Ağcabədidə bayram tədbiri keçirilib FOTOLAR

Ağcabədidə bayram tədbiri keçirilib FOTOLAR

Ağcabədi şəhərinin mərkəzi stadionunda təşkil olunan Novruz şənliyində 10 mindən çox sakin iştirak edib. SİA-nın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov iştirakçıları bayram münasibətilə təbrik edib, onlara can sağlığı, ruzi-bərəkət və firavanlıq arzulayıb.

Bayram tədbirində rəsm, əl işləri müsabiqələri keçirilib. Rayon mədəniyyət və turizm şöbəsinin şəhər incəsənət məktəbinin kollektivi ilə birgə hazırladığı şən və rəngarəng bayram proqramı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Şənlikdə tonqallar alovlandırılıb, milli adət-ənənələr təbliğ olunub. Faytonla meydana daxil olan Bahar qızı və əlində od tutmuş Dədə Qorqud mərasim iştirakçılarını Novruzun gəlişi münasibətilə təbrik edib. Kosanın və Keçəlin məzhəkəli oyunları, gənc idmançıların, pəhləvanların çıxışları, uşaqların ifasında milli və dünya xalqlarının rəqsləri şənliyə xoş əhval-ruhiyyə qatıb.

Qeyd edək ki, tədbirdə ənənəvi olaraq, milli atçılıq oyun növü olan "Çövkən" oyunu nümayiş edilib, qalib komandaya kubok və hədiyyələr verilib.

Kubra Bayramova

Bütün xəbərlər Facebook səhifəmizdə