Əliqismət Lalayev 60 illik yubileyi münasibətilə mükafatlandırılıb
Bu gün Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Naxçıvan MR-nın əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Hümmət oğlu Lalayevin 60 yaşı tamam olur. SİA-nın verdiyi xəbərə görə, Ə. Lalayev milli mədəniyyətimizin inkişafındakı xidmətlərinə və 60 illik yubileyi münasibətilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mükafatlandırılıb.
Qeyd edək ki, Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Naxçıvan MR-nın əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Hümmət oğlu Lalayev 1956-cı ildə Salyanda anadan olub. O, 1975-1980-cı illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Rejissorluq" fakültəsində təhsil alıb. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin xüsusi təyinatı ilə Naxçıvan Muxtar Respublikasına göndərilmiş Ə.Lalayev bir müddət Naxçıvan MR-nın Mədəniyyət Nazirliyinində çalışmış, 1988-ci ilədək isə Naxçıvan Dövlət Musiqili Dram Teatrında yaradıcılıq fəaliyyətini davam etdirib. Naxçıvan teatrında quruluşcu rejissor vəzifəsində çalışan gənc, istedadlı aktyor və rejissor elə ilk tamaşalarından teatr ictimaiyyətinin diqqətini cəlb etmiş, hazırladığı əsərlər səhnə yozumu, müasirliyi, gənclik cəsarəti ilə fərqlənib. Ə.Lalayev 1986-cı ildə Naxçıvan MR-nın Əməkdar incəsənət xadimi fəxri adına, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin mükafatlarına layiq görülüb.
1988-ci ildə Ə.Lalayev Salyanda "Qələbə" qəzetinin redaksiyasında məsul katib, rayon mədəniyyət şöbəsinin müdiri vəzifələrində işləyib, 1993-cü ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktor müavini təyin edilib. 1995-2008-ci illərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin İncəsənət baş idarəsinin rəisi, Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət şöbəsinin müdiri vəzifələrində çalışıb.
Bu illər ərzində o, respublikada keçirilən dövlət səviyyəli tədbirlərin, elm, mədəniyyət və incəsənət xadimlərinin yubileylərinin, milli mədəniyyətimizin təbliği məqsədi ilə xarici ölkələrdə keçirilən Azərbaycan Mədəniyyəti Günlərinin təşkilatçısı olub.
6 may 2008-ci il tarixində Ə.Lalayev Azərbaycan Dövlət Musiqili Komediya Teatrının direktoru vəzifəsinə təyin olunub. O, bu gün Azərbaycan Dövlət Musiqili Teatrının yaradıcılıq fəaliyyətinin təşkilində böyük rol oynayır.
1968-ci ildən dövrü mətbuatda çıxış edən Ə.Lalayev sənətşünaslıq üzrə fəlsəfə doktoru, bir sıra məqalə və oçerklərin müəllifidir. O, Azərbaycan Jurnalistlər Birliyinin və Teatr Xadimləri İttifaqının üzvüdür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB