Bakıda beynəlxalq teatr forumu başa çatdı FOTOLAR

Bakıda beynəlxalq teatr forumu başa çatdı FOTOLAR

IV Bakı Beynəlxalq Teatr Konfransı işini yekunlaşdırıb. SİA-nın məlumatına görə, bağlanış mərasimini mədəniyyət və turizm nazirinin müavini, konfransın Təşkilat komitəsinin sədri Ədalət Vəliyev edib və o, bu konfrans haqda fikirlərini bildirib: "Maraqlı və uğurlu iki günün belə tezliklə başa çatmasına təəssüflənirəm. Azərbaycan artıq dördüncü dəfədir ki, beynəlxalq teatr konfransına ev sahibliyi edir. Budəfəki konfransın coğrafiyası əvvəlkilərə nisbətən daha da genişlənib. Azərbaycanla birlikdə 39 ölkə, 151 nəfər xarici ölkə vətəndaşı forumun iştirakçısı kimi qonağımız oldu".

Tədbirin əhəmiyyətindən söz açan nazir müavini ölkə Prezidentinin konfrans iştirakçılarına təbrik məktubunun dövlət tərəfindən beynəlxalq teatr forumuna ayrılan diqqətin göstəricisi olduğunu vurğulayıb: "Hər bir dövlət başçısının mədəniyyətə, teatra münasibəti həmin dövlətdə yaşam tərzinin göstəricisidir. Elə dövlətlər var ki, onlar xalqın mədəniyyətindən yaranıb, elə dövlətlər də var ki, öz mədəniyyətini yaradıblar. Xoşbəxtlikdən Azərbaycan dövlət quruculuğunun mədəniyyətə borclu olduğu bir məkandır. Bizim mədəniyyətimiz xalqımız ilə birgə yaranmış kateqoriyadır. Min üç yüz il əvvəl Azərbaycan dünyaya "Kitabi-Dədə Qorqud"u, 875 il öncə Nizami Gəncəvini bəxş etdi. Bütün əsrlərdə hakimiyyətdə olmuş hökmdarların çoxunun adı unudulsa da, böyük mədəniyyət həmin dövrü yada salmaq üçün kifayət edir. Bu mənada Azərbaycan dövləti Azərbaycan mədəniyyətinin yaşaması üçün mümkün olan hər şeyi edir. Bu, bir örnəkdir".

Azərbaycanın ötən əsrin sonunda ikinci dəfə qazandığı müstəqilliyinin 25 illiyini qeyd etdiyini deyən Ədalət Vəliyev bildirib ki, tarix qarşısında 25 il kiçik rəqəmdir, lakin bu illərdə, xüsusilə də XXI əsrin əvvəllərindən bəri Azərbaycanda mədəniyyətin, teatrın inkişafı üçün dövlət səviyyəsində nə qədər böyük işlər görülüb. Nazir müavini 2006-cı ildə ölkəmizdə teatr fəaliyyəti haqqında qanunun qəbul edilməsi, 2007-ci ildə Azərbaycan teatrlarının maddi-texniki bazasının möhkəmləndirilməsinə dair sərəncamın verilməsi, 2009-2019-cu illər üçün dövlət proqramının təsdiq edildiyi barədə konfrans iştirakçılarına məlumat verib.

Söylənilib ki, məhz bu qanun və proqramların qəbulu bizə beynəlxalq miqyaslı tədbirlər keçirmək, teatr binalarını əsaslı təmir edib, yenidən qurmaq imkanı yaradır. Bu proses təkcə paytaxt teatrlarını deyil, həm də bölgə teatrlarını da əhatə edir. Üstəlik, bütün bu işlər, teatr binalarının saxlanma xərcləri, teatrlarda çalışanların əmək haqqı dövlətin ayırdığı vəsait hesabına ödənilir. Hazırda Azərbaycanda 26 dövlət teatrının, "Üns" yaradıcılıq səhnəsinin, Bələdiyyə teatrının, eləcə də 56 Xalq teatrının fəaliyyət göstərdiyini bildirən Ədalət Vəliyev söylədi ki, son illər ölkədə tamaşaya qoyulmuş 873 tamaşanın 270-i dövlət vəsaiti hesabına səhnələşdirilib. Teatrlar 28 xarici ölkədə 83 dəfə qastrol səfərində olublar. Azərbaycan teatrşünas və teatr tənqidçilərinin otuzdan artıq kitabı çap olunub. Üçcildlik "Azərbaycan teatr ensiklopediyası" ilk dəfə çapa hazırdır. 13 teatrda gənclər üçün yaradıcılıq studiyası yaradılıb. Bundan başqa, bu il 15 gənc Moskvada Vaxtanqov teatr məktəbinə daxil olub. Bütün bu işlər dövlət vəsaiti hesabına edilir.

Ədalət Vəliyev çıxışında Azərbaycan teatrının beynəlxalq əlaqələrinin də genişləndiyindən danışıb. Qeyd edib ki, müstəqillik illərində teatrlarımız profillərinə uyğun olaraq müxtəlif beynəlxalq teatr qurumlarına üzv olublar, həmin qurumların bəzi tədbirləri artıq ölkəmizdə də keçirilib. Ölkənin teatr həyatı qaynar mədəni həyatın bir hissəsidir. Artıq ənənə halını almış musiqi, kino, rəssamlıq və mədəniyyətin digər sahələri ilə bağlı festival və müsabiqələri də əlavə etsək, məlum olar ki, Azərbaycanda demək olar ki, hər ay ən azı bir beynəlxalq miqyaslı tədbir keçirilir.

Natiq çıxışının sonunda IV Bakı Beynəlxalq Teatr Konfransında iştirak edən, çıxış edən hər kəsə minnətdarlığını bildirib. Onlara Azərbaycandan elə Azərbaycan boyda sevgi aparmalarını, iki ildən sonra V konfransda yenidən görüşməyi arzulayıb.

Sonda konfrans iştirakçıları xatirə şəkli çəkdiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə