Azsaylı xalqlara həsr olunmuş festival keçirilib

"Beynəlxalq Abidələr və Tarixi Yerlər" günü münasibətilə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunda ölkəmizdə yaşayan milli azlıqlara həsr olunmuş festival keçirilib. Nazirlikdən SİA-ya verilən xəbərə görə, "Multikulturalizm ili" çərçivəsində təşkil olunan festivalda ölkəmizdə yaşayan azsaylı xalqların mədəniyyəti, tarixi, dini inancları, folklor örnəkləri, kulinariyası, musiqisi və müxtəlif sənət nümunələrindən ibarət sərgi nümayiş etdirilib.

Tədbir iştirakçıları əvvəlcə sərgi ilə tanış olublar. Qubanın Xınalıq kəndində yaşayan xınalıqlıların, Qırmızı qəsəbədən dağ yəhudilərinin, Qusardan ləzgilərin, Balakəndən avarların, Lənkərandan talışların, həmçinin, İsmayıllıda yaşayan azsaylı xalqların adət-ənənəsi, musiqisi və rəqsləri təqdim olunub.

Tədbir daha sonra "Atəşgah məbədi" qoruğunda yerləşən akt zalında davam edib. Əvvəlcə ölkəmizdə tarixi abidələrin qorunması, təmir-bərpa olunması, yeni qoruqların yaradılması və bu sahənin inkişafı üçün atılan addımlardan bəhs edən videoçarx nümayiş olunub.

Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev "Beynəlxalq Abidələr və Tarixi Yerlər" günü münasibətilə hər kəsi təbrik edərək əlamətdar günün ölkəmizdə də geniş qeyd olunduğunu bildirib: "Bütün dünyada bu gün tarixi yerlərə, bəşəri abidələrə diqqət yetirilir, müxtəlif tədbirlər keçirilir. Azərbaycan öz müstəqilliyini əldə edəndən sonra dünyanın mədəni xəritəsində öz yerini tutmağa nail oldu. Bu gün Azərbaycan xalqının dünya mədəniyyətinə təqdim etdiyi zəngin mədəniyyət nümunələrinin bəziləri artıq bəşəriyyətin ümumi mədəni irsinə çevrilib".

Nazir vurğulayıb ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində, tarixi abidələrin qorunması, bərpası ilə bağlı ciddi işlər həyata keçirilir: "Bu gün Azərbaycan tarixinin dərindən öyrənilməsinə xüsusi diqqət yetirilir. Ölkə başçısının sərəncamı ilə yeni qoruqlar yaradılır, tarixi yerlər, abidələr aşkar olunaraq bərpa edilir. Azərbaycan xalqının mədəni dəyərlərinin qorunub saxlanılmasında və tanıdılmasında Heydər Əliyev Fondunun da böyük payı var. Fondun prezidenti, ölkəmizin birinci xanımı Mehriban Əliyeva tərəfindən Azərbaycan mədəniyyətinin dünyada tanıdılması üçün böyük işlər görülür".

Əbülfəs Qarayev vurğulayıb ki, indi Şəki şəhərində yerləşən tarixi abidlərin UNESCO-nun mədəni irs siyahısına salınması üçün müvafiq işlər həyata keçirilir. Növbəti illərdə isə Naxçıvan şəhərində yerləşən tarixi və memarlıq abidələrinin bu siyahıya salınması üçün addımlar atılacaq.

Nazir daha sonra bildirib ki, Prezident İlham Əliyev tərəfindən 2016-cı ilin ölkəmizdə "Multikulturalizm ili" elan olunması ölkəmizdə azsaylı xalqların mədəniyyətinə, adət-ənənələrinə verilən qiymətin daha bir bariz nümunəsi oldu: "Bu il "Beynəlxalq Abidələr və Tarixi Yerlər" günü əvvəlki illərdən daha geniş və fərqli şəkildə qeyd olunur. Bu tədbirlər sırasında ölkəmizin mədəni müxtəlifliyinin nümayiş olunmasına da böyük diqqət ayrılıb. Festivalla tanış olan hər kəs bir daha Azərbaycan mədəniyyətinin zənginliyinin şahidi olur. Bu mədəni zənginliyin tərkib hissəsi kimi azsaylı xalqların mədəniyyətinin inkişafı üçün də dövlətimiz tərəfindən böyük diqqət və qayğı göstərilir. Ölkəmizdə yaşayan hər bir azsaylı xalqın sərvəti də bizim dövlətin sərvətidir".

Qeyd olunub ki, Azərbaycan müxtəlif xalqların, konfessiyaların nümayəndələrinin əmin-amanlıq və qarşılıqlı əməkdaşlıq şəraitində yaşadıqları unikal bir ölkədir. Əsrlərdir möhkəm dayaqlara, zəngin ənənəyə, dərin tarixə və mənəvi köklərə malik olan tolerantlıq Azərbaycan xalqının və dövlətinin milli-mənəvi dəyərinə çevrilib.

Nazir həmçinin, 25-27 apreldə Bakının BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna ev sahibliyi edəcəyini və bu tədbirə gələcək minlərlə xarici qonağı qarşılamağa hazırlıq görüldüyünü diqqətə çatdırıb. Burada bütün ölkələri narahat edən miqrasiya, terorizm, müharibə, dinlərarası ziddiyyətlər və başqa mövzular müzakirə olunacaq. Tədbirin Azərbaycanda keçirilməsi ölkəmizdə mövcud olan multikultural dəyərlərə verilən önəmin nəticəsidir.

Əbülfəs Qarayev ölkəmizdə əsrlər boyu mövcud olan tolerantlıq ənənələrinin, xalqımızın yaratdığı mədəni irsin qorunduğunu vurğulayıb, bu ənənələri dünyaya daha geniş şəkildə çatdırmağın vacibliyini qeyd edib.

Azərbaycan Respublikasının Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdulla ölkəmizdə mövcud olan tolerantlıq ənənələrinin dünya ölkələrinə örnək olduğunu deyib: "Bu gün dünyada multikulturalizmə iki yanaşma mövcuddur. Onlardan biri Avropa ölkələrinin əksəriyyətinin də dəstəklədiyi bədbin yanaşmadır ki, onlar multikultural ənənələrin iflasa uğradığını bildirirlər. Amma ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən multikultural dəyərlərə hörmət, qarşılıqlı anlaşma və birgəyaşayış nümunəsi dünya ölkələrinə nikbin bir örnəkdir".
Kamal Abdulla bildirib ki, hazırda dünyanın 13 universitetində "Azərbaycan multikulturalizmi" fənni tədris edilir. Bu universitetlərin sayı get-gedə artmaqdadır. Burada Azərbaycan multikulturalizminin təbliği ilə yanaşı, dünyada, xüsusən də, Avropa ölkələrində olan multikultural ənənələrin müqayisəli şəkildə öyrənilməsi həyata keçirilir.

AMEA A.Bakıxanov adına Tarix İnstitutunun direktoru Yaqub Mahmudov və Alban-Udin icmasının sədri Robert Mobili çıxış edərək, ölkəmizdə azsaylı xalqların mədəniyyətinə və adət-ənənəsinə olan diqqət və qayğıdan danışıblar.

Sonda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "Azərbaycanın mədəni irsinin tədqiqinə görə" AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor İlyas Babayev, Abşeron Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri İlham Manafov, "Azərbərpa" Elmi-Tədqiqat Layihə İnstitutunun baş memarı Leyla Hüseynova və Xınalıq Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğunun əməkdaşı Həsən Ağayevə nazirliyin fəxri fərman və pul mükafatları təqdim olunub.

Qeyd edək ki, Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (İCOMOS) təklifi ilə, UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd isə insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə