Azərbaycan Milli Kulinariya Mərkəzinin (AMKM) yaradılmasının 25 illik yubiley mərasimi keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Azərbaycanda olan diplomatik nümayəndəliklər, ictimai siyasi xadimlər, hökumət və KİV nümayəndələri iştirak edib.
Tədbirdən öncə aşpazların və qənnadçıların AMKM-in 25 illiyinə həsr edilmiş ərzaq məhsullarından hazırlanmış nümunələr, həmçinin, Rəssamlar İttifaqı tərəfindən yubiley münasibətilə çəkilmiş rəsm əsərlərindən ibarət sərgi nümayiş olunub.
Mərasimin açılışını edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, AMKM-in 25 illik tarixinin Azərbaycanın zəngin mədəni irsə sahib olmasının göstəricisidir: "Azərbaycan müstəqillik əldə etmədən öncə milli kulinariyanın təbliği və inkişafı haqqında düşünmək mümkün deyildi. Çünki həmin dövrdə milli dəyərləri tanıtmaq hüququmuz yox idi. Lakin müstəqillik əldə etdikdən sonra bütün sahələr kimi, milli kulinariya da öz sözünü deməyə başladı. Bu gün artıq bir sıra mətbəx nümunələrimiz YUNESKO-nun maddi və qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Həmçinin, AMKM beynəlxalq festivallarda iştirak edərək, ölkəyə qələbə ilə qayıdır. Artıq dünyanın bir çox ölkəsi Azərbaycanın zəngin mətbəxindən xəbərdardır. Bu, 25 ilin uğuru olmaqla yanaşı, ölkə başçısı cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın təşəbbüsü və çoxşaxəli humanitar fəaliyyətinin nəticəsidir.
Məlum olduğu kimi, mənfur ermənilər tərəfindən bir sıra milli yeməklərimiz, həmçinin, bütün şərqdə hazırlanan çörək məmulatlarımızın hazırlanması ənənələri mənimsənilməyə səy göstərilib. Lakin biz hər zaman beynəlxalq əlaqələr vasitəsilə, bunun qarşısını almağa nail olmuşuq. Yaxın zamanlarda milli yeməyimiz olan dolmanın da hazırlanma qaydasını YUNESKO-ya təqdim edəcəyik. Bundan sonra da sözügedən istiqamətdə AMKM ilə birgə işlər görəcəyik".
Daha sonra cənab nazir Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 21 aprel 2016-cı il tarixli Sərəncamına əsasən, kulinariya sahəsinin əməkdaşlarını "Əməkdar mədəniyyət işçisi" fəxri adı ilə təltif olunması münasibətilə təbrik edib.
Çıxış edən AMKM-in direktoru Tahir Əmiraslanov mərkəzin sabiq SSRİ məkanından Ümumdünya Kulinariya Təşkilatları Birliyinə (ÜKTB) 1992-ci ildə daxil olan ilk təşkilat olduğunu vurğulayıb: "AMKM ölkəmizi dünyada təmsil edən, informasiya blokadasını dağıda bilən ilk qurumlardandır. Buna yüksək qiymət verən ümummilli lider Heydər Əliyev 1994-cü ildə ÜKTB-nin Dünya Konqresinə məktubla müraciət edərək, Azərbaycanla əməkdaşlığı irəli sürüb. AMKM bu gün artıq 100 ölkənin üzv olduğu Ümumdünya Kulinariya Təşkilatının rəhbərliyində təmsil edilir. Ötən 25 il ərzində beynəlxalq yarışlardan ölkəmizə 45 kq-dan çox qızıl, gümüş, bürünc medallar, həmçinin, Dünya Kulinariya Kuboku gətirilib.
Bundan əlavə, təşkilatın ən böyük nailiyyətlərindən biri də "Azərbaycan mətbəxi" kitabının dünyada birinci yerə çıxmasıdır. Ümid edirəm ki, bu uğurlar davamlı olacaq və zəngin tarixə malik olan milli mənəvi dəyərlərimizin dünyada tanıdılmasında mütərəqqi addımlar atılacaq".
Tədbirdə Azərbaycanın birinci xanımı, Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın AMKM-in 25 illiyinə ünvanlanmış təbrik məktubu səsləndirilib.
Digər çıxış edən qonaqlar AMKM-in keçdiyi tarixi yola nəzər yetirərək, Azərbaycan mətbəxinin toplanması, tədqiqatı, təbliği və qorunması istiqamətində əldə etdiyi nailiyyətlərdən danışıb.
Qeyd edək ki, AMKM 1992-ci ildən Ümumdünya Kulinariya Təşkilatları Birliyinin (ÜKTB), 1998-ci ildən isə YUNESKO-nun Xalq Yaradıcılığı Təşkilatının Ənənəvi Qida Komitəsinin üzvüdür. Təşkilat 25-ci (Almaniya), 26-cı (Norveç), 27-ci (İsrail), 28-ci (Avstraliya), 29-cu (Hollandiya), 30-cu (Yaponiya), 31-ci (İrlandiya), 33-cü (Birləşmiş Ərəb Əmirlikləri) 34-cü (Çili) Dünya Kulinariya Konqreslərində, Avropa Konfranslarında (Almaniya, İtaliya, Çexiya, Avstriya) fəal iştirak edib. AMKM Azərbaycan mətbəx tarixini, mədəniyyətini dövlət siyasəti səviyyəsində özəlləşdirən erməniləri beynəlxalq səviyyədə ifşa edib və Ermənistan Respublikası Nazirlər Sovetinin, Ermənistan Elmlər Akademiyasının 1959-cu ildən etibarən bu istiqamətdə gördükləri işin inkişafını dayandırmağa müəssər olub.











Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB