Bu ilin teatr mövsümü başladığı 4 ay müddətində ən çox sevdiyim teatrlardan olan Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının tamaşalarına gedə bilmirdim. Və onu da bilirdim ki, bu teatr artıq 89-cu mövsümünə başlayıb. 89 il bir teatrın ömründə ən böyük sanballı il sayılır. Çünki, biz vaxtı ilə bu teatrın səhnəsində Azərbaycan teatrının korifeylərindən olan Ağadadaş Qurbanovu, Yusif Vəliyevi, Süleyman Ələsgərovu, Hüseynağa Sadıqovu, Osman Hacıbəyovu, Məmmədağa Dadaşovu, Lütvü Məmmədbəyovu, Həsən Əblucu, Firəngiz Şərifovanı, Susanna Məcidovanı, Xuraman Hacıyevanı, Əminə Yusiqızını, Tariel Qasımovu, Ağaxan Salmanlını, Azər Mirzəyevi, Gülşən Qurbanovanı, Yasin Qarayevi və onlarca korifey aktyorları, aktrisaları görmüşdük.
Hətta biz Kəlbəcərdə orta məktəbdə oxuyanda bu teatrın kollektivi tez-tez bizim rayona qastrol səfərinə gəlir və bir-birindən maraqlı tamaşalar oynayırdılar. Onların oynadıqları "Hacı Qəmbər" tamaşasına bir neçə dəfə baxmışdım. Mən məşhur el aşığı Dədə Şəmşirin nəslindənəm. Uşaq yaşlarından da saz, söz üzərində köklənmişəm. Hətta yadımdadır ki, Kəlbəcərə gələn sənətkarlar çox vaxt aşıq Şəmşirlə görüşərdilər. Biz də həmin insanlara böyük heyranlıqla, həsədlə baxardıq. Atam Bəxtiyar kişi də incəsənət işçisi olduğuna və musiqidən dərs dediyinə görə, həmişə bizi teatr tamaşalara aparır və tamaşalardan sonra evimizdə bu əsərlərin qızğın mübahisələri gedirdi.... Həm də məktəbimizin direktoru və mənim sevimli ədəbiyyat müəllimim, qohumum məşhur şair Bəhmən Vətənoğlu idi. O, məni şeir yazmağa həvəsləndirmişdi. İlk şeirlərimi də özü qəzetlərdə çap etdirirdi.
Həmin vaxtlar Kəlbəcər yaz, yay və payız aylarında çox gur olurdu. Sözün həqiqi mənasında cənnətməkan olurdu. Təkcə Azərbaycandan yox, dünyanın çox yerlərindən bura insanlar dincəlməyə və məşhur, min bir dərdin dərmanı olan İsti Su Müalicə Sanatoriyasında müalicə olunmağa gəlirdilər. Onların arasında ədəbiyyat və incəsənət işçiləri daha çox olurdu... Biz, öz yurdumuz, ocağımız Kəlbəcərlə fəxr edirdik. Qürrələnirdik. Bütün şairlər, yazıçılar Kəlbəcəri vəsf edir, onun haqqında maraqlı yazılar yazırdılar...
...Qarabağ müharibələri başlayanda biz Bakıya köçdük. Əzablı qaçqınlıq illərimiz başladı... İlk əvvəllər uşaqlıq illərimdən qəlbimdə dərin yuva salmış Gənc Tamaşaçılar Teatrına da gedə bilmədim. Günümün çox hissəsini şeir yazmağa (mənin şeirlərim 7-ci sinifdə oxuyandan mətbuatda çap olunur) və atamdan öyrəndiyim qarmonda qəmli musiqilər çalmağa sərf edirdim.
Təxminən 5 il bundan qabaq Dövlət Gənc Tamaşaçılar Teatrın qarşısından keçəndə afişada belə bir tamaşanın adını oxudum. Vaqif Əlixanlının "Əcəl atı" əsəri. "Bu tamaşa Qarabağ uğrunda döyüşlərdə igidlik göstərən, şəhid olan həmvətənlərimizə ithaf olunur". Teatrın inzibatçılarına yaxınlaşdım və bu tamaşa haqqında soruşdum. Onlar da tamaşa haqqında xoş sözlər dedilər. Bilet alıb, tamaşaya baxdım. Tamaşa həddindən artıq çox xoşuma gəldi. Sonralar mən bu tamaşaya bir neçə dəfə baxdım. Kəlbəcərdə keçirdiyimiz əzablı illər, qız-gəlinlərimizin ermənilərin əlinə düşməməsi üçün özlərini qayadan dərəyə atdığı səhnələr,

Kəlbəcər döyüşlərində yaxın qohumlarımı itirdiyim anlar yadıma düşdükcə zar-zar ağlayırdım. Əsasən də baş qəhraman Sədəf qarı rolunun ifaçıları Əməkdar artist Qəmər Məmmədova, Mehriban Abdullayeva, Şəmi rolunun ifaçısı Məhərrəm Musayev, Sarvan rolunun ifaçısı Sabir Məlikov, erməni rolunun ifaçısı Elxan Qurbanov, Rus rolunun ifaçısı Vahid Əliyev, Güllü rolunun ifaçıları Xalidə Şərifova və Nuriyyə Əliyeva və ümumiyyətlə, bütövlükdə kollektiv bu tamaşanı çox yaxşı və peşəkarcasına oynayırdılar. Bu tamaşaya həddindən artıq çox tamaşaçı gəlirdi və hamı da razı gedirdi. Həmin vaxt mən bu tamaşanın quruluşçu rejissoru, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu ilə də tanış oldum. Ağ saçlı, nurani sifətli, çox mehriban baxışlı bu insan ilk baxışdan böyük ziyalı təsiri bağışlayırdı. Bu tamaşaya görə ona öz təşəkkürümü bildirdim. Məlum oldu ki, o, Ağdam Dövlət Dram Teatrına rəhbərlik etdiyi vaxtlarda özü də Qarabağ müharibəsinin iştirakçılarından biri olub. Hətta dəfələrlə Kəlbəcərdə qastrol səfərlərində də olublar. Sumqayıt Dövlət Musiqili-Dram Teatrına rəhbərlik etdiyi vaxtlarda dəfələrlə Qarabağda döyüş gedən yerlərdə olublar və əsgərlər qarşısında çıxışlar ediblər. Sonra o, məni teatrın bütün tamaşalarına dəvət elədi.
Beləliklə, Dövlət Gənc Tamaşaçılar Teatrı bir növ mənim müqəddəs evim oldu. Burada işləyən aktyorlar haqqında maraqlı yazılar, tamaşalar haqqında ressenziyalar yazdım. Bu yazılar da qəzetlərdə, saytlarda çap olundu. Böyük oxucu marağı qazandı.
Açığı eşidəndə ki, "Əcəl atı" tamaşası teatrın repertuarından çıxarılıb, bu, mənə çox pis təsir etdi. Axı, həmin tamaşa Qarabağ müharibəsi ilə bağlı respublikada ən yaxşı tamaşa idi. Bəs teatr rəhbərliyi niyə belə hərəkət edib?
Ona görə də bir müddət teatra gəlmədim. Amma bu yaxınlarda eşidəndə ki, Ağalar İdrisoğlu, Xanımana Əlibəylinin "Aycan" pyesinə quruluş verir, onun xahişi ilə teatra gəlib, həmin tamaşanın həm ictimai baxışda və həm də ilk tamaşasında oldum. Bu əsər, tanınmış məşhur uşaq yazıçısı, əsərlərini sevə-sevə oxuduğum, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət mükafatı laureatı şair və dramaturq Xanımana Əlibəylinin "Aycan" əsəri əsasında hazırlanan eyniadlı tamaşadır.
Ağalar müəllim mənə bildirdi ki, bu əsər ilk dəfə 42 il bundan qabaq Dövlət Gənc Tamaşaçılar Teatrında, Əməkdar incəsənət xadimi, rejissor Ulduz Rəfili tərəfindən hazırlanıb. Musiqili-nağıl janrında hazırlanan bu tamaşanın müəllifi Xanımana Əlibəyli, yaradıcı heyətindən quruluşçu rejissor Ulduz Rəfili, bəstəkar Şəfiqə Axundova və rəqslərin quruluşçusu Nailə Nəzirova hətta həmin vaxtı Azərbaycan Dövlət mükafatına layiq görülüblər. Təbiət mövzusuna həsr olunan, güllərin və alaq otlarının mübarizəsi ön planda göstərilən, insanları təbiəti sevməyi və onu göz bəbəyi kimi qorumağı, yüksək səviyyədə təbliğ edən bu tamaşada 42 il bundan əvvəl teatrın aparıcı aktrisaları çıxış ediblər. Həmin vaxtlar bu tamaşa uzun illər teatrın repertuarında ən əsas səhnə əsərlərindən biri olmaqla balaca tamaşaçıların da maraqla qarşıladığı tamaşalardan biri olub.
İndi isə teatr 42 ildən sonra bu əsərə ikinci dəfə müraciət edib. Artıq bu əsər quruluşçu rejissor, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlunun yeni redaktəsi ilə alleqorik formada, müzkl janrında yenidən tamaşaya hazırlanıb. Bu tamaşanın quruluşçu rəssamı Olqa Şabanova, bəstəkarı Rüfət Ramazanov, rejissor assistenti Anar Seyfullayev və rejissor köməkçisi Sona Mustafayevadır. Yeni səhnə əsərində rəqslərin və plastik hərəkətlərin quruluşunu Yelena Volkova çox maraqlı formada işləyib.
Tamaşada rolları teatrın orta yaşlı, gənc və istedadlı aktyorları Natiq Fərzəliyev, Təhminə Məmmədova, Anar Səfiyev, Asya Atakişiyeva, İradə Rəşidova, Simuzər Ağakişiyeva, Zümrüd Quliyeva, Könül Əbilova, Gülbəniz Mustafayeva, Mehriban Hüseynova, Anar Seyfullayev, Mirzəağa Mirzəyev, Nuranə Hüseynova, Xəyalə Meydanova, Müşfiq Əliyev, Ramiq Nəsirov, Yusif Dadaşov və Aygün Fətullayeva ifa edirlər. Mən tamaşanın məşqlərinin gedişi ilə maraqlanırdım və eşidirdim ki, aktyorlar quruluşçu rejissorun rəhbərliyi ilə çox yaxşı məşq edirdilər. Hər bir ifaçı istəyirdi ki, oynayacağı rol yadda qalan olmaqla balaca tamaçıların xoşuna gəlsin. Onlarda təbiətə qarşı böyük bir sevgi yarada bilsinlər. Həm də onlar bir-biri ilə dublyor olduqlarından çalışırdılar ki, bir-birinin oyununu təkrarlamasınlar. Ona görə də baxdığım hər iki tamaşa 15 və 16 dekabr tarixlərində həm aktyor oyununa, həm mizanlara və həm də xaraktlərə görə bir-birindən seçilirdi.
Tamaşadan sonra quruluşçu rejissor, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu ilə tamaşa haqqında söhbət etdik. O, tamaça haqqında bu sözləri dedi:
- Mən ilk dəfə idi rəssam Olqa Şabanova, bəstəkar Rüfət Ramazanov, baletmeystr Yelena Volkova və rejissor assistenti Anar Seyfullayevlə işləyirdim. Həm də bu tamaşada çıxış edən aktyorların da demək olar ki, 90 faizi ilə ilk dəfə idi ki, rol üzərində işləyirdik. Çox sevindirici haldır ki, pyesin ilk dəfə oxunuşu günü və təhlili zamanı biz bir-birimizi başa düşdük və ona görə də məşqlərimiz çox maraqlı keçiridi. Mən, bütün tamaşa boyu çalışırdım ki, aktyorlar öz rollarına yaradıcı yanaşsınlar və bir növ öz rollarının rejissoru olsunlar ki, rejissorun quluna çevrilməsinlər. Olqa xanım əsasən kino rəssamıdır və bu tamaşa onun teatrda ilk işidir. Artıq mənim rejissor kimi səhnə üçün hansı tərtibatı istədiyimi başa düşdü. Və tamaşanın bir neçə tərtibat variantını çəkib gətirdi. Ən çətin iş güllərin və alaq otlarının geyimi məsələsi idi. Olqa Şabanova bu işin də öhdəsindən yaxşı gəldi. Ən adi və yüngül parçalardan istifadə etməklə bu işi ustalıqla gördü. Bəstəkar Rüfət Ramazanov bizim teatrın bir neçə tamaşalarına musiqilər yazıb və teatr işini bilir. Amma bu tamaşa müzkl olduğuna görə burada çoxlu xarakterik musiqilər, mahnılar tələb olunurdu və həm də bu musiqilərin üstündə sözsüz davalar, plastik hərəkətlər qurulduğuna görə, bütün bunlar bəstəkardan böyük ustalıq tələb edirdi. Rüfət müəllim çox sağ olsun ki, hər musiqinin bəzən 4-5 variantını gətirdi və biz də onların içərisindən lazım olanları seçdik. Təsəvvür edin ki, tamaşada 36 musiqi nömrəsi var. Bütün bu musiqilər də tamaşanın daha rəngarəng olmasına, baletmestr Yelena Volkovaya yadda qalan rəqslər və plastik hərəkətlər qurmağa çox böyük köməklik etdi. Tamaşada əsas iş aktyorlarındır. Əgər onlar yaradıcı heyətin çəkdiyi zəhməti böyük ustalıqla tamaşaçılara çatdıra bilsələr, onda tamaşa peşəkar səviyyəsində alınır. Əgər çatdıra bilməsələr onda tamaşa zəif olur. Çox sevindirici haldır ki, tamaşada oynayan bütün aktyorlar əllərindən gələni etdilər ki, tamaşa baxımlı olsun və balaca tamaşaçıların xoşuna gəlsin. Özünüz də görürdünüz ki, aktyorlar bütün tamaşa boyu zalla təmas yaradır və balaca tamaşaçıları bir növ tamaşanın iştirakçısı edirdilər. Ona görə də tamaşaçılar böyük həvəslə hər epizoda əl çalırdılar. Hətta bəzi tamaşaçılar yerindən durub, səhnədəki alaq otları ilə vuruşmaq istəyirdi. Onlara söz atırdılar. Deməli, bu tamaşanın qələbəsidir. Mən quruluşçu rejissor kimi başda Xanımana Əlibəylinin qızı, filologiya elmləri doktoru, professor Gülər xanım Abdullabəyovaya, teatrın direktoru, Azərbaycanın Əməkdar artisti və Kalmıkiyanın Əməkdar incəsənət xadimi Mübariz Həmidova, texniki, butafor, musiqi, səs sexlərinin işçilərinə və bütövlükdə yaradıcı və aktyor heyətinə öz təşəkkürümü bildirirəm. Teatr kollektiv sənətdir. Əgər onlar olmasaydı, mən, tək heç nə edə bilməzdim.
Əlbəttə, mən də yazının müəllifi kimi hər bir aktyorun oyununu ayrıca təhlil etmək istəmirəm. Çünki onların hamısı yaxşı oynayırdı və maraqlı bir ansambl yaratmışdılar. Ona görə də kimin kimdən yaxşı oynadığını demək çətindir. Ən əsası, bu tamaşa balaca tamaşaçıların çox xoşuna gəlirdi və yəqin ki, teatrın ən uzun ömürlü tamaşalarından biri olacaq.
Onu da vurğulamaq istəyirik ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı bu gün respublikamızın ən aparıcı teatrlarından biri olmaqla, tamaşaçıların sevimli teatrıdır. Bu teatrın hər bir tamaşası çox maraqla qarşılanır və hər tamaşada da çoxlu tamaşaçılar iştirak edirlər. Onlar teatrın hər bir tamaşasından sonra çox razı gedirlər. Həm də öz ürək sözlərini, arzu və istəklərini teatrın foyesində qoyulmuş qeydiyyat kitabında yazırlar. Mən isə öz qeydiyyatımı bu yazımda yazıram. Teatrın rəhəbərliyindən acizanə xahişim budur ki, Vaqif Əlixanlının "Əcəl atı" tamaşasını yenidən teatrın repertuarına daxil etsin. Çünki bu tamaşa mənim kimi öz doğma yurdlarından didərgin düşən 1 milyondan çox həmvətənlərimizin arzusudur. Heç olmasa biz, gəlib bu tamaşaya baxmaqla öz nisgilimizi ala bilərik. Bu, sizin teatra da bizim kimi doğma yurdlarından didərgin düşənlərin böyük təşəkkürü olar.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının Respublikamızdan kənarda olan qastrolları da böyük maraqla qarşılanır və xarici tamaşaçılar teatrın belə uğurlu tamaşalarına görə respublikamız haqqında xoş sözlər deyirlər. Dünya mətbuatında teatr haqqında xoş sözlər yazırlar. Deməli, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı bir daha özünün respublikamızın ən aparıcı teatrlarından biri olduğunu hər tamaşası ilə sübut edir. Gün o gün olacaq ki, bu teatr "Əcəl atı" tamaşasını da xarici tamaşaçılara göstərəcək. Mən buna inanıram. Bu teatr özünü həm uşaqların, həm gənclərin və həm də biz yaşlı insanların teatrı olduğunu sübut etməklə, həmişə bizim doğma evimiz olaraq qalacaq.
Nuridə BƏXTİYARQIZI
Şairə-publisist
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB