Nazir müavini Almaniyanın nümayəndə heyətini qəbul edib

Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Alman Bundestaqının millət vəkili Kristof Berqnerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Nazirlikdən SİA-ya verilən xəbərə görə, nazir müavini Sevda Məmmədəliyeva ümumilikdə Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında mədəniyyət sahəsində əməkdaşlığın mövcud səviyyəsindən razılığını bildirərək, gələcəkdə əlaqələrin daha da genişləndirilməsinin vacibliyini qeyd edib.

Azərbaycanın təşəbbüsü ilə 2016-2017-ci illərdə YUNESKO-nun yubileylər proqramı çərçivəsində təşkilatın baş qərargahında Cənubi Qafqazda alman yaşayış məntəqələrinin salınmasının (1817) 200 illik yubileyinin qeyd ediləcəyini vurğuayan Sevda Məmmədəliyeva bu hadisənin iki xalq arasındakı münasibətlərin qədimiliyinin göstəricisi olduğunu bildirib.

Görüşdə Azərbaycan Milli İncəsənət Muzeyi ilə Almaniyanın Etnologiya Muzeyi və Berlin Erkən və Qədim Dövr Tarixi Muzeyi arasında əməkdaşlıq barəsində danışılıb, Berlin Erkən və Qədim Dövr Tarixi Muzeyi ilə Azərbaycan mütəxəssisləri tərəfindən Xocalı Gədəbəy arxeoloji mədəniyyətinin tədqiqinin aparıldığı iştirakçıların diqqətinə çatdırılıb.

Nazir müavini ölkəmizin müstəqillik qazandıqdan sonra ikisi Bakıda, ikisi Göygöl və Şəmkirdə olmaqla, 4 alman kilsəsinin bərpa edildiyini qeyd edib.

Görüşdə 2008-ci ildə Almaniyada Azərbaycan İlinin keçirilməsinin ölkələrimiz arasında mədəniyyət sahəsində əməkdaşlığın yüksək səviyyəsinin göstəricisi olduğu vurğulanıb. Kristof Berqner Azərbaycanda Alman irsinin qorunmasına görə, Azərbaycan Respublikasının rəhbərliyinə dərin təşəkkürünü ifadə edib, həmçinin, ortaq mədəniyyət və tarixin iki xalqı bir-birinə daha da yaxınlaşdırdığını söyləyib.

Sonda Sevda Məmmədəliyeva Kristof Berqneri Cənubi Qafqazda alman yaşayış məntəqələrinin salınmasının (1817) 200 illik yubileyinin keçirilməsi ilə bağlı tədbirlərdə iştiraka dəvət edib. Kristof Berqner Azərbaycan xalqının qonaqpərvərliyindən məmnunluğunu ifadə edərək, səmimi qəbula görə, nazir müavini Sevda Məmmədəliyevaya minnətdarlığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə