“İntizar” operasında muğam çalarları

“İntizar” operasında muğam çalarları

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, “Şöhrət” və “Şərəf” ordenli və UNESCO-nun “Sülh artisti” kimi dünya miqyaslı mötəbər mükafatın sahibi Firəngiz Əlizadənin “İntizar” operası 20 Yanvar – Umumxalq hüzn gününə həsr edilərək Akademik Opera və Balet Teatrının səhnəsində nümayiş etdirildi. İki pərdə və yeddi şəkildən ibarət operada Qarabağda baş verən hadisələrdən, tarixi faciələrimizdən bəhs olunur. Operada açıq-aşkar hiss olunur ki, Firəngiz xanım xalqını, Vətənini sevərək onun mədəniyyətini təbliğ etməklə bərabər yaşadığı tarixi şəraiti operada əks etdirib. Bəstəkar vokal, ansambl nömrələri, xor səhnələri vasitəsi ilə Qarabağda baş verən hadisələri, tarixi faciələri təqdim edir. Operanın orkestr səslənməsi möhtəşəm və dolğundur. Orkestrin tərkibinə xalq çalğı alətləri daxil edilərək, muğam və müasir bəstəkarlıq üslubu sintez edilib.

“İntizar” operasının libretto müəllifi Akademik Nərgiz Paşayevadır. Librettonun əsas qayəsini xeyir və şər arasında daimi mübarizə, günahsız insanların ölümü, yaxın qonşuların xəyanəti, ölkəmizin təbiətinin gözəlliyi, o cümlədən Azərbaycan xalqının fikir və arzuları, vətənpərvərliyi, qələbəyə olan inamı təşkil edir. Operada xöşbəxt Azərbaycan ailəsi təqdim edilərək sonradan onların başına gələn müsibətlər öz əksini tapır. Bütün hiss və niyyətlər Arif ilə Mələyin qarşıdakı toyuna yönəldilsə də, Vətənin başı üzərini alan qara buludlar sadə insanların ümid və arzularının gerçəkləşməsinə maneəçilik törədir. Bəstəkar librettoya tam uyğun olaraq yüksək peşəkarlıq nümayiş etdirərək Azərbaycan milli musiqi ənənələrinin varisi kimi muğam səs düzümlərindən, muğam parçalarından, şikəstələrdən (“Qarabağ şikəstəsi”) istifadə edərək əsəri daha da gücləndirib.

Əsərin kompozisiya quruluşu milli ənənələrə əsaslanır. Milli bəstəkarlıq məktəbimizin tarixində ənənə və varislik məsələlərinin araşdırılması zamanı görkəmli Azərbaycan bəstəkarı Firəngiz Əlizadə yaradıcılığına xüsusi diqqət ayrılmalıdır.

Qara Qarayev məktəbinin ən parlaq nümayəndələrindən olan Firəngiz Əlizadə yaradıcılığının müstəsna əhəmiyyəti ondadır ki, o, həm bəstəkarlıq məktəbimizdə kök salan ənənələrin davamçısı, həm də XX əsr Azərbaycan musiqisi korifeylərinin ənənələrini XXI əsrə gətirən, milli musiqimizi sələflərinin fəth etdiyi zirvədə saxlayan, dünya miqyasında ənənələri təmsil edən F.Əlizadənin əsərlərində eyni zamanda dinlədiyimiz “İntizar” operasında heç vaxt möhkəm milli zəmindən, xalq musiqisinin sağlam köklərindən, həmişə yaşar qaynaqlarından ayrılmır.

Firəngiz Əlizadə musiqisində milli ənənənin təmsilçisi qismində muğamın çıxış etməsi təsadüfi deyil. Bəstəkar ziyalı ailədə doğulmuş, atası Əliağa Əlizadə ikinci ixtisas kimi tar musiqi alətində muğamları gözəl ifa edə bilirdi. Bu mənada hələ uşaq ikən Firəngiz Əlizadə varislik ənənələrini öncə atasından əxz edir, daha sonra təhsil alaraq yüksək zirvəyə qalxır.Bu baxımdan bəstəkar “İntizar” operasında Yaxın və Orta Şərq xalqları musiqisində ən çox şöhrət tapan muğamlardan -”Çahargah”a, onun səs düzümünə müraciət edərək monumental əsər yaradır. Eyni zamanda “Humayun”, “Bayatı-Şiraz” “Segah” səs düzümlərinə yönəlmələr edərək əsəri daha da gücləndirir.

Qədim musiqi alimlərinin fikrincə “Çahargah” muğamı göy gurultusu ilə əlaqədar olaraq yaranmışdır. Bu mənada bəstəkar əsərin librettosuna tam uyğun olaraq 1-ci pərdənin 4-cü səhnəsində “Çahargah” məqamından coşğunluq və ehtiras hissi yaratmaq məqsədi ilə istifadə edir. Təmkinlilik, dərin təsir qüvvəsi kimi Ariflə Mələyin duetində “Bayatı-Şiraz” muğam səs düzümlərinə-onun özəyinə yönəlmələr edir. 2-ci pərdənin 1-ci şəklində Arifin ölümü səhnəsində “Humayun” məqamına yönəlmədə isə daha dərin kədər hissi oyatmaqdan ötrü istifadə edir.

“İntizar” operasında maraqlı məqamlardan bir də “Dərviş” obrazıdı. Gənclər xoş arzularını bir-biri ilə paylaşarkən Dərviş səadət quşu kimi onların ətrafında ağ əba və paltarda uçuşur.

Tarixi mənbələrdə Dərviş əsasən qapı-qapı gəzərək meydançalarda adamları başına yığaraq peyğəmbərə, imamlara, Kərbəla hadisələrinə həsr olunmuş qəsidələri avazla oxuyan şəxs kimi təqdim edilir. Əsərdə isə Dərviş obrazı bizi sanki İrfana-Sufi təriqətlərinə- təsəvvüfə kökləyir.

Sufilik islamdan içdən-daxildən gəlmə, qəlbdən-ruhən işıqlanma, intuitiv yolla mənəvi-əxlaqi paklıqdan keçərək Tanrı ilə bilavasitə ünsiyyət saxlayan, ən mühümü insana öz ilahi mənşəyinə inam hissi təlqin edən xüsusi dini fəlsəfi dünya duyumudur. Onun səciyyəvi cəhətləri idealist metofizikanın (irfan) xüsusi tərki-dünya praktikası ilə birləşdirilməsi, Allahı dərk etmək və tədricən ona qovuşmağa yaxınlaşma təlimi, Allaha qovuşanadək mistik yol (təriqət) təşkil edir.

“İntizar”operasının süjet xəttində Dərviş obrazı məhz bu baxımdan bəstəkar və libretto müəllifi tərəfindən hazırlanmış pak, ülvi hisslərin təcəssümü üçün təqdim olunan ən gözəl obrazdır. Məhz bu obraz ilə əsərin əvvəldən sona qədər inkişafı, idraka, nurlanmaya, ekstaza gətirib çıxarır. Əsərin musiqisinin əsasını təşkil edən Azərbaycan muğam və məqamları Sovet dövründə belə Tanrıdan-intuitiv idrakdan, nurlanmadan kənar deyildi.
Opera tamaşasının səhnə dekorasiyasındakı elementlər, rəng çalarları, milli libaslardakı qəhrəmanların obrazları tamaşaçının zövqünü oxşayır, əsərin təsir qüvvəsini daha düzgün ifa edir. Əsərdəki xor səhnələri, deklomasiyalar, ariyalar və digər janrda yazılmış musiqi formaları insana yüksək mənəvi dəyərlərin mənimsənilməsinə kömək edir.

Bəstəkarın yaradıcılığı və təqdim olunan “İntizar” operasında təzahür edən hər bir yeniliyin arxasında möhkəm dayanan üslub vahidliyini şərtləndirən başlıca amillərdən biri-milli ənənələrin çox cəhətli təzahürüdür. Bəstəkarın opera musiqisində bəşəriyyətə humanist istiqamətə çağırış, insanlara müraciət, xalqa bağlılıq duyulur. Azərbaycan torpağının, suyunun, səmasının izi görünür.

Firəngiz Əlizadə qədim və musiqi ənənəsinə münasibətdə zəngin xəzinənin dərinliklərinə vararaq Qara Qarayev yolunun layiqli davamçısı kimi çıxış edir.

Milli ənənənin ən parlaq təmsilçisi kimi qiymətləndirilən muğam prinsipləri onun simfonik musiqisində qabarıq və çoxcəhətli təzahür edir. Öz əsəri ilə XX əsrin sonu-XXI əsrin əvvəlində Azərbaycanda simfonik musiqinin əsas inkişaf istiqamətlərinin müəyyən edilməsində Firəngiz Əlizadə ən dəyərli ənənələrin davamçısı kimi çıxış edir.

Gerçəklik hadisələrini müasir məsələləri ümumiləşdirmək, təzadları simfonik konsepsiyada təcəssüm etdirmək Firəngiz Əlizadəyə irsən keçmişdir. Bu bir tərəfdən Şərq konsepsiyası ilə o biri tərəfdən D.Şostakoviç, Q,Qarayev ənənələrindən irəli gəlir. Bəstəkarın istedadı, ümumiləşdirmə qabiliyyəti, intellektual potensialının səviyyəsi sayəsində varisliyin reallaşması mümkün olmuşdur. Bəstəkarın yaradıcılığında muğam məntiqindən irəli gələn xüsusiyyətlərlə simfonik təfəkkür prinsiplərinin müxtəlif səviyyədə qovuşuğundan yaranan dramaturgiya orijinal həllini tapır. Əsərdə mərhələli inkişaf məntiqinə riayət olunması, əsərin tematizminin kiçik bir intonasiya “nüvə”sindən törəməsi və sonda simfonik cərəyanı ilə bitməsi və muğam forma prosesinin mühüm ünsürü kimi qeyd etdiyimiz prinsipin müasir bəstəkar təfəkkürü səviyyəsində gerçəkləşməsinə nümunədir.

Firəngiz Əlizadənin yaradıcılığına ənənələr nəzərindən yanaşarkən onun Azərbaycan bəstəkarlıq məktəbində varisliyin təmin olunmasında oynadığı rolu aydın sezilir. Bu mənada bu gün Azərbaycanda incəsənətin digər sahələri ilə yanaşı musiqi abidələri olan muğam öz etik və estetik əhəmiyyətini bütün musiqi janrları daxilində qoruyub saxlayır.

Beləliklə görkəmli bəstəkar Firəngiz Əlizadə, Qarabağ konfliktini daha təsirli etmək məqsədi ilə, muğamlardan istifadə edir, eyni zamanda muğamların fəlsəfi dəyərini nümayiş etdirərək əzəmətli, möhtəşəm opera yazır. Tamaşanın dirijoru əməkdar artist, dirijorların Beynəlxalq müsabiqələrinin və “Humay” milli mükafatının laureatı Əyyub Quliyev, səhnə əsərinin quruluşçu rejissoru əməkdar incəsənət xadimi Hafiz Quliyev idi. Əsli rolunda Xalq artisti Qərinə Kərimova, Seyid kişi – Xalq artisti Əkrəm Poladov, yad adam - əməkdar artist İlham Nəzərov, Mələk - əməkdar artist İnarə Babayeva, Arif - əməkdar artist Fərid Əliyev, İtkin - Fəhmin Əhmədli, Gəlinlər- əməkdar artist Fəridə Məmmədova, Yaralı kəndli - əməkdar artist Tural Ağasıyev və Dərviş - Əməkdar artist Samir Səmədov obrazları çox yüksək səviyyədə ifa etdilər. Teatrın xoru (xormeyster - Sevil Hacıyeva) da öz məharətini yüksək səviyyədə nümayiş etdirdi.

Sonda qeyd etmək istərdim ki, bu operanı bir kəlmə ilə belə xarakterizə etmək olar: ”İntizar” yüksək bədii təfəkkürün məhsulu olan möhtəşəm əsərdir.

Kəmaləxanım Əsədullayeva,

Sənətşünaslıq üzrə fəlsəfə doktoru

Bütün xəbərlər Facebook səhifəmizdə