Nazir müavini Aİ Nümayəndəliyinin rəhbəri ilə görüşdü FOTO

Nazir müavini Aİ Nümayəndəliyinin rəhbəri ilə görüşdü FOTO

Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov ilə Avropa İttifaqının ölkəmizdəki Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas arasında görüş keçirilib. SİA-nın məlumatına görə, görüşdə turizm sahələrinin müxtəlif istiqamətləri üzrə əməkdaşlıq məsələləri və əməkdaşlığın perspektivləri müzakirə olunub.

Nazir müavini bildirdi ki, Aİ ilə birgə 2013-2014-cü illərdə turizm sahəsində həyata keçirilən Tvinninq layihəsi uğurla başa çatıb. Layihənin nəticəsi olaraq Nazirliyin Turizm şöbəsində struktur dəyişiklikləri baş vermiş, eləcə də layihənin bir çox təklifləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə təsdiqlənmiş Strateji Yol Xəritəsi ilə uyğunlaşdırılıb. Eyni zamanda Aİ ilə birgə 2016-cı ildən icra olunan “Mədəniyyət sektorunun idarə olunması sisteminin modernləşdirilməsində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə dəstək” adlı Tvinninq layihəsi ətrafında da müzakirələr aparılıb və layihə tərəfindən müxtəlif istiqamətlərdə işin aparılması qeyd edilib. Bundan əlavə görüş zamanı tərəflər arasında turizm əlaqələrinin inkişafı, turist axının artırılması, qarşılıqlı uçuşların təşkili, uzunmüddətli vizaların verilməsi məsələləri və digər məsələlər müzakirə olunub.

Sonda nazir müavini Nazim Səmədov cənab Kestutis Yankauskasa yeni vəzifəsində uğurlar arzu etdi və tərəflər müxtəlif istiqamətlər üzrə əməkdaşlığın inkişaf etdirilməsinə hazır olduqlarını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə