Sumqayıtda vətən oğulları anılıb FOTOLAR

Sumqayıtın Şəhər Mədəniyyət Evində gənclər arasında vətənpərvərlik ruhunun aşılanması, qəhrəmanlarımızın təbliği məqsədilə tədbir keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, tədbirdə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr olunmuş ədəbi-bədii kompozisiya, gənc müğənnilər İlkin Əlizadə və Murad Mirzəyevin ifasında vətənpərvər ruhlu mahnılar tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Aparıcılar Türkan Mahmudova və Əlipaşa Paşayevin Azərbaycan ordusunun yaranması və keçdiyi zəfər yolu haqqında çıxışları, eləcə də mədəniyyət evinin özfəaliyyət kollektivi üzvlərinin ifasında "Əsgər marşı", vətənpərvər ruhlu şeirlər tədbirə xüsusi ovqat qatıb.

Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələrinin İctimai Birliyi Sumqayıt filialının sədri Tərlan Hacızadə qələbə münasibətilə hər kəsi təbrik edib. O, çıxışında diqqəti birinci Qarabağ müharibəsinə yönəldib və bildirib ki, bu gün bu qələbə ilə bizi sevindirən əsgər və zabitlərimiz həmin şəhidlərin, qazilərin, veteranların övladları, ailə üzvləri, qohumları, bir sözlə, davamçılarıdır. Bu qəhrəmanlar bizim xalqın övladlarıdır və biz onlarla fəxr etməli və daim xatirələrdə yaşatmalıyıq.

Qeyd edək ki, tədbirdə Qarabağ müharibəsi veteranları və qaziləri də iştirak edib.

Kubra Bayramova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...