Qara Qarayevin orqan üçün nota aldığı musiqi əsərlərinin diskinin təqdimatı olub
Bu gün Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) dahi bəstəkar, SSRİ Xalq Artisti, akademik Qara Qarayevin əsərlərinin orqan üçün işləmələrindən ibarət CD-nin təqdimatı keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşən təqdimat mərasimində əvvəlcə dahi bəstəkarın həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub.
Tədbirdə BMA-nın rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli çıxış edərək bildirib ki, Azərbaycan və dünya musiqi mədəniyyətinə böyük töhfələr vermiş Qara Qarayev milli və bəşəri xarakterli yaradıcılığı ilə gələcəyə yeni yollar açan novator sənətkar olub. Onun hər bir əsərinin premyerası musiqi həyatımızın xüsusi hadisəsinə, bayramına çevrilib, mədəni həyatımızda bir dönüş yaradıb. Opera janrında özünü sınayan görkəmli bəstəkar "Vətən" operasının (Cövdət Hacıyev ilə birlikdə) və fransız yazıçısı Anri Barbüsün əsəri əsasında "Zəriflik" monooperasının müəllifidir. O, həmçinin Azərbaycan musiqisi üçün yeni olan müzikl janrına müraciət edərək fransız dramaturqu E.Rostanın "Sirano de Brejerak" komediyası əsasında "Çılğın qaskoniyalı" müziklini yaradıb.
Diqqətə çatdırılıb ki, 24 prelüd silsiləsi, skripka və fortepiano üçün sonata və simli kvartetlər bəstəkarın yaradıcılıq üslubunun təzahürü kimi qiymətləndirilir. Q.Qarayev A.Puşkinin şeirləri əsasında yaratdığı "Mən sizi sevirdim" və "Gürcüstan təpələrində" romansları, "Könül mahnısı", "Səadət mahnısı" kantataları Azərbaycan musiqisinin gözəl nümunələridir.
Dahi bəstəkarın çoxşaxəli yaradıcılığından söz açan F.Bədəlbəyli onun musiqi əsərlərinin belə bir diskdə yer almasını yüksək qiymətləndirərək, bu işdə əməyi olan hər kəsə minnətdarlığını bildirib. Diskin ideya müəllifi, tanınmış orqan ifaçısı Cəmilə Cavadova-Spitsberq çıxış edərək bildirib ki, sözügedən layihə Niderland Krallığının Rottendam şəhərindəki St.Laurens kilsəsində reallaşdırılıb. CD haqqında məlumat verən Cəmilə Cavadova-Spitsberq söyləyib ki, diskə 23 musiqi nümunəsi daxil edilib. Bunlardan 15-i prelüd, digərləri isə "Tsarskoye selo heykəli", "Don Kixot" simfonik qravürləri, "İldırımlı yollarla" baletindən "Lay-lay" və "Ehtiraslı qızın rəqsi", "Yeddi gözəl" baletindən vals və başqa əsərlərdən parçalardır.
Müəllif, həmçinin dünya şöhrətli bəstəkarın əsərlərinin orqan üçün işləmələrini ilk dəfə Bakı Musiqi Akademiyasının professoru Tahirə Yaqubovanın hazırladığını vurğulayıb: "Bu addım məni ilhamlandırdı və yeni bir ideyanın yaranmasına şərait yaratdı. İnanıram ki, bu əsərlər Qara Qarayev musiqisinin orqan aləti sahəsində boşluğuna öz töhfəsinə verəcək".
Tədbir bəstəkarın əsərlərindən kompozisiyaların səsləndirilməsi ilə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə