Azərbaycan Dövlət Musiqili Teatrında V Beynəlxalq Bakı Teatr Konfransına həsr olunmuş mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov bildirdi ki, 5-6 noyabr tarixində keçiriləcək növbəti Teatr konfransı ilə bağlı yaradılan Təşkilat komitəsi artıq öz işini yekunlaşdırıb. Bu günə olan son məlumata görə, dünyanın 49 ölkəsindən 110 teatr sahəsi üzrə tanınmış mütəxəssis beynəlxalq tədbirdə iştirak edəcək.
Qeyd olundu ki, konfrans Prezident İlham Əliyevin 2009-cu il 18 may tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Proqramı"na əsasən təşkil olunur. “XXI əsr teatr fəlsəfəsi: mövcudluq konsepsiyası” mövzusuna həsr olunan konfrans Mədəniyyət Nazirliyi, Teatr Xadimləri İttifaqı və Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə keçiriləcək.
V Bakı Beynəlxalq Teatr Konfransı Təşkilat komitəsinin icraçı katibi Şaiq Səfərov diqqətə çatdırıb ki, ölkəmizdə teatr sənətinin inkişafı ilə bağlı təsdiq olunan Dövlət proqramında bu sahənin gələcək perspektivləri aydın şəkildə əksini tapıb. Bu kontekstdə rejissor və aktyor sənətinin inkişafı, yeni, keyfiyyətli tamaşaların hazırlanması, Azərbaycan teatrının xaricdə təmsil olunması, məşhur teatr mütəxəssislərinin ölkəmizdə treninqlərinin keçirilməsi, teatr sahəsi üzrə festival və beynəlxalq tədbirlərin reallaşması və s. kimi tədbirlər nəzərdə tutulurdu. Ötən dövr ərzində bu istiqamətdə mühüm işlər görülüb.
Bildirildi ki, Azərbaycanda teatr sahəsinə dövlət tərəfindən göstərilən diqqət və qayğı dünyanın bir çox ölkəsində yoxdur. Bu gün inkişaf etmiş ölkələrdə belə teatrlarda müəyyən böhran halları müşahidə olunur.
Teatr konfransına marağın artdığını deyən Şaiq Səfərov qeyd edib ki, 2010-cu ildə Bakıda ilk teatr konfransı keçiriləndə cəmi 10 ölkədən 60 teatr mütəxəssisi iştirak edirdisə, hazırda ölkələrin və mütəxəssislərin sayında xeyli artım var. Bu konfrans dünyanın ən nüfuzlu teatr tədbirlərindən hesab olunur. Bakı konfransından sonra dünyanın bir sıra teatr mütəxəssisləri Azərbaycan mədəniyyətini kəşf ediblər və sevindirici haldır ki, konfrans çərçivəsində Akademik Opera və Balet Teatrında “Leyli və Məcnun” tamaşasını izlədikdən sonra incəsənət sahəsi üzrə bir Böyük Britaniya və iki ABŞ universiteti bu əsəri öz tədris planlarına daxil etdilər.
Diqqətə çatdırılıb ki, Bakı Beynəlxalq Teatr Konfransı paytaxtımızı dünyanın teatr mərkəzinə çevirib. Hətta MDB məkanında belə Bakı konfransına rəqib olacaq teatr hadisəsi yoxdur. Təşkilat komitəsi konfransın proqramının təkmilləşdirilməsi, mövzuların aktuallığı və nüfuzunun artırılmasına xüsusi önəm verib.
Konfransda dünyanın tanınmış rejissor və prodüserləri, teatr xadimləri və aparıcı teatrşünasları XXI əsrdə dünya teatr prosesində baş verən məsələlər barədə fikir mübadiləsi aparacaqlar. Qloballaşan dünyada, internet məkanında teatr özünü necə yaşatmalıdır, hansı yenilikləri etməlidir kimi suallara bu konfransda cavab axtarılacaq. Konfrans bu baxımdan zəngin məlumat mənbəyidir. Uzaq Yaponiyadan Meksikaya kimi tədbirə qatılan teatr mütəxəssisləri öz məruzələrində bu məsələlərə münasibət bildirəcəklər.
Sonda İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov diqqətə çatdırıb ki, ənənəvi olaraq beynəlxalq konfrans çərçivəsində tanınmış teatr sənətçilərinin ustad dərsləri, seminarlar da təşkil ediləcək. 4 noyabr tarixində Azərbaycan Dövlət Rus Dram Teatrında “Fiziki teatr” (Lidiya Kopinanın ustad sinfi), noyabrın 7-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “ASSİTEJ dünyasında yeniliklər” (İvet Hardinin seminarı), Azərbaycan Dövlət Musiqili Teatrında “Yeni teatr üslubu” (Emil Səlimov), Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “Teatr tənqidi problemləri” (Mişel Vays) mövzularında seminar və treninqlər, habelə beynəlxalq teatr təşkilatlarının milli mərkəz üzvləri ilə görüşlər keçiriləcək.
Şöbə müdiri kütləvi informasiya vasitələrini konfransda fəal iştiraka dəvət edib.
Sonda jurnalistlərin sualları cavablandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB