“Toska” azərbaycanlı, türk və beloruslu vokalçıların ifasında
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı xaricdən tanınmış opera və balet sənəti ulduzlarının dəvət olunması və onların bizim sənətçilərlə birgə çıxışlarının təşkili istiqamətində uğurlu qastrol fəaliyyətini davam etdirir. SİA-nın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, Opera və Balet Teatrının növbəti qonaqları qardaş Türkiyənin "qızıl səsli sopranosu" Deniz Yetim (Toska) və Belorusun əməkdar artisti Vladimir Qromov (Skarpia) olacaq. Onlar fevralın 27-də keçiriləcək C.Puççininin "Toska" operasının tamaşasında iştirak etmək üçün teatrın rəhbərliyi tərəfindən dəvət olunublar.
Deniz Yetim İstanbul Opera və Balet Teatrının aparıcı solistidir. Bir sıra beynəlxalq müsabiqələrin qalibi olan Deniz Bakıda keçirilən Vokalçıların Bülbül adına VI beynəlxalq müsabiqəsinin Qran-Pri mükafatına layiq görülüb. Dünyanın bir çox ölkələrində ən mötəbər teatr və konsert səhnələrində çıxış edən Deniz Yetimin ifası artıq bakılı sənətsevərlərə tanışdır. 2014-cü və 2015-ci illərdə onun operamızın səhnəsindəki parlaq çıxışlarını tamaşaçılar yaxşı xatırlayırlar.
"Toska" operasının tamaşasında Azərbaycan Opera və Balet Teatrının ən istedadlı solistləri – əməkdar artistlər Fərid Əliyev (Kavaradossi), Əkrəm Poladov (Cəllad), Cahangir Qurbanov (Anjelotti) və xalq artisti Əli Əsgərov çıxış edəcəklər.
Qeyd edək ki, tamaşanın dirijoru xalq artisti, Dövlət Mükafatı laureatı, professor Rauf Abdullayevdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB