Şairləri üçün kurslar başlanıb

TÜRKSOY-un Ankaradakı baş ofisində bu təşkilatla Türkiyə Sənətçilər və Yazarlar Vəqfi və Türkiyə Memarlar və Mühəndislər Birliyi arasında türk dünyası şairləri üçün Anadolu türkcəsi kurslarının başlanmasına həsr olunmuş mətbuat konfransı keçirilib.

SİA-nın xəbərinə görə, TÜRKSOY-un baş katibi Düsen Kaseinov bildirib ki, üç ay davam edəcək şairlərin dil kursu onların bir-biri ilə daha da yaxınlaşması, habelə birgə əsərlər yaratmasına imkan verəcəkdir. Baş katib bildirib ki, bu istiqamətdə bir sıra işlər görülüb. Müxtəlif simpoziumların keçirilməsi, türkmən şairi Məhtimqulunun şeirlərinin Azərbaycan dilinə tərcümə edilərək nəşr olunması bu qəbildəndir.

Türkiyə Sənətçilər və Yazarlar Vəqfinin sədri Yəhya Akengin də bu təşəbbüsün əhəmiyyətini vurğulamış, digər türk dialektlərinin də yaşadılmasının və onların ədəbi irsinin təbliğinin zəruriliyini qeyd edib. Onun sözlərinə görə, bu kursların məqsədi bir-birini anlamaqda çətinlik çəkən və türk dilləri qrupunun müxtəlif dialekt və şivələrində danışan şairlərə Anadolu türkcəsinin öyrədilməsi, gələcəkdə Türkiyə ədəbiyyatı nümunələrinin və elmi əsərlərin digər türk dialektlərinə tərcüməsinin keyfiyyətinin artırılmasıdır.

Azərbaycan dili Türkiyə türkcəsinə çox yaxın olduğundan və xalqlarımızın, ədiblərimizin bir-biri ilə ünsiyyətində heç bir problem yaranmadığından ölkəmizdən olan şairlər kursda iştirak etmirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə