Ölkəmiz beynəlxalq festivalda təmsil olunub FOTOLAR

Ölkəmiz beynəlxalq festivalda təmsil olunub FOTOLAR

Daşkənddəki Beynəlxalq Vestminster Universitetində ənənəvi olaraq? "Xalqların mədəniyyəti və adət-ənənələri" adlı festival keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, tədbir çərçivəsində Özbəkistanda fəaliyyət göstərən xarici ölkələrin səfirlikləri və mədəniyyət mərkəzləri öz mədəniyyətini, turizmini nümayiş etdirib.

Tədbirin rəsmi açılış mərasimində universitetin rektoru Kamilcon Karimov çıxış edərək festivalın əhəmiyyətindən danışıb. O qeyd edib ki, festival özbək gənclərinə müxtəlif xalqların mədəniyyətləri, incəsənəti, adət və ənənələrini öyrənmək və biliklər əldə etməyə imkanlar yaradır.

Tədbirdə ölkəmizi Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi təmsil edib.

Ölkəmiz üçün ayrılmış otaqda Azərbaycan mədəniyyətinə dair stend, Qarabağ geyimləri, suvenirlərimiz, müxtəlif regionlarda toxunmuş xalçalar nümayiş etdirilib. Həmçinin, sərgidə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi inkişafından bəhs edən kitablar, "Qarabağ həqiqətləri" seriyasından Heydər Əliyev Fondu tərəfindən rus və ingilis dillərində çap olunan nəşrlər, Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı əsərlər iştirakçıların böyük marağına səbəb olub.

Nümayiş etdirilən video-çarxda Azərbaycanın füsunkar mədəniyyəti, turizm gözəllikləri göstərilib.

Azərbaycan guşəsinə gələnlərə ölkəmizin tarixi, mədəniyyəti, ədəbiyyatı haqqında müxtəlif məzmunlu kitab və jurnallar hədiyyə verilib.

Tədbirin bədii hissəsində Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki "Azərbaycan qızları" rəqs ansamblı tərəfindən milli rəqslərimiz ifa olunub.

Qeyd edək ki, festivalda Azərbaycanla yanaşı, İtaliya, İran, Misir, Səudiyyə Ərəbistanı, Hindistan, Pakistan, Böyük Britaniya və digər ölkələr öz mədəniyyətlərini təqdim ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə