Parisdə Azərbaycan kinosu təqdim olundu FOTOLAR

Fransanın sabiq mədəniyyət naziri Frederik Mitteran tərəfindən 1975-ci ildə təsis edilmiş Parisin "L’Entrepôt" İncəsənət Mərkəzində üç qısametrajlı filmin nümayişi keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbiri EFA-nın direktoru İrina Biliç açıb: "L’Europe autour de l’Europe" festivalı artıq beşinci ildir ki, TEAS ilə birgə əməkdaşlıq şəraitində keçirilir. Bu təşkilat Azərbaycan mədəniyyətinin təbliği sahəsində çox iş görür. Bu gecə nümayiş etdirilən filmlər Azərbaycanın müstəqillik qazandığı andan bu günə qədər olan müddəti əhatə edir".

Mərasimdə TEAS-ın Fransa ofisinin direktoru Marie-Laetitia Gourdin də söz alıb: "Bugünkü təqdimatda 1995 və 2015-ci illərdə çəkilmiş "Fransız", "Şanxay-Bakı" və "Kədərim nurludur" adlı filmlərin ilk nümayişi keçiriləcək. Bu filmlər üslub baxımından çox fərqli olsa da, onlar ənənənin milli mentalitetə necə təsir etdiyini (və ya etmədiyini), müasir Azərbaycan cəmiyyətində gənclərin mövqeyini əks etdirməyə çalışır."

Rejissor Teymur Hacıyev olan Çexovun "Dəcəl oğlan" əsəri əsasında çəkilmiş "Şanxay-Bakı" filmində Bakının mərkəzinə yaxın ərazidə yerləşən "Şanxay" kimi tanınan bir qəsəbə haqqında bəhs edilir. Sənədli film üslubunda çəkilmiş bu film operator işi ilə fərqlənir, burada reallığın təsirinə nail olmaq üçün yarı improvizə edilmiş dialoqlar və qeyri-peşəkar aktyorlardan istifadə edilib. Hacıyevin daha erkən çəkdiyi "Ayrılıqda" adlı filmi 2014-cü ildə Kann film festivalının müsabiqəsi üçün seçilib.

Moskvada yaşayan rejissor Ru Həsənovun çəkdiyi "Kədərim nurludur" filmi gənclərin mədəni dünyasının mahiyyətini əks etdirmək üçün istifadə olunmuş möhtəşəm kinematoqrafiya nümayiş etdirir. Hekayə musiqi bacarıqları ilə tanınan nihilist gənc oğlandan bəhs edir. O, hamı tərəfindən inkar edilir, lakin ona ali cəmiyyətdə keçirilən bir ziyafətdə özünü doğrultmaq fürsəti verilir. O, musiqi və ailə, pul və yaradıcılıq arasında seçim etməlidir. R.Həsənovun "Buqələmun" adlı debüt filmi 2013-cü ildə Lokarno Film Festivalının müsabiqəsi üçün seçilib.

Nümayiş azərbaycanlı kinorejissor mədəniyyət nazirinin sabiq müavini və Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, rejissor Vaqif Mustafayevin "Fransız" filmi ilə yekunlaşıb. 1995-ci ildə çəkilmiş bu satirik komediya filmi Fransada təhsil almış Əlibabanın hekayəsindən bəhs edir. Fransa mədəniyyəti və dili onun ana dilini tamamilə əvəzləyib. O, Azərbaycana qayıdır, ailəsi ilə ünsiyyət qura bilmir və evinin damında gizlənir. Süjet onun ailəsinin öz doğma mədəniyyətini anlamağa yardım etmək üçün müxtəlif cəhdləri ətrafında qurulub. Filmdə Azərbaycan milli mənsubiyyətini bərpa etmək üçün bəzi mədəni elementlərdən, incə və ağıllı şəkildə yumoristik məqamlardan necə istifadə olunması göstərilir.

Bütün xəbərlər Facebook səhifəmizdə