Elçin Məmmədovun 70 illik yubileyi qeyd olunub

Elçin Məmmədovun 70 illik yubileyi qeyd olunub

Mədəniyyət və Turizm Nazirliyinin və Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə görkəmli rəssam, əməkdar incəsənət xadimi Elçin Məmmədovun anadan olmasının 70 illiyinə həsr olunmuş tədbir təşkil olunub.

SİA-nın verdiyi xəbərə görə, Teatr Xadimləri İttifaqında təşkil olunan tədbirdə unudulmaz sənətkarın həyat və yaradıcılığını əks etdirən sərgi nümayiş olunub.

Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Azərpaşa Nemət çıxış edərək, Elçin Məmmədovun milli teatr sənətinin inkişafındakı xidmətlərindən danışıb.

Bildirilib ki, çox erkən yaşlarında sənətə vurğunluğu ilə seçilən E.Məmmədov Azərbaycanın görkəmli sənətkarları-xalq artistləri Mehdi Məmmədov və Barat Şəkinskayanın ailəsində dünyaya göz açıb.

Xalq artisti sənətkarın yaradıcılıq fəaliyyətinin paytaxt teatrları ilə yanaşı, Naxçıvan, Gəncə, Lənkəran, Sumqayıt və Mingəçevir teatrlarını da əhatə etdiyini, sözügedən sənət ocaqlarında çoxlu sayda əsərlərə verdiyi maraqlı səhnə tərtibatları ilə yadda qaldığını vurğulayıb.

Daha sonra çıxış edənlər sənətkar haqqında xatirələrini bölüşüblər.

Qeyd edək ki, E.Məmmədov rəssamlıqla yanaşı, aktyor kimi müxtəlif illərdə ekranlaşdırılan bir sıra filmlərdə dolğun obrazlar yaradıb. Onun "Yeddi oğul istərəm" filmindəki Mirpaşa və "Dədə Qorqud" filmindəki Qaraca Çoban obrazları milyonlarla tamaşaçı qəlbinə yol tapıb. Bundan əlavə, unudulmaz sənətkarımız "Xəzinə", "Ağır Şkaf", "Toya dəvətnamə", "Çətirimiz buludlardır", "Dantenin yubileyi", "Bağlı qapı", "Qəribə adam" və başqa onlarla filmdə yaratdığı obrazlarla çoxsaylı tamaşaçı sevgisi qazanıb. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının baş rəssamı olan Elçin Məmmədov "İblis" tamaşasına verdiyi tərtibata görə, 1984-cü ildə Azərbaycan dövlət mükafatına layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə