Xalq Şairi Səməd Vurğunun ev-muzeyində "Vətənimizi və dilimizi qoruyaq!" adlı ədəbi-bədii kompozisiya təqdim olunub. SİA-nın verdiyi xəbərə görə, AYTAM uşaqların mədəni maarifləndirilməsi İctimai Birliyinin (İB) təşəbbüsü ilə gerçəkləşdirilən tədbirə gələn qonaqlar öncə muzeyin foyesində şagirdlərin rəsmlərindən ibarət sərgiyə baxıblar.
Daha sonra muzeyin əməkdaşı Səidə Abdullayeva "Səməd Vurğun yaradıcılığında vətənpərvərlik" mövzusunda məruzə ilə çıxış edib.
Tədbirdə İB-nin sədri Aygün Zamanlı, tarix üzrə fəlsəfə doktoru Məhəmməd Teymurlu, şair-publisistlər Rauf İlyasoğlu, Z.D.Qayalı və başqaları Azərbaycan poeziyasının görkəmli nümayəndəsi S.Vurğunun və bu ocağın yetirdiyi böyük qələm sahibləri – Yusif və Vaqif Səmədoğluların yaradıcılıqlarından danışıb, onların yetişməkdə olan gənc nəslin vətənpərvər ruhda böyüməsi üçün qoyub getdikləri qiymətli ədəbi irsdən söhbət açıblar.
Sonra Xan Şuşinski adına Ağdam Muğam musiqi məktəbinin fortepiano sinfinin və Azərbaycan Milli Konservatoriyası nəzdində musiqi kollecinin şagirdlərinin ifasında Səməd Vurğunun və Vaqif Səmədoğlunun Vətənə, ana dilimizə həsr etdikləri şeirlər əsasında hazırlanmış "Vətənimizi və dilimizi qoruyaq!" mövzusunda ədəbi-bədii kompozisiya təqdim olunub.
Sonda ev-muzeyinin direktoru Nüşabə Vəkilova şagirdlərə, müəllimlərə minnətdarlığını bildirib.
Qeyd edək ki, fərqlənən şagirdlərə, İctimai Birliyin üzvlərinə Vaqif Səmədoğlunun kitabları təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB