyyəsinin Mədəniyyət İdarəsinin müdiri Kenan Kır çıxışında dövlətlərimiz arasında qardaşlıq münasibətlərinin qorunmasında mədəniyyət sahəsinin önəmini qeyd edərək mövcud istiqamətdə Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi Metodiki və İxtisasartırma Mərkəzi ilə işgüzar əlaqələrin yaradılmasında maraqlı olduğunu bildirib.

Önəmli görüşlərdən biri də Bursa Osmanqazi Bələdiyyəsinin sədrinin birinci müavini Cem Kürşat Həsənoğlu ilə dekabrın 3-də təşkil olunub. Görüşdə kütləvi tədbirlər ilə yanaşı, akademik xarakter daşıyan birgə konfransların da təşkili barəsində fikir mübadiləsi aparılıb. Belə ki, “Bir millət, iki dövlət” ifadəsini açıqlayan elmi konfranslar və simpoziumların təşkili nəzərdən keçirilib. Tarix, mədəniyyət, fəlsəfə, ədəbiyyat, etnoqrafiya, memarlıq və digər kontekstləri əhatə edəcək müxtəlif elmi tədbirləri keçirməklə “Bir millət, iki dövlət” ifadəsinin konseptual şəkildə açıqlanması nəzərdə tutulub.

Daha sonra Bursa Osmanqazi Bələdiyyəsi tərəfindən ÖRDEKLİ Mədəniyyət Sənət Mərkəzinə, Panorama 1326 Bursa Fetih Muzeyinə və şəhər kitabxanasına ziyarət təşkil olunub. Ziyarətdə həmin müəssisələrin fəaliyyəti barəsində geniş məlumat verilib. Aparılmış danışıqlar zamanı əlavə olaraq Bursa şəhərində yerləşən mədəniyyət müəssisələrinin Azərbaycanın müxtəlif rayonlarında fəaliyyət göstərən mədəniyyət müəssisələri ilə ikitərəfli əməkdaşlıq əlaqələrinin yaradılmasına qərar verilib.

Qeyd edək ki, Mədəniyyət üzrə Elmi Metodiki və İxtisasartırma Mərkəzi ilə Bursa Osmanqazi Bələdiyyəsi arasında əməkdaşlıq çərçivəsində mədəniyyət işçiləri üçün qarşılıqlı təlimlərin təşkilinə dair razılığa gəlinib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...