Azərbaycan Beynəlxalq Forumda təmsil olunacaq

Azərbaycan Beynəlxalq Forumda təmsil olunacaq

Cari ilin 25 - 27 may tarixlərində Qazaxıstanın paytaxtı Astana şəhərində türkdilli ölkələrin Humanitar elmlər üzrə II Beynəlxalq Forumu keçiriləcəkdir. Xatırladaq ki, ənənəvi xarakter daşıyan Forum Beynəlxalq Türk Akademiyasının təşəbbüsü ilə təşkil olunur. Forumun əsas strateji hədəfi türkdilli ölkələrin alim və ziyalılarının potensialını cəlb etməklə, bu ölkələrin humanitar inteqrasiyasını və birgə layihələrin icrasını təmin etməkdən ibarətdir.

Forum çərçivəsində Beynəlxalq Türk Akademiyası və Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz arasında əməkdaşlıq memorandumunun imzalanması mərasimi də təşkil olunacaqdır. Forumda iştirak etmək və əməkdaşlıq memorandumunun imzalanması məqsədilə Mərkəzin direktoru Asif Usubəliyev 25-27 may tarixlərində Astana şəhərinə səfər edəcəkdir.

Azərbaycan milli mədəniyyətinin təbliğinə xidmət edəcək əməkdaşlıq memorandumu çərçivəsində müxtəlif səpgili birgə tədbirlərin təşkili ilə yanaşı tərəflərin qarşılıqlı informasiya dəstəyinin göstərilməsi də nəzərdə tutulur. Belə ki, milli mədəniyyət nümunələrinin mənimsənilmə cəhdləri müəyyən olunduqda tərəflər bir birini məlumatlandırmaqla yanaşı beynəlxalq tədbirlər çərçivəsində müvafiq birgə bəyannamələrin verilməsi öhdəliyini də öz üzərinə götürürlər.

Müasir qloballaşma şəraitində milli identikliyin qorunması vəzifəsinin vacibliyini nəzərə alaraq tərəflər eyni zamanda mədəni irs nümunələrinin təbliği istiqamətində də müxtəlif layihələrin icrasını planlaşdırırlar.

Forum zamanı "Türkdilli ölkələrin mədəniyyət siyasətinin prioritetləri" mövzusunda çıxış edəcək Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev bildirir ki, sözügedən əməkdaşlıq eyni zamanda ölkəmizdə kulturologiya elminə qarşı olan ictimai marağın artmasına da xidmət edəcəkdir. Böyük imkanlara və beynəlxalq çıxışlara malik olan Beynəlxalq Türk Akademiya ilə əməkdaşlıq mövcud istiqamətdə tədqiqatlar aparan azərbaycanlı alimlər üçün də müxtəlif imkanlar yaradacaqdır.

Qeyd edək ki, Akademiya türkdilli ölkələrin prezidentlərinin, o cümlədən Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin birgə təşəbbüsü ilə 2010-cu ildə təsis olunmuşdur.

Bütün xəbərlər Facebook səhifəmizdə