Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının qonağı olan Gürcüstan Dövlət Peşəkar Gənc Tamaşaçılar Teatrı ölkəmizdəki qastrol səfərini uğurla yekunlaşdıraraq geri dönüb. SİA-nın məlumatına görə, qarşılıqlı yaradıcılıq müqaviləsinin müvafiq bəndlərinə uyğun olaraq baş tutan səfər zamanı 20-21 may tarixlərində qonaqlar paytaxt tamaşaçılarına 4 tamaşa nümayiş etdiriblər.
Gürcüstan teatrı daimi tamaşaçılarımıza L.Titova və A.Starotorjskinin "Королевская корова" ("Kralın inəyi") tamaşasını nümayiş etdirib.
Tamaşanın quruluşçu rejissoru Quram Breqadze, rəssamı Lomqul Murusidze, xoreoqrafı Qiya Marqaniya, musiqi tərtibatçısı Zurab İnqorokvadır.
Əsas obrazların ifaçıları Sergey Şvedkov, Tamara Tsikvitinidze, Nino Mumladze, Den Xlıbov, Anna Lejava, Edmon Qabedava, Aleksey Lobov, Nikolay Doniy, Levan Qvazavadır.
Qastrol səfərinin bağlanış mərasimində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Əməkdar Artist Mübariz Həmidov və baş rejissor, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov çıxış edərək qonaq teatra öz təşəkkürlərini bildirərək iki teatr arasında gələcəkdə də yaradıcılıq əməkdaşlığının qastrol tamaşaları, rejissor və aktyor mübadilələri ilə möhkəmlənəcəyini vurğulayıblar. M.Həmidov uğurlu qastrol tamaşasına görə qonaq teatrı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı – ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin diplomu ilə təltif edib. Daha sonra qonaqlara xalqımızın milli mədəniyyətini əks etdirən suvenir və hər bir qonaq aktyora Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorları tərəfindən hədiyyələr təqdim edilib.
Gürcüstan Dövlət Peşəkar Gənc Tamaşaçılar Teatrının direktoru Tamara Lortkipanidze və bədii rəhbəri, teatr elmləri doktoru Dimitri Xvtisiaşvili çıxış edərək Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının rəhbərliyinə və bütün tamaşaçılara isti münasibətə görə öz minnətdarlığını bildirib.
Səfər çərçivəsində ADGTT-nın əməkdaşları qonaqları şəhərimizin görməli yerləri – muzeylərlə, teatrlarla, yeni qurulmuş İdman Kompleksləri, İçərişəhər və Milli Parkla da tanış ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB