Beynəlxalq Teatr Konfransının rəsmi açılışı keçirilib

Beynəlxalq Teatr Konfransının rəsmi açılışı keçirilib
Bu gün müasir dövrün teatr problemlərinə həsr olunan Beynəlxalq Teatr Konfransının Akademik Milli Dram Teatrında rəsmi açılışı keçirilib. SİA-nın məlumatına görə, ilk olaraq mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək bildirib ki, bu cür konfransın Azərbaycanda təşkil olunması ilk dəfədir. "Buna baxmayaraq beynəlxalq konfransı keçirilməsi Azərbaycan teatrının inkişafına öz müsbət təsirini göstərəcək. Bu gün mübadiləsiz beynəlxalq teatr aləmində cərəyan edən prosesləri bilmədən, biz dünya proseslərindən kənarda qala bilərik. Qarşımıza məqsəd qoymuşuq ki, nəinki Azərbaycan teatr mütəxəsislərini xaricdə təhsilləndirmək, xarici teatr rejissorlarının bura dəvət olunması, hətta belə bir canlı mübadilə, treninqlər formasında bu işləri görmək niyyətindəyik. Bu konfransın xüsusi əhəmiyyəti ondan ibarətdir ki, hər bura gələn qonaq bizim yerli teatr mütəxəssisləri ilə ayrıca işləyəcəklər. 4 günü əhatə edəcək bu konfrans, bütün teatr aləmini birləşdirib müxtəlif sahələr üzrə peşəkarlıq səviyyəsinin artırılmasına da gətirib çıxara bilər",- deyə nazir vurğulayıb.

Nazir onu da qeyd edib ki, konfransa dəvət olunan peşəkar insanlarla Azərbaycan teatrları ilə bilavasitə əlaqələri qurulacaq: "Bu bizim üçün olduqca vacibdir. Artıq Azərbaycan teatrları xarici ölkələrdə beynəlxalq festivallarda təmsil olunur. İnanıram ki, belə bir konfransın Azərbaycanda həyata keçirilməsi maraqlı və faydalı olacaq. Düşünürəm ki, bu konfransın əks sədasını biz 1-2 ildən sonra görəcəyik. Bu cür mübadilə davamlı şəkildə olmalıdır. Belə konfransları ənənəvi şəkildə davam eləməyi nəzərdə tuturuq".

Əbülfəs Qarayev konfransda iştirak edən qonaqların nəzərinə onu da çatdırıb ki, bu il 433 yeni tamaşalar hazırlanıb: "68 tamaşa Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə, 70 tamaşaya isə 1 milyon manat vəsait ayrılıb".

Konfransda Avropa, Asiya və Amerika qitələrinin tanınmış teatr mütəxəssislərinin, rejissor və dramaturqlarının, kulturoloqları iştirak edəcəklər. Azərbaycanda ilk dəfə keçiriləcək Beynəlxalq elmi-praktik konfransın dəvətliləri sırasında ABŞ, Kanada, Türkiyə, İngiltərə, Fransa, Almaniya, Gürcüstan, Rusiya, Belorus, Estoniya, Özbəkistan, Tacikistan, Qazaxıstan, Qırğızıstan, Ukrayna, Moldova, Avstriya, Yunanıstan, Koreya, Tunis, Oman, Çernoqoriya, Cin, Səudiyyə Ərəbistanı, İran, Sinqapur, Küveyt kimi ölkələrdən tanınmış teatr simaları var.

Dövlət Proqramında belə elmi-praktik konfransların mütəmadi, daha dəqiq desək, iki ildən bir keçirilməsi nəzərdə tutulub. Elmi-praktik konfrans çərçivəsində tanınmış teatr xadimlərinin ustad dərslərinin və treninqlərin keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, tədbir noyabrın 12-də başa çatacaq. Beynəlxalq elmi-praktik teatr konfransı Mədəniyyət və Turizm Nazirliyi, Milli Elmlər Akademiyası və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə