Firəngiz Əlizadənin yaradıcılığına həsr olunmuş tədbir keçirilib

AMEA-nın Alimlər evi, Humanitar və İctimai elmlər bölmələrinin birgə təşkilatçılığı ilə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Əməkdar İncəsənət Xadimi, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadənin yaradıcılığına həsr olubmuş tədbir keçirilib. SİA-nın məlumatına görə, elm və mədəniyyət xadimləri, ictimaiyyətin tanınmış nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse prezidenti, akademik İsa Həbibbəyli musiqinin müxtəlif janrlarda dəyərli əsərlər yaradan alimin fəaliyyətindən, bir bəstəkar olaraq zəngin musiqi yaradıcılığından danışıb. Firəngiz Əlizadənin pianoçu, bəstəkar, pedaqoq və ictimai xadim kimi müstəsna xidmətləri olduğunu deyən akademik İsa Həbibbəyli onu Azərbaycan musiqi mədəniyyətini təbliğ etməklə bərabər ölkəmizin tarixinə dair məqamları da öz əsərlərində əks etdirdiyini vurğulayıb.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov bəstəkarın pedaqoji fəaliyyətini, musiqi elminin inkişafındakı xidmətləri və mədəniyyətimizin təbliği ilə bağlı gördüyü işlərdən söz açıb: "Firəngiz Əlizadənin fəaliyyəti haqqında çox danışmaq olar. Xüsusu ilə qeyd edim ki, ölkəmiz günü-gündən inkişaf edir. Firəngiz xanım da öz əsərləri ilə Azərbaycan musiqisini bütün Avropa ölkələrində tanıtdıraraq, hər an var olduğumuzu sübut edir. F.Əlizadəyə Avropa ölkələrinin bütün mədəniyyət ocaqlarının qapısı açıqdır. Firəngiz xanım bir sözlə, dahi sənətkardır".

Qeyd edək ki, tədbir musiqili təqdimatla davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə