"Yaşadığım bu acı hadisə arzularımı yarımçıq qoydu" - MÜSAHİBƏ

"Yaşadığım bu acı hadisə arzularımı yarımçıq qoydu" - MÜSAHİBƏ
Gənc, nikbin, olduqca səmimi xanım, paralimpiyaçı Vüsalə Kərimova ilə ilk qarşılaşmamız hava limanında olmuşdu. Onun necə bacarıqlı, istedadlı olduğuna isə Paralimpiya Festivalında şahid oldum. Əlil arabasında idman rəqsi edən Vüsalə bu bacarığı ilə festival iştirakçılarında xoş ovqat yaratdı, gur alqışlarla qarşılandı. Bu qızın həm incə, həm də cəld ritmlərlə zəngin musiqi sədaları altında etdiyi rəqs ecazkar və cazibədar görünürdü. Bu xanımın tərəf müqabilləri isə əlil arabasında rəqs edən paralimpiyaçı və peşəkar rəqqas idi. Rəqs hər kəs kimi məni də valeh etmişdi. Vüsalə rəqs etdiyi zaman üzündəki sevinc hissləri acıq-aydın görünürdü.

Bu həssas, incə ruhlu qıza hansı sualları verəcəyim barədə dəfələrlə düşündüm. Söhbətin zarafatla, səmimiyyətlə başlaması narahatsılığıma son qoydu. Maraqlı, səmimi, olduqca rahat insan olan Vüsalə ilə müsahibəni oxuculara təqdim edirik.

-Vüsalə, səni Paralimpiya Festivalında tanıdım. İstərdim ki, özün barədə oxucularımıza ətraflı məlumat verəsən.

- Əvvəlcə göstərdiyiniz diqqət üçün sizlərə təşəkürümü bildirmək istəyirəm. Mən 1987-ci ildə Bakıda anadan olmuşam. Ailədə 4 nəfərik: anam, atam, mən və qardaşım. 246 saylı liseyi bitirmişəm. Anam da həmin məktəbdə müəllimə işləyirdi. Əlaçı olmuşam. Dərslərimə həmişə böyük həvəs göstərmişəm. Amma ən çox tarix, rus və ingilis dilini sevirdim. Dərslərimi yaxşı oxumağımda anamın rolu çox olub. Məktəbimizdə yaxşı müəllimlər çox idi.

- Bəs, aldığın müalicələr sənə necə təsir edir?

-Hadisədən 4 il sonra İranda əməliyyat olundum. Mütəmadi olaraq müalicə kursu keçirəm. Ümid edirəm ki, müaliçələr nə vaxtsa öz təsirini göstərəcək. Həyat möcüzələrlə doludur. İnanıram ki, hər dərdin dərmanını verən Allah mənə də kömək olacaq.

- Vüsalə, bu arzuya bütün səmimiyyətimizlə qoşulur, o günün olacağına inanırıq. Bəs, bu çətin anlarda təsəllini, gücü haradan alırdın? Depressiyaya qapılmamaq, həyatını davam etmək üçün sənə ən böyük köməyi kimlər etdi?

-Sevinirəm ki, çox mehriban qohumlarım və ailəm var. Onlar mənimlə səmimi rəftar edirlər. İbadət etməyim, dualarla yaşamağım da mənə həmişə komək olub. Allaha, onun yazısına çox inanıram. İnanıram ki, Tanrım hər zaman mənimlədir və O məni ürəyimdən keçən bütün arzulara çatdıracaq... Ən böyük arxam Tanrıdır...

- Bildiyimizə görə Moskva şəhərinin "Aeroqrad Komlomno Aerodro mu"nda 4000m hündür lükdən paraşütlə tullanmısan, bu "səma gəzintisi" xoşuna gəldimi?

- (Gülür)Bu, məndə çox həyasanlı və həm də qeyri-adi hisslər yaratdı. Çox sevinirəm ki, paraşütlə tullanmaq mənə də qismət oldu və mən bu sınaqdan da uğurla çıxdım. 2 ilə yaxındır ki, əlil arabasında idman rəqsi ilə məşğul oluram. Bu işlə məşğul olmağıma səbəbkar paralimpiyaçı Kamal Məmmədov oldu. Kamal müəllim fəal insan olduğumu görüb məni paralimpiyaya cəlb etdi. Onun sayəsində paralimpiya ilə tanış oldum. Kamal müəllim bizim ailənin yaxınıdır. Onun söhbətləri mənə psixoloji cəhətdən hər zaman müsbət təsir edib.

- Vüsalə, hər insanın həyatında ağır anlar olur. Bu, sənin də həyatından yan keçməyib. Səni əlil arabasına bağlayan o hadisəni necə xatırlayırsan?

- Mən bütün insanların həyatında hansısa neqativ hadisənin olduğuna əminəm. Lakin elə insanlar var ki, ağır hadisələr onlarda psixoloji böhran yaradır. Sevinirəm ki, bütün çətinliklərə qalib gələ bilmişəm. Bəlkə də bunun üçün güclü xarakterimə borcluyam. 16 yaşımda əlil arabası ilə tanış oldum... Yay tətili idi. Orta məktəbi təzə bitirmişdim. Ali məktəbə daxil olmaq, universitet tələbəsi olmaq arzusunda idim. Lakin yaşadığım bu acı hadisə arzularımı yarımçıq qoydu... Ehtiyatsızlıq nəticəsində evimizin pəncərəsindən həyətə yıxıldım. Bu hadisədən sonra bir də ayağa dura bilmədim. Belimdən ciddi zədə almışdım. Lakin sağalmaq ümidim çoxdur. Bunun üçün mütəmadi müalicə olunuram. Həyat davam edir. Hazırda çalışıram. Çox mehriban kollektivimiz var. Ümid edirəm ki, gələcəkdə taleyim dəyişə bilər...

-Səmimi söhbət üçün təşəkkür edirik.

- Göstərdiyiniz diqqət üçün mən təşəkkür edirəm.

Müəllif: Jalə

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня