Almaniyanın Berlin şəhərində keçirilən “İTB Berlin” beynəlxalq turizm sərgisi çərçivəsində Avropa Spa Assosiasiyasının (ESPA) işçi görüşü və sağlamlıq turizm potensialının təbliğatı mövzusunda seminarda Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin ictimaiyyətlə əlaqələr və mətbuatla iş sektorunun aparıcı məsləhətçisi-sağlamlıq turizmi üzrə koordinator Günel Aslanova iştirak edir.
SİA-nın məlumatına görə, işçi görüşündə Mədəniyyət və Turizm Nazirliyi və Avropa Spa Assosiasiyasının (ESPA) əməkdaşlığı çərçivəsində Naftalan neftinin müalicə əhəmiyyətini təsdiq edən sertifikatın alınması məqsədilə ötən ilin dekabr ayında Azərbaycanda səfərdə olmuş təşkilatın mütəxəssisi Kurt Von Storch məruzə ilə çıxış edərək, Naftalan neftinin müalicə əhəmiyyəti və şəhərin sağlamlıq turizmi imkanları haqqında məlumat verib.
Daha sonra, Nazirliyin əməkdaşı Günel Aslanova Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin müvafiq bəndinin icrası ilə bağlı ölkəmizdə sağlamlıq turizminin kompleks inkişaf etdirilməsi məqsədilə qarşıya qoyulan tapşırıq və hədəflərdən söz açıb. Qeyd olunub ki, Naftalanın “Qaşaltı” və “Çinar Naftalan” mehmanxanalarında mütəxəssislər baxış keçirmiş və bu mərkəzlərin imkanları geniş araşdırılıb. Eyni zamanda, Azərbaycan Milli Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutu tərəfindən təqdim olunan Naftalan neftinin tərkibi və istifadəsi imkanlarına dair rəsmi materiallar da iclas iştirakçılarına təqdim edilib.
Qeyd edək ki, müvafiq beynəlxalq sertifikatın təqdim edilməsi Avropa Spa Assosiasiyasının (ESPA) idarə şurasında son müzakirəyə çıxarılması qərara alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB