AMEA Milli Azərbaycan Tarixi Muzeyində "I Şah İsmayıl – sərkərdə və hökmdar" sərgisinin təntən’li açılışı olub. SİA-nın verdiyi xəbərə görə, tədbiri giriş sözü ilə Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı açıq elan edib və qonaqları salamlayıb.
AMEA-nın prezidenti akademik Akif Əlizadə çıxış edərək, I Şah İsmayılın Azərbaycan tarixində tutduğu yerdən danışıb, onun Azərbaycanın dövlətçilik, hərb sənəti və mədəniyyətinə verdiyi töhfələri qeyd edib. Xüsusi olaraq vurğulanıb ki, açılışı keçirilən sərginin konsepsiyasının əsasında akademik Mehdiyevin 2014-cü ildə işıq üzü görmüş "Şah İsmayıl – sərkərdə və hökmdarın portreti" kitabı dayanır.
Tədbirin bədii hissəsi Rauf Zeynalovun rəhbərlik etdiyi "Peşəkarlar" qrupunun nağaralarda ifa etdikləri ritmik Azərbaycan rəqs havaları ilə başlayıb.
Azərbaycan Musiqi Mədəniyyəti Muzeyi nəzdində fəaliyyət göstərən və bədii rəhbəri Azərbaycan Respublikasının əməkdar artisti Munis Şərifov olan "Qədim musiqi alətləri ansamblı"nın ifasında XIV əsr bəstəkarı Əbdülqədir Marağayinin müəllifi olduğu "Hüseyn bəstə", "Naxış bəstə" musiqiləri, həmçinin, "Qədim türk" musiqisi səslənib.
M.F.Axundov adına Azərbaycan Dövlət və Akademik Opera və Balet teatrının solistləri əməkdar artistlər Təyyar Bayramov, İlahə Əfəndiyeva, Elxan Mansurov, Arzu Əliyeva və Nərgiz Ağayevanın ifasında bəstəkar Müslüm Maqomayevin "Şah İsmayıl" operasından Şah İsmayıl və Ərəbzənginin, Şah İsmayıl və Gülzarın ariyaları səsləndirilib.
"Xəzər Universiteti"nin magistrı Elçin Feyzullayev, Zülfiyyə Sadıqovanın müşaiyəti ilə, "Şah İsmayıl" operasından "Aslan şahın ariyası"nı ifa edib.
Bədii hissə bitəndən sonra sərgi zalının qarşısında qonaqlar Rauf Zeynalovun "Peşəkarlar" qrupunun qurduğu soyuq silahla döyüş səhnələrinə tamaşa ediblər..
Daha sonra qonaqlar sərgi ilə tanış olublar.
Azərbaycan tarixinin görkəmli simalarından olan böyük sərkərdə və dahi hökmdar I Şah İsmayılın dövlət quruculuğu və hərbi fəaliyyətinə həsr olunmuş belə bir sərgi ilk dəfədir ki, təşkil edilib. Respublikanın elmi-mədəni həyatında əlamətdar hadisə olan sərginin hazırlığı ciddi elmi axtarışlar, geniş bərpa-restavrasiya və yeni tərtibat işləri tələb edib.
Sərgidə 130-dan artıq eksponat – silahlar, pullar, kaşılar, parçalar nümayiş olunur.
Sərginin elmi-ekspozisiya planı tərtib edilərkən xronoloji ardıcıllıq metodu əsas götürülüb, I Şah İsmayılın bioqrafiyasının önəmli anlarının əks olunması prinsipinə üstünlük verilib. Azərbaycan Səfəvilər dövlətinin hökmdarı, görkəmli sərkərdə I Şah İsmayılın həyat və fəaliyyətini geniş surətdə əks etdirmək məqsədilə, sərgidə 22 informasiya-məlumat paneli, 2 xəritə, 2 portret, 6 iriölçülü banner qurulub. Panellərdə fotoşəkillər, tablo və sxemlər, eləcə də, Azərbaycan, rus və ingilis dilində məlumat təqdim edilir.
I Şah İsmayılın məhşur qılıncının müasir replikası XVI əsr texnologiyaları üzrə, Rusiya dəmirçi-silahqayıran ustaları tərəfindən düzəldilərək sərgidə nümayiş olunur. Bununla belə, sərginin ruhuna cavab verən bir sıra sənət əsərləri də tamaşaçılara təqdim olunur. Burada İlqar Həsənəlizadənin fərdi kolleksiyasında qorunan və I Şah İsmayıla həsr olunan Türkiyəli usta-rəssam Efe Unçu, yerli heykəltəraş və rəssamlar İslam Həsənəlizadənin, Seyran İmanovun, Bənövşə Əliyevanın, Tahir Ələkbərovun işləri təqdim edilib.
Qeyd edək ki, Milli Azərbaycan Tarixi Muzeyində "I Şah İsmayıl – sərkərdə və hökmdar" sərgisi 2016-cı il dekabrın 15-dək davam edəcək.
.jpg)
.jpg)
Kubra Bayramova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB