Firəngiz Əlizadənin yubileyi qeyd olunacaq

Oktyabrın 19-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında görkəmli bəstəkar, əməkdar incəsənət xadimi, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadənin 70 illik yubileyinə həsr olunan “Yaradıcılıq zirvələri” adlı tədbir keçiriləcək.

Akademiyadan AZƏRTAC-a bildiriblər ki, AMEA-nın Alimlər Evinin, Humanitar Elmlər və İctimai Elmlər bölmələrinin birgə dəstəyi ilə təşkil edilən tədbirdə Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri, ictimaiyyətin nümayəndələri iştirak edəcəklər.

Yubiley tədbirində “Müasir musiqi kontekstində Firəngiz Əlizadə yaradıcılığı”, “Firəngiz Əlizadə beynəlxalq festivalların və konsert layihələrinin bədii rəhbəri kimi”, “Firəngiz Əlizadənin yaradıcılığında etnospesifik konseptlərin təzahürünə dair (“Muğamsayağı” əsəri əsasında)” mövzularında məruzələr dinləniləcək, bəstəkarın əsərlərindən ibarət bir sıra kompozisiyalar səsləndiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə