İlk Buktreyler Festivalının qalibləri açıqlanıb FOTOLAR

Nizami Kino Mərkəzində İlk Buktreyler Festivalının nəticələri açıqlanıb. SİA-nın verdiyi xəbərə görə, tədbirin açılışını edən layihənin rəhbəri, kinoaktyor Ruslan Sabirli müsaqənin keçirilmə məqsədindən danışıb: "Festival elan olunduğu gündən etibarən, nəzərdə tutduğumuzdan da çox müraciət oldu. Bu hal bizi çox sevindirdi. Elə festivalın məqsədi də kitab və mütaliənin cəmiyyətimizdə təbliğinə, mütaliəyə münasibətin yaradıcı formalarının inkişafı və dəstəklənməsinə, kino sahəsində istedadlı və yaradıcı gənclərin (rejissor, operator, rəssam, aktyor, qrimçi və başqaları) üzə çıxarılmasına, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafına nail olmaqdır".

Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev çıxışında bildirib ki, belə tədbirlərin gerçəkləşdirilməsi cəmiyyətin kitaba, mütaliəyə marağının artmasına səbəb olur: "Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev belə layihələrin gerçəkləşməsində və gənclər arasında təbliğində daim dəstək olur. Kitabın məzmununun video-çarxla çatdırılması cəmiyyətin maariflənməsində xüsusi əhəmiyyətə malikdir . Belə layihələri davamlı etmək və genişləndirmək lazımdır".

Sonra müsabiqənin qalibləri açıqlanıb. Münsiflər heyətinin səsverməsinə əsasən, birinci yerə Elçin Quliyev, ikinci yerlərə Natiq Axundov və Fərid Rəsulov, üçüncü pilləyə isə Asif Əliyev, Elmin Əliyev və Elçin Elxanlı layiq görülüblər. Qaliblər müvafiq olaraq, 1000, 800 və 500 manat pul mükafatı və diplomla təltif edilib.

Qeyd edək ki, Festivalın obyektiv keçirilməsi məqsədilə buktreylerlər hər bir münsif üzvü tərəfindən ayrılıqda qiymətləndirilib. Sonda isə yekun olaraq, təşkilat komitəsi hər bir münsifin verdiyi qiyməti toplamaqla qalibləri müəyyənləşdirib.

Bütün xəbərlər Facebook səhifəmizdə