“Fitnə” Bərdədədir

Bərdə rayon Heydər Əliyev Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sifarişi ilə çəkilən "Fitnə" filmi nümayiş etdirilib. Bərdə Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Eldəniz Səfərov nümayişdən əvvəl çıxış edərək, dini radikalizm, onun fəsadlarından danışıb. Dini radikalizmə qarşı mübarizənin psixoloji, hüquqi, siyasi və mənəvi aspektlərindən bəhs edən "Fitnə" filminin radikalizmə qarşı mübarizədə önəmli rola malik olduğu bildirilib.

Bərdə rayon gənclər və idman idarəsinin rəisi Anar Şahbazov çıxışında tarixi İpək yolunda yerləşən Azərbaycanın müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınmasından, ölkəmizdə multikulturalizmin alternativi olmayan həyat tərzinə çevrilməsindən söz açıb. Vurğulanıb ki, radikalizmə qarşı mübarizədə gənclər fəal olmalı, bu işdə yüksək vətənpərvərlik və vətəndaşlıq həmrəyliyi nümayiş etdirməlidirlər.

Sonra "Fitnə" sənədli filminə baxış olub.

Filmin nümayişindən sonra çıxış edənlər ekran əsərinin əhəmiyyətini yüksək qiymətləndirib, onun hazırlanmasında əməyi olanlara təşəkkürlərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə